Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Şuşada keçiriləcək “İslam dünyasında qadınlar: Ənənələr və çağırışlar” konfransının iştirakçıları Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə “İsa bulağı” istirahət kompleksində bərpa işləri ilə tanış olublar. Qonaqlara məlumat verildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

Qonaqlar, həmçinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini və Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra təmir-bərpa işləri aparılıb.

Gəzinti zamanı işğal dövründə mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktların saxtalaşdırılması barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.

Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Günün sonunda konfrans iştirakçıları üçün konsert proqramı nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə