Bəzən insanın ən böyük qorxusu ölümün özü olmur. Ən ağır qorxu sevdiyin insanı itirmək ehtimalıdır. Elə bir ehtimal ki, hələ baş verməyib, amma zehnində hər gün, hər saat, hər dəqiqə yaşanır. Telefon gec cavablandırılanda ürəyin sıxılır, gecə gələn naməlum zəng səni vahiməyə salır, “birdən nəsə olub” fikri saniyələr içində bütün bədənini əsir alır. Məhz bu düşüncələr panik atak keçirən insanların həyatını çətinləşdirən ən ağır yükə çevrilə bilir.
Panik atak yaşayan insan çox vaxt bunu ətrafına izah edə bilmir. Çünki başqaları onun qorxusunu şişirdilmiş hesab edir. Halbuki həmin insan üçün hər kiçik gecikmə, hər cavabsız zəng, hər xəbər gözləmə anı sanki dünyanın sonuna çevrilir. Ürək döyüntüsü sürətlənir, nəfəs daralır, əllər titrəyir, bədən təhlükə siqnalı verir. Əslində isə təhlükə çox vaxt yalnız insanın beynində qurduğu ssenaridir.
Əzizini itirmək qorxusu sevgidən doğulur. İnsan dəyər verdiyini itirmək istəmir. Ancaq bu sevgi zamanla nəzarətsiz qorxuya çevriləndə insan həm özünü, həm də sevdiklərini yormağa başlayır. Gün ərzində dəfələrlə zəng etmək, hər dəqiqə harada olduğunu soruşmaq, pis hadisələri xəyalında canlandırmaq artıq qayğı deyil, psixoloji yükdür. Bu yük insanın həyat keyfiyyətini əlindən alır.
Ən acısı isə odur ki, panik atak keçirən insan çox vaxt bugünü yaşaya bilmir. O, hələ baş verməmiş sabahın faciəsini yaşayır. Sevdiyi insan yanındadır, gülür, danışır, həyat davam edir. Amma beynində qurduğu qorxular ona həmin anın sevincini hiss etməyə imkan vermir. O, xoşbəxt olduğu günlərdə belə, gələcəkdə baş verə biləcək itkini düşünərək bu günü də kədərlə yaşayır.
Həyatda heç kim itkilərdən tam sığortalanmayıb. Bu, acı da olsa, həyatın dəyişməz həqiqətidir. Amma hələ baş verməmiş hadisələrin yasını indidən tutmaq da insandan ömrünü oğurlayır. Qorxu insanı təhlükədən qorumalı olduğu halda, bəzən onun yaşamaq həvəsini əlindən alır.
Əzizini itirmək qorxusu ilə yaşayan insanlar çox vaxt güclü görünürlər. Onlar hər kəsin qayğısına qalır, hər şeyi nəzarətdə saxlamağa çalışırlar. Amma daxildə böyük bir yorğunluq daşıyırlar. Çünki insan taleyi idarə edə bilməz. Nə qədər istəsə də, sevdiklərini hər təhlükədən qoruya bilməz. Bunu qəbul etmək isə çox çətin olsa da, psixoloji rahatlığın ilk addımlarından biridir.
Panik atak zəiflik əlaməti deyil. Bu, insanın psixikasının uzun müddət davam edən gərginliyə verdiyi reaksiyadır. Belə hallarda qorxunu gizlətmək əvəzinə onu qəbul etmək, yaxınlarla bölüşmək və ehtiyac olduqda psixoloji dəstək almaq ən doğru yoldur. Çünki susduqca qorxu böyüyür, danışdıqca isə yük yüngülləşir.
Ən böyük həqiqət isə budur: sevdiklərimizi qorumağın ən gözəl yolu onları hər gün qorxu ilə izləmək deyil. Onlarla keçirdiyimiz anların qədrini bilmək, sevgimizi söyləmək, inciklikləri uzatmamaq və bu günü yaşamaqdır. Çünki həyatın bizə verdiyi ən böyük hədiyyə sabahın zəmanəti deyil, bu günün varlığıdır. Bəzən bir qucaqlaşma, bir xoş söz, bir “özünə yaxşı bax” cümləsi illərlə deyilə bilməyən hisslərdən daha qiymətli olur.
Qorxu sevgini məhv etməməlidir. Əksinə, sevgi insana yaşamaq, güvənmək və hər günün dəyərini anlamaq gücü verməlidir. Çünki həyat qorxularımız qədər uzun deyil, xatirələrimiz qədər qiymətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB