Fransızların dəstəyinə ümid etməyə dəyməz - TƏHLİL

Son zamanlar Fransa bir-birinin ardınca Ermənistana elə vədlər verir ki, haylar buna görə də reallıqları unudaraq, böyük ümidlər qurmaq həvəsində düşürlər. Makronun Moskvaya qarşı qurduğu planlarının fonunda Cənubi Qafqazda aranı qızışdırmaq niyyətini haylar başa düşmək əvəzinə, yanlış olaraq, fransızları özlərinə himayədar bilirlər. Hətta fransız bacılarına o qədər güvənirlər ki, elə bilirlər Emmanuel Makron onların əlindən tutub Avropa İttifaqına da bərabərhüquqlu üzv edəcək. Ermənistan parlamentinin sədri Alen Simonyanın məhz ölkəsinin Avrop İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ-yə daxil olmağa hazır olduğunu bəyan etməsi də bu güvəncin fonunda heç də təsadüfi deyil, halbuki rəsmi Paris İrəvan üçün heç nə etmək iqtidarında və marağında deyil.

Çoxdandır ki, Fransanın məhz Ermənistana istənilən istiqamətdə, ələlxüsus da hərbi baxımdan yardım edəcəyi barədə şişirtmə məlumatlar yaymaqda erməni cəmiyyəti maraqlı görünür. Baş nazir Nikol Paşinyan özü belə şişirtmələrin daha çox yayılmasına çalışır. Amma reallıq budur ki, Ermənistan dövlətinin mövqelərinin möhkəmlənməsinə rəsmi Paris demək olar ki, investisiya qoymaq niyyətində görünmür. Bir sıra sınıq-salxaq hərbi texnika ilə hayların başını tovlayan fransızlar ancaq vədlər verməklə kifayətlənirlər. Hayları qızışdırıb KTMT-dən uzaqlaşdırmaq, Rusiyaya qarşı qoymaq istəyən fransızlar hələlik sözdən ibarət vədlərlə onları çaşdırmağa çalışırlar. Buna nail olduqlarını gördükləri zaman isə fransızların daha da vəd vermək həvəsi artır, amma bu həvəsin nəyə görə artdığını və mənasız olduğunu haylar başa düşə bilmirlər.

Nikol Paşinyan rəsmi Parisin vədlərindən başını itirərək, yenə də düşünülməmiş fikirlər səsləndirir, məsuliyyətsiz bəyanatlar verir. Bir müddət öncə Almaniyada özünü sülh gündəliyinə sadiq biri kimi göstərən erməni baş nazirin Fransada olduğu zaman tamamilə tərsinə mövqe sərgiləməsinin arxasında rəsmi Parisin vədləri dayandığını görmək çətin deyil. Belə vədlərdən özünü itirən Nikolun birbaşa Moskvaya sözdə hücum çəkməsi də, Azərbaycana qarşı mövqeyini gizlətməməsi də mənasızdır və əgər Vovayeviç bu günə qədər Fransanın etdiyi dırnaqarası köməkliyi götür-qoy etsə başa düşərdi ki, onun özünü də, ölkəsini də fransızlar sadəcə olaraq aldada-aldada həvəsləndirir və yoldan çıxarırlar. Əslində, rəsmi Paris verdiyi vədlərin heç on faizinə belə əməl etməyib və sözdə dəstək nümayiş etdirən fransızlar əməldə yalnız bir neçə çınıq-salxaq hərbi texnika ilə kifayətləniblər. Hər halda bu məqamı erməni cəmiyyəti diqqət mərkəzində saxlasa, başa düşərdi ki, hələ də onlar tovladılır və Rusiyaya qarşı alət olaraq istifadə edilirlər.

Cənubi Qafqazda Fransanın təhülkəli oyunlara baş vurduğunu görməmək mümkün deyil. Bəzən hayların arasında belə rəsmi Parisə etibar etməyənlərin olduğunu da görə bilirik. Çünki istər haylar, istərsə də fransızlar bir-birlərinin səmimiyyətinə sona qədər inana bilmirlər. Eyni zamanda, haylar fransızları himayədar belə hesab etsələr də, onların imkanlarına şübhə ilə yanaşıldığı da müşahidə edilir. Buna əsas da var, çünki bu qədər vədlərin müqabilində ortada olan dəstək heç də erməniləri qane etmir. Hətta haylar yaxşı bilirlər ki, bu dəfə fransızlara ümid edib səhvə yol versələr, bu, onlar üçün daha acınacaqlı vəziyyət vəd edə bilər. Qərb siyasətçilərinin və onların Şərqi Avropa və Cənubi Qafqazdakı tərəfdaşlarının blef etməsindən də erməni cəmiyyətində çəkinənlər az deyil. Çünki onlar məlum hadisələri izlədikləri zaman nəticəni özləri çıxarmış olurlar.

Haylar görməlidirlər ki, Fransa məhz Rusiya-Ukrayna müharibəsində ukraynalılara hansı həddə kömək ediblər. Bu “həddin” nə dərəcədə biabırçı olduğunu görmək üçün Fransa Silahlı Qüvvələr Nazirliyinin iki illik müharibə zamanı Ukraynaya göstərilən hərbi yardımların siyahısı barədə açıqlamasına diqqət etmək kifayət edir. Diqqətə çatdıraq ki, Fransanın etdiyi həmin yardımlar Makronun ambisiyaları ilə qətiyyən nə uyğun gəlmir, nə də üst-üstə düşmür. Fransanın Ukraynaya göndərdiyi hərbi yardımlar bir Avropa ölkəsi üçün olduqca rüsvayçı məqamdır və həmin yardımlara nəzər saldıqda buna əmin olmamaq mümkün deyil. Ukraynaya rəsmi Parisin hərbi dəstəyi dedikdə, qoruyucu vasitələr, rabitə vasitələri, eləcə də müxtəlif növ silahlar, o cümlədən uzaqmənzilli raketlər, hava hücumundan müdafiə vasitələri və pilotsuz nəqliyyat vasitələrinin olduğu bəlli olur. Hərbi ekspertlərin fikrincə, Fransadan Ukraynaya verilən silahlar arasında az-çox ciddi sayıla biləcək yeganə şey 30 ədəd Sezar özüyeriyən artilleriya qurğusudur. Amma onların sayı olduqca azdır. Bunlar cəmi iki diviziyadır və hətta artilleriya briqadası da deyil. Bir sözlə, Fransa Ukraynaya daha çox artilleriya verə bilərdi, amma verməyib. Bundan əlavə, Fransa praktiki olaraq, Ukraynanı ən böyük ehtiyacı olan hava hücumundan müdafiə sistemləri ilə təmin etməyib.

Biz Ukraynanın dinc şəhərlərinə raket və dron hücumlarının necə davam etdiyini görürük. Odessada çoxlu uşağın öldüyü faciə buna daha bir sübutdur. Ancaq Fransanın Ukraynaya hərbi yardımını qiymətləndirərkən, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında rəsmi Parisin nə qədər qətiyyətsiz olduğunu da xatırlamalıyıq. Orada uzun müddət yeni şəraitdə necə davranmaq barədə düşünülür. Ukrayna mətbuatının yazdığına görə, bu, Fransa rəhbərliyinin Ukraynanın tez təslim olacağına inamı ilə bağlı ola bilər. Yəni, fransızlar hələ də yardım etməkdə tərəddüd edirlər və vəsaitlərlə bağlı qəti qərara gəlməyiblər. Daha dəqiq desək, Ukraynaya dəstək haqqında rəsmi Parisin qəti qərarının olmadığı görünür. Ən azından etdikləri yardımlar da çox cüzi olduğundan belə bir qənaət tam yerinə düşür. Hər halda, Fransa və Almaniyadan Ukraynaya real hərbi yardımı müqayisə belə etmək mümkün deyil. Doğrudur, bu iki ölkə tarixən və ənənəvi olaraq, Avropanın siyasi lideri adı uğrunda bu vaxta qədər yarışıb. Amma bu dəstək yarışmasında fransızlar çox geri qalıblar. Reallıqlar onu deməyə əsas verir ki, Almaniya danışmağa yox, daha çox əməli addımlara, yardımlar edilməsinə üstünlük verir. Halbuki Fransa ancaq boş söz-söhbətlə, vədlərlə işini bitmiş hesab edir. Ən azından rəqəmlər bu deyilənləri əyani şəkildə sübut edir. Beləki, Almaniya Ukraynaya 17 milyard avrodan çox, Fransa isə cəmisi 640 milyon avro həddin yardım edib. Bəlkə də hələ yardım da etməyib, bu yardım üçün sadəcə vəd edib...

Gördüyümüz kimi, Fransa Ukraynaya hərbi yardım göstərməkdə digər bir Avropa ölkəsindən onlarla dəfə geri qalır. Onları müqaisə belə etmək mümkün deyil. Bu isə rəsmi Paris və İrəvan nümayəndələrinin Ermənistan-Fransa hərbi əməkdaşlığının miqyası və perspektivləri ilə bağlı bəyanatlarını ironiya ilə qarşılamağa bizi vadar edir. Hazırda Ermənistana “Mistral 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr davam edir. Bu yaxınlarda Ermənistana səfər edən Fransanın müdafiə naziri Sebastyan Lekornu isə Ermənistanın müdafiə potensialını artıracağına söz verib. Lekornunun sözlərinə görə, söhbət havadan müdafiədən gedir. Ancaq bunlar sadəcə vədlərdir. Reallıqda Fransanın müttəfiqlərinə necə kömək etdiyini Ukraynanın timsalında görmək çətin deyil.

Bu qədər müddət ərzində Ukraynaya cəmi 640 milyon avro həddində silah yardımı edən fransızlara və onlara güvənən haylara xatırlatmaq istərdik ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu 5 milyard dollardan çox dəyərində olan erməni silahlarını məhv edib. Onların bir qismi Qənimətlər parkındadır və fransızlar bunu öz gözləri ilə də gəlib görə bilərlər. Hətta ötən ilin sentyabrında Qarabağ bölgəsində keçirilən cəmi bircə günlük antiterror əməliyyatı zamanı Ermənistana məxsus bir milyard yarım dollar dəyərində hərbi texnika və silahlar məhv edilərək götürülüb. Hər halda Fransanın Ukraynaya iki il ərzində etdiyi silah yardımından dəfələrlə çox miqdarda silahların bircə gün içərisində məhv edildiyini ermənilər də nəzərdən qaçırmazlar və başa düşərlər ki, fransızların dəstəyinə ümid etməyə dəyməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə