Səftər Rəhimli: “İran millətlər zindanıdır”- MÜSAHİBƏ (SƏS TV)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) idarə heyətinin üzvü, Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimlinin SƏS TV-yə müsahibəsi:

- Azərbaycana hədə dolu müraciətlər ünvanlayan fars rejiminin sifarişçiləri olan ziyalılara DAK-ın konkret etiraz bildirməməsi nədən qaynaqlanır?

- Bildiyimiz kimi, fars rejimi son günlərini yaşamaqdadır. Dünyanın bu rejimlə bağlı embarqoları hamıya bəllidir. Fars rejimi son variant olaraq özünün \"ziyalılar\"ından istifadə edərək ömrünü uzatmaq istəyir. Ziyalıların səsləndirdiyi fikirlərə, keçirdikləri konfranslara dünya azərbaycanlıları cavab vermədi desəm düz olmazdı. İranın ideologiyasını ziyalılar arasında yayaraq ziyalıların İranı müdafiə etmək üçün çalışıblar. Demokratikləşmə sistemi gələcəkdə İrana öz təsirini göstərəcək. İran millətlər zindanıdır deyə düşünürəm. Burada yaşayan 40 milyon Azərbaycan türklərinin heç bir hüquqları qorunmur. İranlıların ziyalılarla bağlı təbliğat motivli tədbirlərinə elə də əhəmiyyət vermək lazım deyil. Dünyanın təklif etdiyi formatda öz istəklərimizi ortaya qoymaqla öz mübarizəmizi göstərməliyik. Beynəlxalq hüquq normaları çərçivəsində güney Azərbaycanda haqq və hüquqlarımızı istəməliyik.

- Beynəlxalq təşkilatların və dünya azərbaycanlılarının etirazlarına baxmayaraq Urmiya gölü qurudulmaqda davam edir. Dünya incilərindən sayılan təbiət qoruğuna vandalizm aktının həyata keçirilməsi antiazərbaycanlılar siyasətinin nəticəsi hesab etmək olarmı?

- Urmiya elə bir ərazidən yerləşir ki, dörd yanı türklərin məskunlaşdığı ərazidir. Fars rejimi Azərbaycan parçalanandan bu günə kimi azərbaycanlıların sıx məskunlaşdığı əraziləri digər ərazilərə köçürmək üçün xüsusi proqramlar həyata keçirilir. Urmiya gölündə baş verə biləcək hadisə tək Azərbaycan türklərini deyil, eləcə də bütövlükdə bölgə üçün təhlükəyə çevriləcək. İran çalışır ki, müvəqqəti də olsa Urmiya gölünün qurudulması işini davam etdirsin.

- ABŞ- İsrail müttəfiqliyi İranın bombalanması ilə nəticələnərsə, güneyli azərbaycanlıların hansı mövqeni tutacağı bəllidirmi?

- Bölgədə tarixi ədalətsizlik hökm sürür. Bunu biz ifadə etməklə yanaşı beynəlxalq təşkilatlara çatdırmağımız lazımdır. Parçalanan millətlərin birləşməsi prosesi demək olar ki, bitmək üzrədir. Ancaq biz hələ də parçalanmış vəziyyətdəyik. Beynəlxalq təşkilatlarında özünə məxsus bir formatı var. Elə azərbaycanlılar var ki, İranda siyasi hakimiyyətin dəyişməsini istəyir. Siyasi hakimiyyətin dəyişməsilə demokratik bir sistem yaranarsa, burada azərbaycanlılar çox olduğu üçün hakimiyyətin Azərbaycan tərəfindən idarə olunmasını düşünənlərdə var. Xüsusi olaraq qeyd edim ki, bizə heç bir bölgənin hakimiyyəti lazım deyil. İranın bombalanmasına gəlincə isə müharibə heç bir ölkə üçün xeyir gətirməz. İran rejimi papağını qarşısına qoyaraq fikirləşməlidir ki, burada məskunlaşan millətlərin hüquqlarının tanınması üçün şərait yaradılmalıdır. Əks halda digər dövlətlərdə baş verən müharibənin burada da baş verməsi danılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə