“Azərbaycanın tarixi irsi ilə bağlı faktlar elmi mənbələrə əsaslanır” -HƏSƏN HƏSƏNOV
Tarixi iddiaların mənbələrlə əsaslandırılması və informasiya mübarizəsi şəraitində tarixi faktların düzgün təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Qafqazın tarixi coğrafiyası ilə bağlı müxtəlif iddialar səsləndirilir və onların elmi mənbələr əsasında araşdırılması zəruridir.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.
O bildirib ki, tarixi proseslərə qiymət verilərkən ilk növbədə həmin dövrə aid mənbələrə istinad edilməlidir. Onun sözlərinə görə, sonrakı dövrlərdə formalaşmış tarixşünaslıq yanaşmaları ilə ilkin tarixi mənbələr bir-birindən fərqləndirilməlidir:
“Tarixdə ən vacib məsələ mənbədir. Hər hansı bir iddianın irəli sürülməsi hələ onun tarixi həqiqət olduğunu göstərmir. Əsas məsələ həmin iddianın hansı mənbəyə söykənməsidir”.
H.Həsənov qeyd edib ki, Qafqazın tarixi coğrafiyası ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmaların qiymətləndirilməsi zamanı ərazilərin hansı dövrdə hansı siyasi qurumun tərkibində olması, həmin dövrə aid yazılı və arxeoloji materialların nə dediyi araşdırılmalıdır.
Tarixçi vurğulayıb ki, tarixi hadisələrə müasir siyasi yanaşmaların tətbiq edilməsi obyektiv nəticəyə gətirib çıxarmaya bilər. Onun sözlərinə görə, qədim dövrlərə aid hadisələr araşdırılarkən həmin dövrdə mövcud olmuş siyasi və etnik reallıqlar nəzərə alınmalıdır.
Çıxışda informasiya müharibəsinin əhəmiyyətinə də toxunulub. Bildirilib ki, müasir dövrdə tarixi faktların beynəlxalq və yerli informasiya məkanında düzgün təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan media nümayəndələrinin üzərinə mühüm məsuliyyət düşür.
H.Həsənov deyib ki, jurnalistlər tarixi mövzularla bağlı material hazırlayarkən məlumatın mənbəyini, onun etibarlılığını və hansı dövrə aid olduğunu diqqətlə yoxlamalıdırlar. O qeyd edib ki, tarixi faktların cəmiyyətə çatdırılmasında əsas prinsip məlumatın mənbəyə söykənməsi və müxtəlif iddiaların elmi əsaslarla təqdim edilməsidir.
Tarixçi əlavə edib ki, informasiya mübarizəsi yalnız siyasi və ya hərbi məsələlərlə məhdudlaşmır. Tarix və mədəni irslə bağlı məlumatların necə təqdim olunması da bu prosesin mühüm hissəsidir. Bu səbəbdən Azərbaycanın tarixi irsi ilə bağlı faktların elmi mənbələr əsasında araşdırılması və ictimaiyyətə düzgün çatdırılması vacibdir.
Seminarda Qafqaz Albaniyasının tarixi irsi, Azərbaycanın qədim tarixi, mənbəşünaslıq məsələləri və tarixi faktların informasiya məkanında təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB