"Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə təkcə yaşayış məntəqələri deyil, həm də ölkənin zəngin tarixi, mədəni və dini irsi ciddi dağıntılara məruz qalıb. Bu məsələ uzun illər ərzində regional münaqişənin humanitar və mədəni ölçülərindən biri kimi rəsmi Bakı tərəfindən beynəlxalq müstəvidə müzakirələrə çıxarılır".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, xüsusilə Azərbaycan xalqının mənəvi yaddaşının ayrılmaz hissəsi olan məscidlərin, türbələrin, qəbiristanlıqların və digər dini abidələrin dağıdılması həmin dövrün ən ağrılı nəticələrindən biri hesab olunur:
"Müxtəlif hesabatlarda işğal dövründə Azərbaycanın mədəni irsinə vurulan zərərin miqyası geniş şəkildə əks olunub. Məscidlərin dağıdılması və ya təhqiredici məqsədlərlə istifadə edilməsi təbii olaraq həm maddi irsə, həm də dini və mənəvi dəyərlərə qarşı yönəlmiş addım kimi qiymətləndirilir. Bu baxımdan, 67 məsciddən 65-nin dağıdılması barədə faktlar regionda mədəni irsin qorunması məsələsinin nə qədər ciddi problemə çevrildiyini göstərir.
2020-ci ildən sonra yaranmış yeni reallıq fonunda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri azad olunmuş ərazilərdə tarixi və dini abidələrin bərpası oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramları təkcə infrastrukturun bərpasını deyil, həm də mədəni irsin dirçəldilməsini əhatə edir. Məscidlərin, tarixi komplekslərin və digər dini məkanların yenidən qurulması həmin ərazilərin əvvəlki tarixi-mədəni simasının bərpasına xidmət edir.
Bu prosesin diqqətçəkən cəhətlərindən biri ondan ibarətdir ki, bərpa işləri yalnız İslam irsi ilə məhdudlaşmır. Azərbaycan dövləti müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına xüsusi önəm verdiyini nümayiş etdirir. Bu yanaşma ölkənin multikulturalizm və dini tolerantlıq siyasəti ilə də uzlaşır. Beləliklə, həyata keçirilən layihələr təkcə keçmişin izlərini bərpa etmək deyil, həm də gələcək nəsillər üçün tarixi yaddaşı qorumaq məqsədi daşıyır.
Digər tərəfdən, dağıdılmış abidələrin bərpası beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır. Bu, münaqişədən sonrakı dövrdə revanşizm və qarşıdurma deyil, quruculuq və dirçəliş xəttinin seçildiyini nümayiş etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr göstərir ki, mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir.
Ümumiyyətlə isə, işğal dövründə Azərbaycanın dini və mədəni irsinə vurulan zərər təkcə bir ölkənin deyil, ümumbəşəri mədəni irsin itkisi kimi qiymətləndirilməlidir. Bu gün aparılan bərpa və yenidənqurma işləri isə həm tarixi ədalətin bərpasına, həm də regionun mədəni həyatının yenidən canlandırılmasına xidmət edən mühüm prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB