Liderlər xalqlar arasında etimaddan danışıblar

"Bu gün dünya müxtəlif maneələrlə üzləşib. Dialoq əvəzinə sanksiyalar, zorakılıq meyllər müşahidə edilir". SIA-nın xəbərinə görə, bunu Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikoviç Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında çıxış edərkən deyib.

O bildirib ki, Alyans sivilizasiyaların yaxınlaşmasında mühüm rol oynaya bilər: "Bu gün Belarusun hər hansı ölkə ilə ərazi münaqişəsi, mübahisəsi yoxdur, çoxlu sayda xalqlar ölkəmizdə mehriban yaşayırlar. Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada problemlərin həllində aktiv iştirak edir. Bu gün Belarusda Çernobıl qəzasının 30 illiyi qeyd edilir. Bu texnogen qəzanın nəticəsinin aradan qaldırılması gələcəkdə də diqqət mərkəzində olmalıdır. Belarus Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında qəza baş verən zaman da öz dəstəyini əsirgəmədi. Lukaşenko Avrora İttifaqı və Avrasiya İttifaqı arasında inteqrasiya təşəbbüsü ilə çıxış edib. Biz inteqrasiya sahəsində parlamentlərarası əməkdaşlığı da önəmli hesab edirik. İnanırıq ki, Alyansın tribunası da siyasi xarakterli bəyanatlardan uzaq olacaq".

Qətərin baş nazirinin müavini Əhməd bin Abdulla Əl Mahmud isə bildirib ki, ölkəsinin məqsədi təhlükəsiz, çiçəklənən cəmiyyətin qurulmasıdır. "Dialoqun, sülhün təşəkkül tapmasının tərəfdarıyıq. Beləliklə inklüziv cəmiyyətin qurulmasına nail ola bilərik. Müasir dövrdə sivilizasiyalar arasında dialoqun qurulması üçün mənfi stereotiplərin aradan qaldırılması üçün mübarizə aparmalıyıq. Əgər biz lazımi addımlar atmasaq, xalqlar arasında etimad daha da zəifləyəcək. Biz bu halda islamı terrorla bağlayan dairələrin də qarşısını ala bilərik. Söhbət terrorçuluqdan gedirsə, onun sosial, dini kökü ola bilməz. Terrorçuluq nəinki Orta Şərqdə, Qərbdə və Şimalda da özündə təhdid ehtiva edir. Əgər insan başqa bir insanı məhv edirsə, deməli, bütün bəşəriyyətə hücum çəkmiş olur. Ona görə də inklüzivlik bizə çoxdan gözlədiyimiz dəyərləri gətirə bilər. İslam dünyası ilə Qərb dünyası arasında münasibətlərin tənzimlənməsi elə bir konteksti formalaşdırır ki, bu, ekstremistlər tərəfindən istifadə edilir. Qətər hökuməti Alyansın fəaliyyəti ilə bağlı atılacaq addımları qəbul edir. Bu addımlar atılan halda mədəniyyətlər arasında körpü salına bilər. Qətər həm də mətbuat azadlığına dəstək verən ölkədir, terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Hamımızın üzərinə düşəni ümumi öhdəlik odur ki, birgə çalışmalıyıq. Sülhsevər cəmiyyətin qurulmasına, insanlara hörmətlə münasibətlərin bəslənməsinə çalışmalıyıq. Dünya bir kəndə bənzəyir, əl-ələ verərək birgə yaşamalı, sülhü təmin etməliyik. Qətər dövlətinin Bakı Bəyannaməsinə dəstək verdiyini bəyan edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə