"Azərbaycan dini irsə dinindən və mənsubiyyətindən asılı olmayaraq hörmət göstərir" - ŞƏRH EDİLDİ

"Azərbaycan dini irsə dinindən və mənsubiyyətindən asılı olmayaraq hörmət göstərir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın müasir dövlət siyasətinin mühüm istiqamətlərindən biri dini irs nümunələrinə maksimum dərəcədə hörmətlə yanaşılmasıdır. Bu münasibət dini irs nümunələrinin qorunub saxlanılması, zərurət yarandıqda bərpa edilməsi, kənar müdaxilələrdən mühafizəsi, dini identikliyinin qorunması və müxtəlif dini irs nümunələrinin yad iddiaçılar tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması kimi istiqamətlərdə özünü göstərir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən siyasətin əsas nəticələrindən biri Azərbaycanda dini həmrəyliyin təmin olunmasıdır:

"Azərbaycanda müxtəlif dinlərin nümayəndələri icmalar şəklində yaşayırlar. Ölkədə katolik, pravoslav, dağ yəhudiləri, aşkenazi yəhudiləri və müsəlman icmaları mövcuddur. Bu icmaların daxilində müxtəlif təmayüllərin, istiqamətlərin və məzhəblərin olmasına baxmayaraq, Azərbaycan hər hansı dinə münasibətdə məzhəb və ya təriqət ayrı-seçkiliyinə əsaslanan mövqe nümayiş etdirmir. Əksinə, hər bir dinə onun bütövlüyü kontekstində yanaşmaq dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bu nöqteyi-nəzərdən Azərbaycanın dini siyasəti həm ölkə daxilində dini həmrəyliyin formalaşmasına xidmət edir, həm də beynəlxalq müstəvidə Azərbaycanın dini tolerantlıq imicinin möhkəmlənməsinə əsas yaradır. Azərbaycana müxtəlif səbəblərdən tənqidi və ya mənfi münasibət bəsləyən ayrı-ayrı mərkəzlər və ölkələr belə ölkədə dini icmaların sistemli şəkildə təqib olunması ilə bağlı əsaslandırılmış fakt ortaya qoya bilməyiblər.

Bu gün Azərbaycanla bağlı beynəlxalq müstəvidə geniş qəbul edilən məqamlardan biri də dini tolerantlığın yalnız dövlət siyasəti səviyyəsində deyil, eyni zamanda ictimai davranış formasına çevrilməsidir.

Bu baxımdan müxtəlif pirlərin, məscidlərin və digər dini irs nümunələrinin bərpa olunması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu, bir tərəfdən ölkədə dini tolerantlıq siyasətinin ardıcıl həyata keçirildiyini göstərir, digər tərəfdən isə Azərbaycanın yalnız İslam dini irsinə deyil, digər dinlərə məxsus dini-mədəni irsə də hörmətlə yanaşdığını nümayiş etdirir.

Eyni zamanda Təzə Pirin, Şamaxıdakı pirin bərpadan sonra ziyarət olunması ilə Qarabağdakı alban-xristian irsi nümunələrinə baxışın təxminən eyni dövrə təsadüf etməsi də diqqət çəkir. Əvvəlcə Qarabağdakı xristian dini irs nümunələrinə baxış keçirildi və onların vəziyyəti ictimaiyyətə təqdim olundu, daha sonra isə Şamaxıda İslam dini irsinə aid nümunələr ziyarət edildi.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda dövlət dini irs nümunələrinə dinindən və mənsubiyyətindən asılı olmayaraq qayğıkeş münasibət göstərilməsini əsas istiqamətlərdən biri hesab edir. Bu yanaşma həm dini irsin qorunmasına, həm də ölkədə müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə