Robert Sekuta: "Azərbaycan Prezidentinin ABŞ-a səfəri müsbət nəticələrlə yadda qaldı"

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyini, dövlət başçısı cənab İlham Əliyevin ötən ay ABŞ-a səfərinin əməkdaşlığımızın inkişafında qarşılıqlı marağın təzahürü olduğunu vurğulayıb, hüquqi sahədə əlaqələri, o cümlədən ABŞ-ın ölkəmizdəki səfirliyinin xidmətlərini qeyd edib.

R.Sekuta Azərbaycan Prezidentinin ABŞ-a çox müsbət nəticələrlə yadda qalan səfərinin və keçirdiyi yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açdığını vurğulayaraq mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycanın əhəmiyyətini qeyd edib.

Görüşdə dünyada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə məsələlərinə, habelə hüquq təsisatlarının inkişafı və digər mövzulara dair faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlara maraq göstərilib.

Söhbət zamanı ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və digər əldə edilmiş nailiyyətlər barədə məlumat verilib.

Səfir bu sahədə irəliləyişlərin əldə olunmasında Azərbaycan hökumətinin səylərini alqışlayıb, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə dair niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə