“BRICS ölkələrinin əksəriyyəti Azərbaycanın bu qrupa qoşulmasında maraqlıdır” - FİKİR BİLDİRİLDİ

“BRİCS-in Kazanda keçirilən sayca on altıncı sammitinin dünyanın beynəlxalq münasibətlər sistemində yeni bir səhifə açdığı ortadadır. Bu təsisat üzv və tərəfdaş ölkələrə iqtisadi əməkdaşlıq və qlobal təsirin genişlənməsi üçün real imkanlar təklif edir. Son 15 il ərzində BRİCS iqtisadi və siyasi əməkdaşlıq üçün bir platforma yaradıb, lakin onun yaxın vaxtlarda BRİCS+ formatına genişlənməsi yeni mərhələnin başlanğıcını işarə edir. Dünya əhalisinin təxminən 45%-ni əhatə edən və qlobal ÜDM-in 35%-ə qədərini istehsal edən blokun formalaşması, qlobal ÜDM-in təxminən 30%-ni idarə edən, lakin dünya əhalisinin cəmi 10%-ni təmsil edən "Böyük Yeddiliyin" dominantlığına birbaşa çağırışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, iqtisadi uğurlarla yanaşı, BRİCS çoxqütblülük və ədalətli qlobal qaydaların təbliği ilə siyasi güc kimi də mövqeyini gücləndirir: “Blok, müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirir ki, bu da BRICS-i müasir dövrün müxtəlif çağırışlarına qarşı çevik və uyğunlaşa bilən edir. BRICS-in xarici siyasətinin əsas aspektlərindən biri təzyiq göstərməkdən və qərarların zorla qəbul etdirilməsindən imtina etməsidir. Blok çoxşaxəli dialoqu fəal şəkildə təşviq edir ki, bu da onu ənənəvi qlobal güc mərkəzlərinin birtərəfli təzyiqindən qaçmağa çalışan ölkələr üçün cəlbedici edir. Neytrallıq və açıqlıq siyasəti BRICS-ə təsir dairəsini genişləndirməyə və qərb institutlarından asılılığa son qoymaq istəyən daha çox inkişaf etməkdə olan ölkələri cəlb etməyə imkan verir.

Elə məhz bu səbəbdəndir ki, ölkəmiz də bu təşkilata, BRICS-ə üzv olmağa hazırlaşır. Artıq bununla bağlı sözügedən təşkilata rəsmi də müraciət edilib. Hazırda Azərbaycan BRICS-i yaradan ilk 5 ölkədən 3-ü –Rusiya, Çin və Hindistanla fəal ticarət aparır. 2024-cü ilin yanvar-iyul ayları ərzində BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min ABŞ dolları olub. Bu, ümumi ticarət dövriyyəmizin 21,7 faizini təşkil edir. Rusiya və Çin isə ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkələrdir. Bu dövlətlər ölkəmizin istehsalçıları üçün qabaqcıl bazarlardan biridir.

Sözsüz ki, ölkəmizin BRICS-də iştirakı ölkə iqtisadiyyatının rəqabət üstünlüklərini gücləndirməyə kömək edəcək. Azərbaycanın ciddi resurs potensialına malik olan ölkə olaraq rahat satış bazarlarına ehtiyacı var. Bu baxımdan BRICS çox rahat platformadır.

Əslində BRICS ölkələrinin də əksəriyyəti Azərbaycanın bu qrupa qoşulmasında maraqlıdırlar. Elə cənab Prezidentin Kazanda yüksək səviyyədə qarşılanması və keçirdiyi görüşlər də bunun bariz sübutudur.
Azərbaycan COP29 sədrliyi zamanı Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır. Məhz elə bu səbəbdən də Qlobal Cənub və Qlobal Şimal ilə aktiv şəkildə dialoq aparır. Rəsmi şəkildə də dəfələrə bəyan edilib ki, Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında konsensus əldə etmək üçün COP29-da mümkün olan hər şeyi edəcək. Bütün buların fonunda ölkəmizin BRİCS ölkələri ilə dialoq aparması və əməkdaşlıq həyata keçirməsi təbiidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə