Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri davamlıdır

“Azərbaycanın bu gün iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətində olması möhkəm təmələ əsaslanan, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi tədbirlər var və onların iştirakçılarının ildən-ilə coğrafiyasının genişlənməsi özündə mühüm məqamları ehtiva edir. Nəzərə alaq ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir müzakirəyə çıxarılan məsələlərlə yanaşı, keçirildiyi məkan baxımından da xüsusilə diqqətdə olur. Bu baxımdan Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir sırada dayanan Qlobal Bakı Forumu ildən-ilə mühüm çağırışları ilə diqqətdən kənarda qalmır. Bu il “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar.

Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi. Martın 14-dən 16-dək davam edən tədbirdə COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunuldu. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə diqqət yönəldildi, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparıldı. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilməyə başlayan Qlobal Bakı Forumu beynəlxalq müzakirələr platforması statusunu qazanıb. Göründüyü kimi, builki Forumun gündəliyi zəngin oldu. Bütün məsələlər ətrafında aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, səylərin birləşdirilməsi çağırışların zamanında yerinə yetirilməsində əsas amillərdəndir.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, dünya gündəliyinin ölkəmizdə müzakirə edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, hər bir sahədə böyük potensiala malik olmasının təqdimatıdır: “Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın beynəlxalq aləmdə yerinin və mövqeyinin daha da möhkəmlənməsi günümüzün mühüm reallıqlarındandır. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim ölkələr, xalqlar arasında körpü rolunu oynayır. İştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə bu körpünü daha da möhkəmləndirir.”
Millət vəkili onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, eyni zamanda, həqiqətlərimizin dünyaya təqdimatıdır: “Sözügedən Forumda 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən cənab İlham Əliyev dünyanın ikili standartlara əsaslanan siyasətinin hansı problemlərə yol açdığını diqqətə çatdırdı. Ölkə Prezidenti bildirdi ki, Azərbaycan 30 il münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Ermənistan isə danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğurunda müharibə planı hazırlamaq üçün vaxt qazandı. Bəzi dünya güclərinin Ermənistana dəstəklərinin nəticəsi idi ki, işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Görünən bu idi ki, onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərimizi güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi.”

Nurlan Həsənov bildirib ki, XI Qlobal Bakı Forumu Azərbaycanın sülh gündəliyinin müəllifi kimi göstərdiyi səylərə, Qoşulmama Hərəkatı müstəvisində yeni əməkdaşlıq təcrübəsinə, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfələrinə də işıq saldı: “Azərbaycan bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, COP29 onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim həmrəyliyə töhfə vermək fürsəti olacaq. Azərbaycanın dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Azərbaycan 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan müxtəlif ölkələri bir araya gətirmək imkanına malikdir. Hazırkı dövrün əsas çağırışlarından biri iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir ki, Azərbaycan bu məsələni də xüsusi diqqətdə saxlayır.”
“XI Qlobal Bakı Forumunda aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycanın irəli sürdüyü çağırışların gələcəyinə böyük inam var. Bu gün sülh çağırışı əsasdır. Ermənistan ona yaradılan şansdan bəhrələnərək qısa müddətdə sülh müqaviləsini imzalamaqla regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına böyük töhfə verər ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılması üçün stimuldur. Cənab İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”,- deyə millət vəkili bildirib.

Nurlan Həsənov vurğulayıb ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, NATO-nun Baş katibi Yens Stoltenberq ilə keçirilən görüşlərdə, mətbuata birgə bəyanatlarında da regionda dayanqlı sülhün və təhlükəsizliyin təmin edilməsində, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə Azərbaycanın rolu xüsusi qeyd edildi: “Ölkəmiz bu məsələlərdə beynəlxalq həmrəyliyin gücləndirilməsinə xüsusi diqqət göstərir. Azərbaycanın regionda və dünyada artan rolu, möhkəmlənən mövqeyi ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən, həmçinin münasibətlərdə etimad mühitinin qorunmasına xidmət edən siyasətinin göstəricisidir.”

Bütün xəbərlər Facebook səhifəmizdə