Gürcüstanla sərhədlərin delimitasiyasına dair aparılan danışıqlar başa çatmaq üzrədir

Gürcüstanla sərhədlərin delimitasiyasına dair aparılan danışıqlar başa çatmaq üzrədir



Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində prezident İlham Əliyevin göstərişi ilə 203 min hektar sahədə əkin sahələri üçün yer ayrılıb.

SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə hakim Yeni Azərbaycan partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, indiyədək göstərilən məqsədlər üçün 50-60 min hektar ayrılıb: "Bu işlər 2012-ci ildə tam başa çatacaq. Məqsədimiz odur ki, hər hektardan indiki 5-10 sentner yox, 50-55 sentner məhsul yığılsın".


Komitə sədri qeyd edib ki, əkin sahələri üçün ayrılan ərazi İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Şəmkir və digər rayonları əhatə edir: "Artıq 2012-2020-ci illəri əhatə edəcək növbəti mərhələdə bu ərazilərdə müasir təsərrüfatlar yaradılacaq".


Komitə sədri MDB ölkələri arasında ilk dəfə olaraq delimitasiya prosesini Azərbaycanda başa çatdığını da xüsusi vurğuladı.Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında sərhədlərin delimitasiyasına dair yekun sənədlər imzalanıb: "Bu isə o deməkdir ki, Rusiya Azərbaycanın müstəqilliyini mövcud sərhədlər daxilində tanıyır".


Komitə sədri qeyd edib ki, hazırda Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair aparılan danışıqlar başa çatmaq üzrədir: "İki ölkə arasındakı sərhədlərin ümumi uzunluğu 480 km-dən bir qədər çoxdur. Bunun 300 km-dən çoxu razılaşdırılıb".


Q.Məmmədovun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Supsa və Oğuz-Qəbələ-Bakı layihələri çərçivəsində komitə tərəfindən xəritələr çəkilib: "Eləcə də Bakıda "Nəqliyyatın intellektual idarəetmə sistemi" layihəsi çərçivəsində sifarişli xəritələr hazırlamışıq. Koreya, İsveçrə və Yaponiyadan alınan qrantlar hesabına bir sıra layihələr, o cümlədən kadastr, xəritəçəkmə, topoqrafiya və s. işləri həyata keçirmişik. Biz müasir rəqəmli xəritələr çəkirik ki, bu da o vaxtkı xəritələrdən daha dəqiqdir".


İlahə Vəliyeva


Bütün xəbərlər Facebook səhifəmizdə