Rusiya və qərb arasında gərginlik davam edir

Rusiya və qərb arasında gərginlik davam edir

"Suriyada PAT vəziyyətindən çıxmaq istiqamətində atılan addımlar daha təhlükəli xarakter almağa başlayıb. Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə ərazisinin artilleriya hücumlarına məruz qalmasına cavab olaraq, Türkiyə qoşunlarının Suriya ərazisinə daxil olub, döyüş aparmasına mandat verib". SİA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransı zamanı Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Qərbin əlində Suriya düyününü açmaq üçün ən əsas vasitə Türkiyədir: "Türkiyənin bu yöndəki fəaliyyəti onun beynəlxalq regional mövqeyini ciddi zərbə altında qoya bilər. Qısa müddət ərzində Tükiyə Suriya münasibətləri xeyli yaxşılaşıb, hətta Tükiyə və Suriyanın liderləri ailəvi dost olublar. Lakin sonra Türkiyə Suriyaya qarşı mövqeyini kəskin sürətdə dəyişdi. Bununla belə Rusiya ilə Türkiyə arasındakı mübahisə Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinə də sirayət edir. Nəticədə uzunmüddətli mübarizənin bünövrəsi qoyulur və həm Rusiya həm də Türkiyənin inkişafının qarşısını alır".

M.Əhmədoğlu həmçinin bildirdi ki, Rusiya və qərb arasında gərginlik davam edir: "Avropa İttifaqı Rusiya üçün viza rejimini aradan qaldırmaqdan imtina edib. Lakin V. Putinin fikirincə, bu məsələdə Aİ-nin Rusiya ilə münasibəti SSRİ-yə olan münasibəti ilə eynidir. Aİ ölkələrinə uçan Rusiya təyyarələrinin pilotlarından da viza tələb oluna bilər. Beləcə, Rusiya ilə ABŞ arasında ritorika yenidən sərtləşdi".

Bütün xəbərlər Facebook səhifəmizdə