Milli Məclisin deputatı Sevinc Fətəliyevanın SİA-ya müsahibəsini təqdim edirik:
- Azərbaycan-Çin münasibətləri bizə nə verir, regiona nələr vəd edir?
- Prezident İlham Əliyevin Çinə səfəri, həqiqətən də tarixi hadisə oldu. Ona görə ki, bu, iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin qədəm qoymasına səbəb oldu. Dünyada güc balansının dəyişməsi fonunda Çinin rolu getdikcə artır. Əsrlərlə Çin dünyanın aparıcı qüvvəsi kimi fəaliyyət göstərən bir dövlətdir. Lakin bu gün də həm iqtisadi məsələlərdə, həm də siyasi məsələlərdə Çinin çəkisi kifayət qədər çoxdur. Dünyada bir neçə böyük güc varsa, Çin onların arasındadır. Çinin Azərbaycana olan marağı həm Azərbaycanın nüfuzunun artmasına, həm də Çinin Cənubi Qafqaz regionunda məhz Azərbaycanla sıx əməkdaşlıq etməsi düşünürəm ki, hər iki dövlət üçün faydalıdır. Bu səfər tarixi səfər oldu. Ötən il Çinlə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında bəyannamə qəbul olunmuşdu. Artıq bu səfər çərçivəsində iki dövlət arasında hərtərəfli strateji əməkdaşlıq haqqında sənəd imzalandı. Əgər biz imzalanan sənədlərə nəzər salsaq, düşünürəm ki, elə bir sahə yoxdur ki, orada öz əksini tapmasın. Bu strateji bəyannamənin imzalanmasından sonda bir il ərzində Azərbaycan-Çin münasibətləri dinamik inkişaf edirdi. Bu, həm qarşılıqlı səfərlər, həm iqtisadi, siyasi, partiyalararası münasibətlərdə özünü göstərirdi. Bu əməkdaşlıq, münasibətlər logistika, tranzit məsələlərinə aid idi. Bu gün həm iqtisadi-ticari əlaqələrin genişlənməsi var. Nəzərə alsaq ki, 2024-cü il üzrə Azərbaycanla Çin arasında ticari əlaqələrin o qədər geniş inkişaf etməsi buna gətirib çıxardı ki, Çin Azerbaycan üçün dördüncü böyük tərəfdaş kimi qeyd olunur. Burada həmçinin yaşıl enerji məsələləri də böyük rol oynayır. Çünki gündəmdə olan əsas məsələ yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi, burada Çinin həm təcrübəsi, həm də kifayət qədər geniş imkanlara malik olması əhəmiyyətlidir. Bilirik ki, Çin dünyada külək enerjisi sahəsində aparıcı rola malikdir. Burada Çinin təcrübəsi bizim üçün çox vacibdir. Eyni zamanda bu istiqamətdə birgə fəaliyyət onu göstərir ki, siyasi məsələlərdə olduğu kimi bu məsələlərdə də bizim ortaq baxışlarımız, mövqelərimiz mövcuddur. Burada həm mədəni, həm təhsil sahələrini, televiziya , media sahəsində əməkdaşlığı qeyd etmək olar. Bütün sahələri əhatə edən əməkdaşlıq həm Azərbaycan, həm də Çin üçün önəmlidir.
- Azərbaycan və Çin münasibətlərinin inkişafı ölkəmiz üçün nə qədər önəmlidir?
- Güclü iqtisadiyyatı, dünyada söz sahibi olan dövlətlə bu cür əməkdaşlıq Azərbaycan üçün yeni imkanların açılmasıdır. Eyni zamanda bu, onu göstərir ki, bu gün Azərbaycanın mövqeyi dünyada qəbul olunur, dəstəklənir. Azərbaycanla əməkdaşlıq Çin üçün maraqlıdır. Torpaqlarımızın azad olunmasından sonra təmizlənmə məsələlərini qeyd etmək olar. Çin bu məsələlərdə iştirak etmək niyyətini ifadə etdi. Baxmayaraq ki, çox uzaq məsafədə yerləşirik, Azərbaycan gənc və böyük olmayan bir dövlətdir, Çinin Azərbaycana olan marağı həm ölkələr arasında qarşılıqlı marağın olmasını göstərir, həm də bu gün Çinin Cənubi Qafqazda öz marağını göstərir. Bu dövlətlər arasında Azərbaycanı seçməsi onu göstərir ki, Azərbaycan, həqiqətən, istər Qərb, istər Şərq üçün, istər Asiya dövlətləri üçün etibarlı tərəfdaş kimi qəbul olunur. Düşünürəm ki, bu, ilk növbədə dünyaya bir mesajdır ki, bu gün Azərbaycanla Çin bu qədər yüksək səviyyəli tərəfdaşlıq, əməkdaşlıq niyyətindədirsə, maraqlıdırsa, deməli, Azərbaycan böyük imkanlara malik olan bir dövlətdir. Burada siyasi məsələləri də qeyd etmək lazımdır. Azərbaycan və Çin dövləti arasında beynəlxalq təşkilatlarla ortaq mövqedən, qarşılıqlı dəstək məsələləri öz əksini tapır. Bu gün həm strateji bəyannamə çərçivəsində, eyni zamanda hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəddə də öz əksini tapır. Odur ki, dünyada gedən proseslərə Azərbaycan və Çin hörmət, bərabərhüquqlu əməkdaşlıq məsələlərini üstün tutur. Onu da qeyd etmək lazımdır ki, bu gün dünyada gedən proseslər onu göstərir ki, bəzi böyük dövlətlər əgər əməkdaşlıq edirlərsə, bu, hər hansı təzyiqlərlə özünü göstərə bilər. Həm hərbi, həm mədəni məsələlərdə, siyasi maraqların qəbul olunması məsələlərində özünü göstərir. Lakin Çin yeganə ölkədir ki, heç vaxt əməkdaşlığını hansısa təzyiqlər üzərində qurmur. Yalnız qarşılıqlı maraq və faydalı əməkdaşlıq əsasında qurur. Düşünürəm ki, bu yanaşma ona zəmin yaradır ki, Azərbaycan üçün Çinlə əməkdaşlıq həm mədəni əlaqələrin genişlənməsidir. Bu gün Azərbaycanda Çin dilinə böyük maraq var. Tələbə mübadiləsi, təhsil sahəsində əməkdaşlıq məsələlərinə də çox böyük diqqət yetirilib, imzalanmış sənədlərdə öz əksini tapıb.
- Azərbaycan və Çin arasında birgə universitetin yaradılması bizə nə verəcək?
- Bir var siyasi iradə, dövlət başçılarının həm şəxsi münasibəti, həm dövlət və millətlərin maraq, mövqelərinə xidmət edən əməkdaşlıq, bir də var ki, xalqlararası əməkdaşlığın inkişafı məsələsi. Bunun da əsasında siyasət durmur. Bunu metroda əsasında təhsil, elm, mədəniyyət durur. Ortaq universitetin yaradılması, xalqlararası münasibətlərin daha da yaxın olması və Azərbaycanda gedən proseslərin Çində düzgün qəbul olunması mediadan asılıdır. Çünki çox təəssüflər olsun ki, bəzi dövlətlərdə, dünya mediasında Azərbaycana qarşı qarayaxma məqalələrlə rastlaşırıq. Amma əməkdaşlığın, təhsil sahəsində, xalqlar arasında münasibətlərin daha da yaxın olması üçün bütün şəraitlər yaradılır.
- Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında saziş imzalanıb. Bu, Azərbaycan iqtisadiyyatı və turizmi üçün nə vəd edir?
- Vizadan azad olunmaq çox əhəmiyyətli məsələdir. Azərbaycanın bu istiqamətdə kifayət qədər geniş təcrübəsi var. Lakin Çinlə bu cür razılaşmanın əldə olunması həm turizmin inkişafı üçün əhəmiyyətlidir. Azərbaycan tərəfi üçün Çinə gedib-gəlmək məsələsi həmişə maraq dairəsində idi. Azərbaycanın Çindən uzaq məsafədə yerləşməsi nəzərindən, eyni zamanda çox əhalisi olan dövlət üçün Azərbaycanı nə qədər maraqlandırmaq məsələsi çox önəmli və kifayət qədər çətin məsələdir. Burada həm vizadan azad olunmaq, xalqlar arasında münasibətlərin yeni mərhələsinin olması, Azərbaycan haqqında Çin mediasında, cəmiyyətində məlumatlar olsa, bu, qarşılıqlı turizm imkanlarının artmasına səbəb olacaq. Artıq müşahidə edirik ki, hər il Çindən gələn turistlərin sayı çoxalır. Qəbul olunmuş qərar, razılaşma ona imkan yaradacaq ki, turist axını daha da çoxalsın. Bu gün Azərbaycanda iqtisadiyyatın önəmli bir sahəsini məhz turizmin inkişafı təşkil edir. Nəzərə alsaq ki, həm regionda müəyyən gərginlik mövcuddur, bəzi gediş-gəliş məsələlərində məhdudiyyətlər var. Bizim üçün əlverişli fürsətdir ki, turizm potensialımızı artıraq. Düşünürəm ki, əhalisi çox olan Çin tərəfindən axının artması Azərbaycan üçün iqtisadi nöqteyi-nəzərdən önəmli olacaq. Eyni zamanda Azərbaycan haqqında daha çox məlumatlı olan insanların sayı artacaq.
- Çin "Bir kəmər, bir yol" təşəbbüsündə Azərbaycanın rolunu necə görür?
- Əslində "Bir kəmər, bir yol" layihəsində Azərbaycan ilk ölkələrdən idi. Azərbaycan həmin layihəyə investisiya qoyaraq dəstək oldu. Bu da bir göstəricidir. Bu məsələlərə çox önəm veririk. Müəyyən iqtisadi maraqların olması, Azərbaycanın logistik imkanlara malik olması və bu imkanlardan istifadə etməsi imkanları populyarlaşdırmaq nöqteyi-nəzərdən önəmlidir. Eyni zamanda bu, onun göstəricisidir ki, Azərbaycan üçün bu cür layihələrin həyata keçirilməsi, özündə bir sıra ölkələri birləşdirən layihələr Azərbaycan üçün çox vacibdir. Əvvəllər hansısa logistik imkanlardan istifadə etmək üçün imkanlar var idi. Bu layihələrin sənəd üzərində imzalanması, sənədlərdə əksini tapması onu göstərir ki, Çin üçün bu tranzit yolların seçilməsi önəmli imkanlardan birini təşkil edəcək. Azərbaycanın Orta Asiya ilə sıx əlaqələrinin olması, həm coğrafi nöqteyi-nəzərdən, həm siyasi, mədəni əməkdaşlıq üçün önəmlidir. Çinin əməkdaşlıq etdiyi istiqamətlərdə Azərbaycanın da rolunun nə qədər önəmli olduğunu göstərir. Həm Orta Asiya dövlətləri, Çinin əməkdaşlıq etdiyi dövlətlərlə Azərbaycanın da yüksək səviyyəli münasibətləri var. Pakistan və Çin arasında strateji əməkdaşlıq mövcuddur. Azərbaycan və Pakistan arasında da münasibətlər kifayət qədər yüksək səviyyədədir. Bu onu göstərir ki, bizim müttəfiqlərimiz eynidir. Deməli, bizim baxışlarımız, mövqelərimiz üst-üstə düşür.
- Azərbaycan-Çin-İran üçlüyünü strateji ittifaq kimi yaxın gələcəkdə görə bilərikmi?
- Azərbaycanın strateji əməkdaşlıq etməsi üçün müəyyən formatların təşəbbüskarı kimi bilirik, bu istiqamətdə bizim təcrübəmiz var. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan formatını bilirik, kifayət qədər uğurlu fəaliyyət göstərir. Azərbaycan-Türkiyə-İran formatı da mövcuddur. Əsas məsələ ondan ibarətdir ki, biz birləşdirən ölkələrin baxışları və mövqeləri üst-üstə düşsün. Təəssüflər olsun ki, istər regionda olan, istər regiondan xaricdə olan dövlətlərin mövqeləri regional məsələləri, maraqları əks etdirmir. Əsas məsələ odur ki, biz həm siyasi nöqteyi-nəzərdən eyni mövqeyə malik olsaq, dünyada gedən proseslərə düzgün və ortaq mövqelər irəli sürsək, bu cür formatlar da hər üç tərəf üçün faydalı olacaq. İran-Azərbaycan münasibətlərindən tranzit məsələlər ən əsas istiqamətlərdən birini təşkil edir. Düşünürəm ki, burada Azərbaycan-İran vasitəsilə tranzit yolların mövcudluğu Çin üçün faydalı və maraq dairəsində olan məsələdir.
Bütün xəbərlər Facebook səhifəmizdə