"İran və İsrail növbəti hücumlarla bəşəriyyəti hədələyir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hələ bu ilin aprel ayından etibarən bəşəriyyət növbəti müharibənin baş vermə təhlükəsini yaşayır desəm, yanılmaram". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, söhbət İranla İsrail arasında yaşananlardan gedir: "Əslində bu iki dövlət arasında qarşılıqlı hərbi həmlələrin baş verəcəyi gözlənilən idi. Aprelin 1-də İranın Dəməşqdəki konsulluğu bombalandıqdan sonra Tehran bunun anonsunu vermişdi. Aprelin 13-də İranın İsrailə bir neçə saatlıq hücumu Orta Şərqdə növbəti ciddi gərginlik potensialına malik hadisə kimi dəyərləndirilir. Hazırda dünyada nisbi sakitlik hökm sürsə də, İran İsrail növbəti hücumlarla bəşəriyyəti hədələyir. Düşünürəm ki, müharibə bütövlükdə nə İsrailə, nə də İrana sərf edir. Doğrudur, indi İsmayıl Haniyənin ölümünü şərait kimi görüb, İsraillə İran arasında münasibətlərin açıq müharibə səviyyəsinə çatmasına çalışanlar var. Lakin hazırda istənilən dövlətin, hətta İranın belə İsrailə qarşı açıq savaşa girişi inandırıcı deyil. Amma hər hansı bir qarşıdurmanın baş verməsi qaçılmazdır. Amma bunun necə və hansı formada, nə zaman baş verəcəyini demək çətindir".

"Biz aprel ayında da ciddi toqquşmalar olacağını ehtimal etmirdik. Ancaq hazırda durum bir az fərqlidir, İran daha qəzəblidir. Baş verən hadisə İran üçün çox ciddidir. İran mümkün cavab tədbiri görsə belə, birbaşa savaş və ya quru əməliyyatları mümkün deyil. Çünki İranla İsrail arasındakı məsafə min kilometrlərlə ölçülür. İranın bu məsafədən kənarda əməliyyat keçirmək imkanları yoxdur, bunun maliyyə yükü də həddindən artıq böyükdür. Bir dövlət üçün minlərlə kilometr uzaqlıqdakı məsafədə əməliyyat keçirmək kifayət qədər ciddi maliyyə, insan və texniki resurs deməkdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə