"İlham Əliyev hər birimizə yaxşı bir nümunə oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
"Cənab Prezident İlham Əliyevin dünən Azərbaycan incəsənətinin görkəmli xadimi Aşıq Ələsgərin heykəlinin açılışını etməsi və açılış mərasimində çıxış etməsi çox əhəmiyyətli bir hadisə idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Deputat sözlərinə belə davam edib: "Hesab edirəm ki, bununla Azərbaycan lideri Azərbaycan tarixinə, mədəniyyətinə, mədəni irsinə olan yüksək qiymətini bildirdi. Aşıq Ələsgər sadəcə olaraq xalq yaradıcılığının bir parlaq nümayəndəsi deyil, eyni zamanda dövrünün görkəmli nümayəndəsi olub. Eyni zamanda onun səsləndirdiyi fikirlər bugün də müasirdir.
Həmçinin nəzərə alsaq ki, Aşıq Ələsgər Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanda anadan olub, yaşayıb, yaradıb. Bu bizim həmin torpaqlara olan mənəvi hüququmuzu bir daha təsdiq edir. O torpaqlarda bizim dədə-babalarımızın qəbri var, o torpaqlarda bizim izimiz var. Cənab Prezidentin dünənki çıxışında "O torpaqlara biz qayıdacağıq" mesajını verməsi Azərbaycanın xalqının gələcəyə istiqamətlənən bir real arzusunu qoydu. Cənab Prezidentin söylədiyi xalqın sözləri idi. Bu, cəmiyyətin uşaqdan böyüyə qədər hər bir kəsin arzusu idi. Vaxtilə hər birimiz Qarabağ torpaqlarının işğaldan azad olunması üçün yumruq kimi bir olduq və buna nail olduq. Bugün hər birimiz Qərbi Azərbaycanlıyıq, hər birimiz Azərbaycanın hər bir bölgəsindən olanıq və doğma torpaqlarımıza qayıdışımızın qarşısını heç kəs ala bilməz.
Cənab Prezidentimizin eyni zamanda dəyərlərimiz, mənəvi sərvətlərimiz barəsində söylədiyi fikirlər də kifayət qədər aktualdır. Açılış mərasiminə Aşıq Ələsgərin nəslinin nümayəndələri, görkəmli mədəniyyət incəsənət nümayəndələri, deputatların dəvət edilməsi Aşıq Ələsgər irsinə, Qərbi Azərbaycan mövzusuna bizim bağlılığımızı, qətiyyətimizi göstərir. Heykəlin Bakının küçələrinin birində ucaldılması bir daha göstərir ki, Azərbaycan öz tarixi, mədəniyyəti, mədəni irsi ilə fəxr edir və onun qiymətləndirilməsi, onun gənc nəslə çatdırılması bugün hər kəsin mənəvi borcudur. Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyev hər birimizə yaxşı bir nümunə oldu".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə