28 May –Müstəqillik Günü Madriddə - FOTOLAR

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madriddə 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Səfirlikdən SİA-ya bildiriblər ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktorluğunun rəisi Karlos Moreno Blanko, habelə digər dövlət qurumlarının, İspaniyanın İqlim dəyişikliyi məsələləri üzrə Ofisinin yüksək vəzifəli nümayəndələri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra beyin mərkəzlərindən və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və tanınmış media qurumlarının nümayəndələri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Ramiz Həsənov 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik respublika olan Cümhuriyyətin tarixi əhəmiyyətindən söz açıb. O, Şərqdə ilk dünyəvi və parlamentli respublika kimi Azərbaycan Xalq Cümhuriyyətinin o dövr üçün mütərəqqi dövlət institutları, çoxpartiyalı sistem, plüralist parlament və azad medianın təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb, Azərbaycan vətəndaşlarının cinsindən, etnik, dini mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq, mülki və siyasi hüquqlarının təmin edilməsi, habelə Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi kimi qabaqcıl addımlarından danışıb.

Diplomat müasir müstəqil Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xəttinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, ölkəmizin müstəqilliyinin bərpasından sonra qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib. İspaniyanın Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov iki ölkə arasında çoxşaxəli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Səfir bildirib ki, COP29-a ev sahibliyi hüququnun bütün ölkələrin yekdil dəstəyi ilə Azərbaycana verilməsi respublikamızın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir. O, Azərbaycanın iqlim məsələlərinə verdiyi diqqətin təzahürü kimi ölkəmizin ətraf mühitin mühafizəsi istiqamətində gördüyü əməli işlərdən və üzərinə götürdüyü öhdəliklərdən danışıb.

Tədbirdə İspaniya tərəfindən əsas qonaq qismində çıxış edən Karlos Moreno, ilk növbədə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərini çatdırıb və son illərdə ikitərəfli münasibətlərin inkişafında əldə olunan nailiyyətlərə toxunub. İspan diplomat ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq dəstəyini davam etdirdiyini vurğulayıb. O, Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində yerləşən güclü və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edərək Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verən tərəfdaş kimi Azərbaycanın tranzit imkanlarından da söz açıb. Azərbaycanın karbohidrogen resurslarının tədarükçüsü və ixracatçısı kimi strateji əhəmiyyətini vurğulayan diplomat COP29 tədbirinə ev sahibliyi xüsusunda ölkəmizin bərpaolunan və yaşıl enerji əsasında irəli sürdüyü strategiyasını təqdirəlayiq adlandırıb.

Çıxışlardan sonra Azərbaycanın ecazkar musiqisinin müşayiəti ilə tədbirin qonaqları milli mətbəximizin ən ləziz təamlarından dadıb, ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar. Tədbir ərzində Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi, o cümlədən COP29 haqqında videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, Müstəqillik Günü münasibətilə səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi rəmzlərindən hesab olunan “Cibeles” fəvvarəsi ənənəvi olaraq Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə