Şəhid pilotlarımız dəfn olundu YENİLƏNİB - VİDEO

Bu gün Azərbaycanın şəhid pilotları ilə vida mərasimi keçirilib. SİA-nın məluamtına görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev şəhid pilotlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində iştirak ediblər.

Mərasim Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunub.

Müdafiə naziri Zakir Həsənov şəhid hərbçilərimizin ailələri ilə görüşərək onlara başsağlığı verib: "Mən burda xüsusi qeyd etmək istəyirəm ki, bizim şəhidlərimiz bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirəcək. Ulu öndər Heydər Əliyevin sözlərini təkrar etmək istəyirəm: Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək ruh var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Mən xüsusi qeyd etmək istəyirəm ki, şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq. Allah rəhmət eləsin!".

Vida mərasimindən sonra şəhidlərin cənazələri dəfn olunmaq üçün II Şəhidlər Xiyabanına aparılıb.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılov şəhid olublar. Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə