Cenevrə-2 müzakirələrinin ilk turunda irəliləyiş olmayıb

Böyük ümidlərlə başlayan Cenevrə-2 müzakirələrinin ilk turunda hər hansı irəliləyiş olmayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Əsəd rejimini təmsil edən nümayəndə heyəti barışmaz mövqeyindən daşınmayıb. Xarici işlər naziri Vəlid Muallim müzakirələrin son günündə ölkəsində təmkinli bir müxalifət görmədiyini deyib və silahlı qrupların hamısını "terrorçu" olaraq dəyərləndirib.

Muallim, Vaşinqton rəhbərliyini isə müzakirələrə açıq şəkildə müdaxilə etməkdə günahlandırıb. Müxalifət isə keçid hökuməti qurulması və bunun Əsədsiz olması nəzərindən güzəştə getməyib.

Artıq ümidlər 10 gün sonra başlayacaq müzakirələrin ikinci turuna qalıb. Tərəflərin Cenevrədə görüşdüyü bir həftə ərzində isə Suriyada 40 nəfəri aclıqdan olmaqla 1870 insan həyatını itirib.

BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əl Ahdar Əl İbrahimi tərəflər arasında az da olsa ortaq mövqeyə gəlindiyini və ikinci turdan ümidvar olduğunu deyib.

Suriya müxalifəti ikinci tur müzakirələrə qatılacağını açıqlayıb. Əsəd heyəti isə qərar vermək üçün öncə rəsmi Dəməşqə məsləhət etmələrinin lazım olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə