“Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib” -DEPUTAT DANIŞDI
”Rəqəmsal inkişaf və innovasiya sahəsində qanunvericilik islahatlarının əhəmiyyəti
Bu gün dünya sürətli rəqəmsal transformasiya dövrünü yaşayır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalar, süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları, kibertəhlükəsizlik və innovasiya əsaslı iqtisadiyyat qlobal inkişafın əsas hərəkətverici qüvvələrinə çevrilmişdir:
”Bu keçid dövrünün çağırışlarına vaxtında uyğunlaşan ölkələr rəqabət üstünlüyü qazanır, iqtisadiyyatlarını daha dayanıqlı və innovativ model əsasında inkişaf etdirərək qlobal bazarlarda mövqelərini gücləndirirlər.
ABŞ, Çin, Cənubi Koreya, Sinqapur və Avropanın bir sıra inkişaf etmiş ölkələri rəqəmsal transformasiya sahəsində mühüm nailiyyətlər əldə etmiş, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosistemi, rəqəmsal dövlət xidmətləri və yüksək texnologiyalar sahəsində zəngin təcrübə formalaşdırmışlar. Bu təcrübə göstərir ki, rəqəmsal inkişafın əsas şərtlərindən biri müasir tələblərə cavab verən çevik və təşviqedici hüquqi mühitin yaradılmasıdır.
Azərbaycan da qlobal inkişaf meyillərini nəzərə alaraq rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu istiqamətdə 11 fevral 2025-ci il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilmişdir. Həmin qərarlara əsasən Azərbaycan Respublikasının Rəqəmsal Şurası yaradılmış və Şuraya Birinci vitse-prezident Mehriban xanım Əliyeva sədr təyin olunmuşdur. Bu qərar rəqəmsal inkişafın vahid strateji idarəetmə mexanizmi əsasında həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra, 27 fevral 2025-ci il tarixində "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq edilmiş və bu sənəd ölkənin kibertəhlükəsizlik strategiyası ilə uzlaşdırılmışdır. Bu yanaşma təsadüfi deyildir. Çünki müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. Rəqəmsal infrastrukturun, dövlət informasiya sistemlərinin, kritik informasiya infrastrukturunun və vətəndaş məlumatlarının etibarlı qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Rəqəmsal suverenliyin təmin olunması artıq dövlət müstəqilliyinin əsas elementlərindən biri hesab olunur.
29 iyun tarixində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal Şuranın ilk iclasında Fəaliyyət Planının icra vəziyyəti geniş müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bu isə göstərir ki, rəqəmsal transformasiya yalnız texnoloji layihələrin həyata keçirilməsi deyil, həm də institusional idarəetmə, normativ-hüquqi baza və dövlət siyasətinin koordinasiyalı şəkildə həyata keçirilməsini tələb edir.
Şübhəsiz ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün müasir qanunvericilik bazası formalaşdırılmadan bu sahədə davamlı nəticələr əldə etmək mümkün deyildir. Buna görə də Azərbaycan Respublikasının Milli Məclisinin qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq təcrübəni öyrənərək innovasiya, rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində müasir hüquqi çərçivəni formalaşdırmaqdır.
Bu baxımdan hazırlanmış qanunvericilik islahatları paketi xüsusi əhəmiyyət daşıyır. Paket çərçivəsində 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabinetinin qərarına dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər rəqəmsal iqtisadiyyatın inkişafını stimullaşdıran, innovasiya fəaliyyətini təşviq edən və yüksək texnologiyalar sahəsinə investisiyaların cəlb edilməsinə xidmət edən kompleks hüquqi mexanizmlərin yaradılmasına imkan verəcəkdir.
Fəaliyyət Planında əsas strateji məqsədlər innovasiya ekosisteminin maliyyə dayanıqlılığının gücləndirilməsi, İKT məhsul və xidmətlərinin ixracının artırılması, yüksək əlavə dəyər yaradan texnologiya şirkətlərinin inkişafı və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir. Bu məqsədlərə nail olmaq üçün vençur maliyyələşməsi, kraudfandinq (crowdfunding), mələk investorlar (angel investors) institutunun hüquqi bazasının formalaşdırılması, innovasiya fondlarının yaradılması və özəl investisiyaların stimullaşdırılması mühüm əhəmiyyət daşıyır.
Hüquqi islahatlar nəticəsində ilk dəfə olaraq qanunvericiliyə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi, frilanser fəaliyyəti, rəqəmsal platformalar və digər müasir iqtisadi münasibətləri əks etdirən anlayışların daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, vençur kapitalı fondlarının hüquqi statusu müəyyən edilir və onların fəaliyyət mexanizmi beynəlxalq standartlara uyğun tənzimlənir.
Qanunvericilik təşəbbüsləri texnologiya şirkətlərinin inkişafını stimullaşdıran mühüm vergi güzəştlərini də nəzərdə tutur. Belə ki, rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər üçün 20 il müddətinə vergi güzəştlərinin tətbiqi, yüksək ixtisaslı texnologiya mütəxəssisləri üçün gəlir vergisinin 0 faiz müəyyən edilməsi, sosial sığorta yükünün azaldılması, SaaS və bulud xidmətlərinə tətbiq olunan vergi maneələrinin aradan qaldırılması, texnoloji avadanlıqların idxalının gömrük rüsumu və ƏDV-dən azad olunması təklif edilir.
Bununla yanaşı, Azərbaycanda ilk dəfə olaraq beynəlxalq investisiya praktikasında geniş istifadə olunan SAFE (Simple Agreement for Future Equity) və Convertible Note investisiya alətlərinin qanuniləşdirilməsi nəzərdə tutulur. ESOP (Employee Stock Ownership Plan) mexanizminin hüquqi status qazanması isə startapların yüksək ixtisaslı mütəxəssisləri şirkətin gələcək inkişafında pay sahibi olmaq imkanları ilə cəlb etməsinə şərait yaradacaqdır.
İslahatlar çərçivəsində vençur investisiyalarının gəlirlərinin vergidən azad edilməsi, kraudfandinq mexanizminin hüquqi tənzimlənməsi, tədqiqat və inkişaf (R&D) xərclərinin 2,5 əmsalla vergitutulan mənfəətdən çıxılması, patentlərin, proqram təminatının və digər intellektual mülkiyyət obyektlərinin kommersiyalaşdırılması üçün vergi təşviqlərinin tətbiqi də nəzərdə tutulur. Eyni zamanda innovasiya fəaliyyətində uğursuz eksperimentlərin sahibkarlar üçün əlavə vergi riski yaratmaması məqsədilə xüsusi hüquqi mexanizmlərin yaradılması planlaşdırılır ki, bu da innovativ fəaliyyətə marağı artıracaqdır.
Mühüm yeniliklərdən biri də "Rəqəmsal səyyah" (Digital Nomad Visa) proqramının tətbiqidir. Bu mexanizm xarici yüksək ixtisaslı mütəxəssislərin və texnologiya sahibkarlarının ölkəyə cəlb edilməsinə, beynəlxalq bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də Azərbaycanın qlobal innovasiya ekosisteminə inteqrasiyasına mühüm töhfə verəcəkdir.
Bundan başqa, texnologiya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması, beynəlxalq ödəniş mexanizmlərinin sadələşdirilməsi, dövlət satınalmalarında startaplar və innovativ məhsullar üçün xüsusi imkanların yaradılması, pilot layihələrin maliyyələşdirilməsi və dövlət tərəfindən innovativ həllərin əldə olunmasının təşviqi də nəzərdə tutulur. Bu yanaşma innovativ məhsulların bazara çıxışını asanlaşdıracaq, dövlət-özəl sektor əməkdaşlığını gücləndirəcək və yerli texnologiya şirkətlərinin inkişafına əlavə stimul verəcəkdir.
Bütövlükdə həyata keçirilməsi nəzərdə tutulan qanunvericilik islahatları Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üçün yeni hüquqi və institusional mühit formalaşdıracaqdır. Bu islahatlar investisiya mühitinin yaxşılaşmasına, innovasiya ekosisteminin genişlənməsinə, rəqabətqabiliyyətli startapların yaranmasına, yüksək texnologiyaların inkişafına, süni intellekt və kibertəhlükəsizlik sahələrinin güclənməsinə, rəqəmsal dövlət xidmətlərinin daha da təkmilləşdirilməsinə və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcəkdir.
Rəqəmsal inkişaf sahəsində həyata keçirilən qanunvericilik islahatları yalnız yeni hüquqi normaların qəbulu deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Güclü hüquqi baza innovasiya fəaliyyətinin genişlənməsinə, xarici və yerli investisiyaların artmasına, yüksək texnologiyalar sənayesinin inkişafına, rəqəmsal suverenliyin möhkəmlənməsinə və ölkəmizin Cənubi Qafqazın aparıcı rəqəmsal texnologiyalar və innovasiya mərkəzinə çevrilməsinə mühüm töhfə verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB