Siyavuş Novruzov: "Sterliqov mütləq şəkildə cəzasını çəkməlidir” AÇIQLAMA

"Azərbaycanla Rusiya arasında "Cinayət törətmiş şəxlərin verilməsi (ekstradisiya) haqqında" müqavilə mövcuddur. Əgər hər hansı bir Rusiya vətəndaşı Azərbaycan Respublikasının ərazisində cinayət törədibsə, o zaman həmin şəxs ekstradisiya oluna bilər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov qeyd edib ki, rusiyalı biznesmen German Sterliqovun ekstradisiyası üçün kifayət qədər hüquqi əsaslar ortaya qoyulmalıdır: "Rusiya hökuməti də həmin əsaslara baxıb addım atmalıdır. Digər bir tərəfdən Azərbaycan tam məsuliyyəti ilə bütün öhdəlikləri öz üzərinə götürüb və heç bir halda ayrı seçkilikdən söhbət gedə bilməz. Digər məhbuslarla necə davranılırsa, həmin insana da eyni münasibət bəslənəcək. Baxmayaraq ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazi bütövlüyümüzü pozub burada həbs edilən erməni kəşfiyyatçılarına qarşı hər zaman normal münasibət bəslənib. Çünki, Azərbaycan dövləti beynəlxalq hüquq prinsiplərinə uyğun hərəkət edir və qanunlara hörmətlə yanaşır".

YAP rəsmisi onu da vurğulayıb ki, milliyətindən, kimliyindən asılı olmayaraq cinayət törətmiş insanın məsuliyyətə cəlb olunmasında maraqlı olmalıyıq: "Azərbaycana qarşı törədilmiş hər hansısa cinayətin üzərindən keçsək, növbəti cinayətin törədilməsinə səbəb olmuş olacağıq. Bu baxımdan da hesab edirəm ki, rusiyalı biznesmen German Sterliqov hansı bəyanatla çıxış etməyindən asılı olmayaraq mütləq şəkildə cəzasını çəkməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə