“Azərbaycanın TDT çərçivəsində təşəbbüsləri Türk dünyasının birliyini gücləndirir“ -DEPUTAT DANIŞDI
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında dayanan əsas çağırışların və gələcək hədəflərin aydın mənzərəsini ortaya qoyur”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təşviqinə mühüm töhfə verən nüfuzlu beynəlxalq təşkilatdır:
” TDT Təhlükəsizlik Şuraları katiblərinin Bakıda keçirilən beşinci toplantısı da təşkilat daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız hərbi və fiziki təhlükələrlə məhdudlaşmır. Terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, kiberməkanda və informasiya sahəsində təhdidlər, enerji və nəqliyyat təhlükəsizliyi kimi məsələlər dövlətlərin birgə fəaliyyətini və operativ informasiya mübadiləsini zəruri edir. Bu baxımdan TDT məkanında təhlükəsizlik qurumları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsü ilə TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsi ölkəmizin Türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimiz geniş coğrafi məkanda yerləşməklə yanaşı, mühüm enerji və nəqliyyat dəhlizlərinə sahibdir. Bu amil Türk dövlətlərinin yalnız öz aralarında deyil, daha geniş coğrafiyada iqtisadi və strateji əməkdaşlığın inkişafında rolunu artırır.
Xüsusilə Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında və Mərkəzi Asiya ölkələrinin resurslarının Xəzər üzərindən tranzitində oynadığı rol ölkəmizin Türk dünyası daxilindəki strateji əhəmiyyətini daha da artırır. Enerji təhlükəsizliyi ilə nəqliyyat bağlantılarının qarşılıqlı əlaqəsi bugünkü geosiyasi reallıqlarda xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakteri isə Türk dünyasında mövcud həmrəyliyin ən mühüm nümunələrindən biridir. Tarixi, mədəni, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində dərin əlaqələrə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyi Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksəlib. Eyni zamanda, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında müttəfiqlik və dostluq münasibətlərinin möhkəmlənməsi TDT daxilində qarşılıqlı etimadın və həmrəyliyin daha da güclənməsinə xidmət edir.
Türk dünyasının gücü yalnız iqtisadi və siyasi potensialla ölçülmür. Ortaq etnik köklər, dil, mədəniyyət, tarix, milli və mənəvi dəyərlər xalqlarımızı birləşdirən mühüm amillərdir. Bu mənəvi bağların gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin gənclər təşkilatları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı fikirləri də məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bu gün gənclərin qarşılıqlı əlaqələrinin genişləndirilməsi, müxtəlif forumların, konfransların və birgə layihələrin keçirilməsi Türk dövlətlərinin gənc nəslinin bir-birini daha yaxından tanımasına, ortaq dəyərlər ətrafında daha sıx birləşməsinə imkan yarada bilər. Türk dünyasının gələcək gücü həm də bu mənəvi və humanitar bağların nə dərəcədə möhkəm olmasından asılıdır.
Dövlətimizin başçısının çıxışında mühüm yer tutan məsələlərdən biri də beynəlxalq hüququn aliliyidir. Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmamasının doğurduğu nəticələrlə üzləşmiş ölkə kimi bu məsələnin əhəmiyyətini yaxşı bilir. Ermənistanın işğal siyasəti nəticəsində torpaqlarımızın uzun illər işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması beynəlxalq hüququn mexanizmlərinin səmərəli işləməsinin vacibliyini bir daha göstərdi.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquqa əsaslanan ədalətin təmin olunmasının mümkünlüyünü nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin beynəlxalq hüququn aliliyinin qorunması və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən effektiv mexanizmlərin formalaşdırılması ilə bağlı fikirləri yalnız Azərbaycanın deyil, beynəlxalq münasibətlər sisteminin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas vəzifələrdən biri də mövcud potensialından maksimum istifadə etməklə beynəlxalq proseslərdə daha fəal rol oynamaqdır. Böyük ərazi, əhəmiyyətli təbii sərvətlər, gənc və artan əhali, güclü iqtisadi potensial, mühüm enerji və nəqliyyat dəhlizləri TDT ölkələrinin imkanlarını daha da genişləndirir.
Hesab edirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi bu strateji istiqamətlər Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə, üzv dövlətlər arasında təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə, Türk dünyasının beynəlxalq arenada söz və təsir imkanlarının artmasına mühüm töhfə verəcək.
Azərbaycan Türk dünyasının ayrılmaz parçası kimi bundan sonra da TDT-nin gücləndirilməsi, üzv dövlətlər arasında qarşılıqlı etimadın və həmrəyliyin möhkəmləndirilməsi, sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində fəal siyasət həyata keçirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB