Görüşün regiona verdiyi gözləntilər nədən ibarətdir? - POLİTOLOQ RƏYLƏRİ

“Mənim fikrimcə Donald Tramp və Vladimir Putin arasında olacaq görüş dəqiq deyil. Bundan əlavə iki lider arasında olacaq görüş sadə formatda təşkil oluna bilər. Çünki Amerikanın hal-hazırda olan Adminstrasiyası özünü əhəmiyyətli dərəcədə diskreditasiya edib. Demək olar ki, nə Beynəlxalq mərkəzlər, nə də ki ictimaiyyət tərəfindən Rusiya-Ukrayna savaşı ilə bağlı Amerika Prezidentinin mövqeyi artıq ciddiyə alınmır. Həmçinin Amerika diplomatiya sahəsində də gerilədi, Avropa Amerikanı üstələdi. Xüsusilə Böyük Britaniyanın yerdəyişməsinin şahidi olduq”. Bu sözləri politoloq Qədir Aslan SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələnin həllini öz üzərinə götürən London oldu: “Hal-hazırda bütün gözləntilər Londona keçməlidir. İki liderin görüşünün heç bir əhəmiyyəti olmayacaq. Əhəmiyyətli təsirə malik olacaq görüşlər London, Kiyev və Brüsseldə keçirildi. Hal-hazırda olan savaşlara həmin paytaxt şəhərlərdə keçirilən görüşlərin əhəmiyyətli təsir böyük olacaq. Savaşın nəticəsindən Azərbaycanın taleyi asılıdır. Lakin Donald Trampla Vladimir Putin arasında olan görüşlə Azərbaycanın taleyi asılı deyil. Diplomatiya sahəsi üzrə, iqtisadi sahə üzrə, hərbi mənada Azərbaycan öz müttəfiqlərini tapıb və onlar isə Amerikada deyil”.

Həmçinin məsələ ilə bağlı politoloq Züriyə Qarayeva fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur: “Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2024-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin Böyük Britaniyaya işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə olacaq”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə