Pakistana rəsmi səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə qarşılanması təkcə bizim deyil, ümumilikdə bütün dünyanın diqqətindən yayınmayıb və bu diqqət son dərəcə məntiqidir. Ölkə rəhbərimizə qardaş ölkədə göstərilən yüksək səviyyəli münasibət haqlı olaraq, ciddi şəkildə maraq da doğurub. Məhz ciddi şəkildə müzakirələrə də elə bu maraq səbəb olub desək, yanılmarıq.
Qardaş ölkə ilə əlaqələrimiz heç də təsadüfi deyil, tarixi köklərlə əlaqədardır və təbii amillər danılmazdır
Əvvəla diqqətə çatdıraq ki, Azərbaycanla Pakistan arasında münasibətlər heç də təsadüfi deyil, heç də yeni yaranmayıb və artıq tarixin sınaqlarından belə keçib. Unutmaq lazım deyil ki, iki qardaş ölkənin münasibətlərinin kökündə ilk növbədə tarixi-mənəvi bağlar dayanır. Hər halda Pakistanda çoxlu sayda türkmən tayfalarının olduğunu dünya ictimaiyyəti çox yaxşı bilir və ümumiyyətlə bu, heç kim üçün də sirr deyil. Qardaş ölkənin ərazisində hələ tarixən, yəni lap qədimdən Qızılbaşların, Əfşarların, Qaraqoyunluların olduqları da bəllidir. Məhz həmin türkmən tayfalarından, hətta Azərbaycan əsillilərdən olanların illər boyunca Pakistanda bir çox ali rütbəli dövlət liderləri arasında sayılıb-seçilənləri də hamıya məlumdur. Bununla yanaşı, generallar, ictimai-siyasi, mədəniyyət xadimləri arasında da türkmən tayfalarından, hətta Azərbaycan əsillilərdən olan şəxslər barədə də bilirik. Məsələn, general Yəhya Xan Qızılbaş kimi tanıdığımız şəxsin Pakistanın üçüncü prezidenti olduğu da bəllidir. Üstəlik, Ağa Şövkət Əlinin Pakistan kəşfiyyat xidmətinin rəhbəri və prezident katibliyin rəisi olduğunu da, Sayed Babar Əlinin Hərbi Hava Qüvvələrinin keçmiş rəisi olmasını da, Müzəffər Əli Qızılbaşın Pakistanın Baş naziri, maliyyə naziri və Fransadakı səfiri olaraq çalışmasını da unutmamışıq, digər onlarla yüksək post tutmuş şəxsiyyətləri də. Onu da bilirik ki, nümunə üçün sadaladığımız həmin şəxslər türkmən-qızılbaş olublar və onların bir qismi də ələlxüsus Azərbaycan torpaqlarından köçmüş ailələrin nümayəndələri kimi tanınıblar. Bir sözlə, qardaş ölkə ilə əlaqələrimiz heç də təsadüfi deyil və bir çox səbəbləri var və bunun ən ümdə səbəbi, elə məhz tarixi köklərlə əlaqədardır. Xüsusən vurğulamaq yerinə düşərdi ki, məhz bu tarixi köklərin olması, Pakistan-Azərbaycan münasibətlərində mənəvi tərəflərin mövcudluğu heç də digər faktorlardan zəif hesab oluna bilməz. Əksinə, cəsarətlə deyə bilərik ki, Pakistan-Azərbaycan əlaqələrinin inkişafında təbii səbəblərin rolu olduqca böyükdür və iki qardaş ölkənin getdikcə daha da yaxınlaşmasında həmin təbii amillər danılmazdır.
Bütün islam aləmində müharibələrin ədalətli həllində maraqlı olan Pakistan ərazilərimizin işğalına qarşı olub, dəstəyini də əsirgəməyib
Heç də Pakistan sıradan bir dünya ölkəsi deyil və bu qardaş ölkənin gücü, qüdrəti beynəlxalq ictimaiyyətə çoxdan bəllidir. Nüvə silahına malik yeganə müsəlman ölkəsi olan Pakistan bütövlükdə müsəlman dünyası üçün önəmli bir dövlətdir. Xüsusən də nəzərə almaq lazımdır ki, Pakistan müsəlman aləmində inteqrasiya və dostluq münasibətlərinə xüsusi önəm verən ölkələrin önündədir və bunun əhəmiyyəti olduqca böyükdür. Bu gün bütün dünyada islamafobiyanın artdığı bir dönəmdə Pakistan kimi bir müsəlman ölkəsinin olması önəmlidir. Hər halda xristian ölkələri belə bir dövlətin olduğunu da nəzərə almaqdadırlar. Əgər Pakistan kimi bir müsəlman ölkəsinin gücü, qüdrəti, eləcə də bir çox xristian ölkələrində olan nüvə silahına da sahib olması faktı barədə beynəlxalq ictimaiyyət məlumatlıdırsa, bunu nəzərə alırsa, deməli, qeyd olunan çox vacib bir faktordur.
Onu da bilirik ki, Pakistan illərdir Hindistanla münaqişə vəziyyətindədir. Hətta müharibə şəraitinin olduğu dönəmlər də olub və heç də ara sakitləşməyib. İstənilən anda münaqişənin qızışması mümkün haldır. Bir sözlə, Pakistan ictimaiyyəti müharibənin nə olduğunu lap əvvəldən görüb və elə ilk gündən də ədalətsizliyə qarşıdır. Hindistanla ərazi münaqişəsi olan Pakistan üçün ərazilərin qorunmasının nə olduğu çoxdan tanışdır. Məhz bunun fonunda da Pakistan bütün İslam aləmində müharibələrin, münaqişələrin, ərazi iddialarının ədalətli həllinə maraq göstərir. Xüsusən də bir müsəlman ölkəsi olan, Pakistan üçün qardaş ölkə hesab olunan Azərbaycanın ərazilərinin işğalına qarşı çıxması da təbiidir. Pakistan bizim ölkəmizin ərazilərinin işğalının elə ilk gündən əleyhinə olub və bizə öz dəstəyini qətiyyən əsirgəməyib. Biz daim qardaş dəstəyini həm də Pakistandan almışıq və bunu xalqımız qətiyyən unudan da deyil.
Ölkələrimiz və ölkə rəhbərlərimiz arasında qardaşlıq münasibərlərinin mövcudluğu zərrə qədər də şübhə doğura bilməz
Ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələr arasında Pakistan birincilər sırasında olub. Qardaş Türkiyədən sonra Azərbaycanın müstəqilliyini məhz Pakistan tanımaqla, özünün qardaş ölkə olduğunu bəyan edib. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra, daha dəqiq desək, 1991-ci il 12 dekabr tarixində Pakistan məhz qardaş Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyıb və bizim üçün, xalqımız və dövlətimiz üçün bu məqam xüsusilə unudulan deyil. Ona görə unudan deyil ki, ötən əsrin sonlarında müstəqilliyini yenicə bərpa etmiş bir ölkə üçün buna və eyni zamanda dəstəyə böyük ehtiyac duyulurdu və Pakistan da öz qardaş dəstəyini heç zaman əsirgəməyib.
Onu da nəzərə çatdırmaq, xatırlatmaq yerinə düşərdi ki, məhz Ermənistan–Azərbaycan–Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il 30 aprel tarixində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da Pakistan sədrlik edib. Göründüyü kimi, Pakistan həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Pakistan hər zaman Azərbaycanın yanında olub və ölkəmizin haqlı mövqeyini və maraqlarını üstün tutub. Ermənistanın ölkəmizə etdiyi hərbi təcavüzünü əsas gətirərən Pakistan rəsmi İrəvanla diplomatik münasibətlərdən belə imtina edib, bu münasibətləri qurmayıb.
Sözsüz ki, Azərbaycan da öz növbəsində Pakistanın qardaşlıq münasibətlərinə adekvad cavab verib. Rəsmi Bakı heç zaman öz dəstəyini İslamabaddan əsirgəməyib. Kəşmir probleminin beynəlxalq təşkilatlarda müzakirəsi və həlli məsələsində Azərbaycan da öz növbəsində Pakistanı dəstəkləyib, haqlı olaraq İslamabadın tərəfini saxlayıb. Heç şübhəsiz ki, belə də olmalı idi və xalqımızın dəstəyini, dövlətimizin məhz dost ölkə münasibətini Pakistan tərəfi də öz növbəsində hiss edib və bunu da layiqincə dəyərləndirməkdədir. Əks halda biz bunun təzahürünü müşahidə edə bilməzdik. Hər halda, ölkə rəhbərimizin, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin Pakistana səfəri zamanı hansı səviyyədə qarşılanması və ən yüksək səviyyədə münasibət göstərilməsi deyilənləri bir daha təsdiq edir. Təsdiq edir ki, Pakistan da məhz Azərbaycanın dost və qardaş ölkə olduğunu qəbul edir və ölkələrimiz, ölkə rəhbərlərimiz arasında ancaq qardaşlıq münasibərlərinin mövcudluğu zərrə qədər də şübhə doğura bilməz.
Hərbi əməkdaşlığımızın olması diqqətdən yayınmayan məqamdır və qələbələrimiz də alqışlanır
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük müharibə dönəmində də biz Pakistanın dəstəyini gördük. Hindistanla münaqişə, o cümlədən, Əfqanıstan müharibəsi səbəbi ilə böyük hərbi qüvvə saxlayan, hərbi sahədə artıq ciddi inkişafa nail olan və bütün bu reallıqlar fonunda regionun ən böyük dövlətlərindən biri sayılan Pakistan ilə hərbi əməkdaşlığımızın olması da diqqətdən yayınmayan məqamdır. Özü də bu hərbi əməşdaşlıq heç də yenilik deyil. Pakistan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq əlaqələri hələ ötən əsrin sonlarından etibarən, daha dəqiq desək, 1990-cı ildən etibarən artıq mövcud olub. Xüsusən diqqətə və nəzərə çatdımaq, xatırlatmaq istərdik ki, yeni yaranmaqda olan Azərbaycan ordusunun formalaşmasında belə pakistanlı qardaşlarımız, pakistanlı hərbçilər öz dəstəklərini əsirgəməyiblər. Bəli, indi cəsarətlə deyə bilərik ki, bizim öz ərazilərimizi düşmən tapdağından xilas etdiyimiz zaman əldə olunan hərbi uğurlarımız da pakistanlı qardaşlarımız üçün həqiqətən də hər zaman sevindirici olub.
Pakistanın dövlət rəhbərliyində təmsil olunanlar arasında belə bizim müharibədəki qələbəmizi alqışlayanlar az deyil. Düz 30 ilə yaxın müddət ərzində erməni qəsbkarlarının, təcavüzkarlarının işğalı altında qalan torpaqlarımızın işğaldan azad edilməsini pakistanlı qardaşlarımız yalnız alqışla qarşılayıblar. “Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir”, ifadəsini məhz müharibə bitdikdən az sonra Azərbaycana səfər edərkən işlədən Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva açıq-aşkar şəkildə qələbəmizin alqışla qarşılandığını bəyan etmiş olub. Sözsüz ki, həmin ifadələr generalı Qamar Caved Bacva məxsusdur, amma etiraf etmək lazımdır ki, həmin ifadələr iki qardaş ölkənin münasibətlərinə işıq tutan məqam hesab olunur.
Qeyri-rəsmi belə olsa da bir ittifaq çoxdan formalaşıb
Müharibə bitdikdən sonra, Azərbaycan öz şanlı qələbəsini qazandıqdan sonra Pakistanla əlaqələrimiz daha da genişlənib, deməkdə haqlıyıq. Məhz torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan haqlı mübarizəmizdə bizə dəstək olan Pakistan bizim üçün eyni ilə Türkiyə kimi qardaş ölkə statusundadır. Artıq ölkələrimiz arasında olan əlaqələrin, əməkdaşlığın, tərəfdaşlığın yüksələn xətt üzrə inkişafını görməmək mümkün deyil. Etiraf edilməlidir ki, artıq Türkiyənin, Pakistanın, Azərbaycanın iştirak etdiyi qeyri-rəsmi belə olsa da bir ittifaq çoxdan formalaşıb. İndi bütün dünya ictimaiyyəti yaxşı bilir ki, bu üç qardaş ölkə bir yerdədir və bir-birini qarşılıqlı şəkildə dəstəkləyir. Belə bir dəstək isə ölkələrimizin hərbirinin gücünə güc qatır və bizi daha qüdrətli edir.
Məhz son zamanlar Hindistanın Ermənistana yaxınlaşması, hərbi baxımdan, silah-sursat baxımından yardımlar etməsi, müxtəlif dəstək göstərməsindən sonra Pakistanla Azərbaycan arasında əlaqələrin daha yeni bir mərhələyə qədəm qoyması da başadüşüləndir. Başa düşülən odur ki, Hindistanın Ermənistana yaxınlaşması, İrəvana dəstək göstərilməsi məntiqi olaraq, Pakistanın Azərbaycanla daha da yaxınlaşdırmalı idi və belə də oldu. Eyni zamanda, İrəvanı müxtəlif münaqişələrə sürükləyən Qərb və Avropa ilə də münasibətləri soyuyan Pakistan üçün Çin və Rusiyaya üz çevirmək ən doğru yol hesab olunur. Həmçinin, Pakistanın “Şərq Bloku” istiqamətində yönəlməsi onu məhz eyni siyasi xətti izləyən Türkiyə və Azərbaycanla daha da yaxınlaşdırmaqdadır. Bu mənada Azərbaycan prezidenti Pakistana təkcə dost sayılan müsəlman ölkəsinin lideri və ya regional tərəfdaş ölkənin başçısı kimi deyil, həm də Pakistanla eyni geopolitik xətdə hərəkət edən müttəfiq, dost ölkə rəhbəri kimi gedib. Hər halda bu maraqlı məqamların Pakistan tərəfindən nəzərə alındığını biz də gördük, eləcə də bütün dünya ictimaiyyəti də yaxşıca müşahidə etdi və ölkə rəhbərimizə olan yüksək səviyyəli münasibət ölkələrimiz arasındakı əlaqələrin hansı halda, hansı səviyyədə olduğunu təsdiq etmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə