"Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bugünkü vəziyyəti bir qədər fərqlidir. Fərq ondadır ki, bir tərəfdən Azərbaycan və Avropa İttifaqına daxil olan bir sıra dövlətlər - təxminən 9 dövlət arasında strateji tərəfdaşlıq müqavilələri mövcuddur". Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.
O bildirib ki, bu müqavilələr həmin ölkələrlə münasibətləri Azərbaycanın prioritet xarici siyasət istiqamətlərinə çevirir: "Bununla paralel olaraq Azərbaycanın enerji diplomatiyasında Avropa İttifaqı ölkələrinin bir çoxu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qazı şaxələnmiş formada TAP (Trans-Adriatik Boru Kəməri) layihəsi vasitəsilə Avropaya çatdırılır və Cənub Qaz Dəhlizi bu prosesin ən vacib nümunələrindən biri sayıla bilər.
İkinci bir məsələ isə Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində atdığı addımlardır ki, bu da Avropa İttifaqı ilə münasibətlərə mühüm təsir göstərir. Siyasi tərəfə baxdıqda isə biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə müəyyən bir gərginlik və ya soyuqluq olduğunu görə bilirik. Avropa İttifaqında liderlik edən Fransa və bəzi digər ölkələr zaman-zaman Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində - indi artıq münaqişə başa çatdığı üçün - münasibətlərin qurulmasında nəinki yardım etmirlər, əksinə, münasibətlərin gərginləşməsinin tərəfdarı kimi çıxış edirlər. Fransanın Ermənistana silahlandırma cəhdləri və s. bu gərginliyin açıq nümunələridir. Hal-hazırda Avropa İttifaqının mülki missiyası adı altında keçmiş hərbçilərdən və təhlükəsizlik işçilərindən ibarət qrupun Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi də bu dediyimiz siyasi gərginliyin bir təzahürü ola bilər. Təbii ki, 8 avqustdan sonra Ermənistan və Azərbaycan arasında münasibətlər yeni bir mərhələyə, yeni bir məzmuna keçib. Düşünürəm ki, Avropa İttifaqı da əgər bu dəyişiklik prosesində özünü müsbət tərəfdən göstərərsə, tərəflər arasında münasibətlərin düzəlməsi və inkişaf etdirilməsi üçün perspektiv mövcuddur. Amma hələlik bu baş vermir və ya bunu etmək istəmirlər. Bəlkə də burada müəyyən siyasi məqsədlər güdürlər. İqtisadi baxımdan maraq göstərsələr də, siyasi baxımdan bu marağı nümayiş etdirmirlərsə, bu artıq tərəflər arasında gərginliyin davam etməsinə səbəb olur.
Düşünürəm ki, Azərbaycanın haqlı xarici siyasət mövqeyi Avropa İttifaqı tərəfindən qəbul edilməlidir. Artıq regionda münaqişənin bitdiyini, xüsusilə Fransa qəbul etməli, bu istiqamətdə tərəflərə dəstək verməli və münasibətlərin inkişafına töhfə verməlidir. Yəni Avropa İttifaqı daxilindəki bəzi qüvvələrin mövqeyi bütün təşkilatı Azərbaycana qarşı yönəltməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə