435 əcnəbinin adı arzuolunmaz şəxslər siyahısına salınıb

"Hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısında 435 nəfər əcnəbinin adı var". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi brifinqdə məlumat verib.

H. Hacıyev deyib ki, Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş ərazilərimizə əcnəbi vətəndaşlar tərəfindən həyata keçirilən səfərlər Azərbaycan Respublikasının "Dövlət Sərhəddi haqqında" qanunun pozulması deməkdir: "Eyni zamanda əcnəbilər tərəfindən atılan bu addım Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin təsdiqinə, eləcə də işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün təsdiqinə xidmət edir. Ona görə, də bu qəbildən olan adamlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilir".

Onun sözlərinə görə, bir sıra şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edərək adlarının siyahıdan çıxarılmasını xahiş ediblər və müraciətlərə fərdi əsaslarla baxılaraq onlardan 10 nəfərin adı bu siyahıdan çıxarılıb.

H. Hacıyev qeyd edib ki, arzuolunmaz şəxslərın siyahısı 20 fevralda yenilənib.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...