İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətidir

İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətidir

Azərbaycan İslam dünyasının ayrılmaz parçası olaraq, tarix boyu İslam sivilizasiyasının inkişafına mühüm töhfələr verib. Ölkəmiz bu gün də İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında qarşılıqlı əməkdaşlığın və dostluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi “Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək” fikri ölkəmizin bu məsələyə münasibətini aydın şəkildə ifadə edir.

Azərbaycanın İslam həmrəyliyinə verdiyi önəm yalnız bəyanatlar və çağırışlarla məhdudlaşmır. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda müsəlman dövlətləri arasında əməkdaşlığın inkişafına, qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycanın 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi və həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu istiqamətdə atılmış mühüm addımlardan olub.

Azərbaycanın mədəni və dini irsə münasibəti də İslam həmrəyliyinin praktiki ifadələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, dini abidələrin və müqəddəs məkanların bərpası dövlətimizin milli-mədəni və dini irsimizin qorunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində dini abidələrin bərpasına xüsusi diqqət yetirilir.

Azərbaycanın İslam dünyası ilə əlaqələri yalnız dini sahə ilə də məhdudlaşmır. Siyasi, iqtisadi, humanitar, mədəni və digər istiqamətlərdə qurulan əməkdaşlıq müsəlman ölkələri arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə Azərbaycanı İslam dünyasının mühüm dialoq və əməkdaşlıq məkanlarından birinə çevirir.

Bu baxımdan dini liderlərin fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Onlar cəmiyyətlər arasında qarşılıqlı hörmətin, tolerantlığın, sülhün və həmrəyliyin təşviqində mühüm rol oynayırlar. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi bu sahədə öz zəngin təcrübəsini dünyaya təqdim edir.

İslam həmrəyliyinin gücləndirilməsi müasir dövrdə yalnız müsəlman ölkələri üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq prinsiplərinin möhkəmləndirilməsi xalqlar arasında etimadın artmasına və sülhün təmin olunmasına mühüm töhfə verə bilər.

Azərbaycan bundan sonra da İslam dünyasının həmrəyliyinin gücləndirilməsinə, müsəlman ölkələri arasında dostluq və əməkdaşlığın inkişafına öz əməli fəaliyyəti ilə töhfə verməyə davam edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə əsas məqsəd yalnız sözlərlə deyil, konkret əməli-praktiki addımlarla İslam həmrəyliyini daha da möhkəmləndirməkdir.

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri:

Bütün xəbərlər Facebook səhifəmizdə