"ABŞ-Azərbaycan münasibətlərinin normallaşması müsbətdir" - ŞƏRH EDİLDİ

"ABŞ ilə Azərbaycan arasında gərginliyin nisbi olduğu əslində ilk günlərdən bəlli idi. Çünki Bakı Vaşinqton üçün Cənubi Qafqaz regionunda çox önəmlidir. İrana, mərkəzi Asiyaya, yaxın şərqə yaxınlığı baxımından Azərbaycan kimi bir ölkə ilə münasibətlərin pozulması Vaşinqton nəzərində uğursuz bir addım olardı". Bunu SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, ABŞ-nin müttəfiqləri olan Türkiyə və İsraillə Azərbaycanın çox yüksək səviyyədə münasibətləri var: "Hətta İsraillə hərbi tərəfdaşıq, Türkiyə ilə isə rəsmi səviyyədə müttəfiqik. Bu reallıqlar fonunda ABŞ-nin münasibətləri daha da pisləşdirməsi və Azərbaycana qarşı radikal addımlar atmasını gözləmək bir qədər doğru olmazdı. Qarşıda ABŞ-də prezident seçkiləri gəlir və bu seçkilər öncəsində də cənubi Qafqaz kimi stratejik bir coğrafiyada Azərbaycan kimi bir ölkə ilə münasibətləri gərgin saxlamaq ABŞ xarici siyasətinə olduqca tərs bir davranışdır. Bu baxımdan ABŞ nümayəndəsinin Azərbaycana səfəri və səfər sonunda gərginliyin azalması, münasibətlərin əvvəlki kimi normallaşma etabına qədəm qoyması gözlənilən idi".

Politoloq bildirib ki, ABŞ dövlətlərə qarşı bu tipli gedişləri tez-tez edir: "Bunun da təməlindəki əsas səbəb bu ölkələrlə münasibətlərin necə qurulacağını müəyyən etməkdir. Yəni Azərbaycan kimi ölkələrlə ABŞ öncə hədə ritorikasına keçir, bununla da bir növ həmin ölkələrin reaksiyasını ölçməyə çalışır. ABŞ gördü ki, Azərbaycanla bu tipli ritorikalarla danışmaq mümkün deyil. Real yanaşdıqda ABŞ-nin Azərbaycana qarşı sərgilədiyi mövqe iki ölkə münasibətlərinin pozacaq səviyyədə idi. Azərbaycan bu cür rəftar görmək xüsusi bir şey etməmişdi. Bu gün Azərbaycan Avropa İttifaqının alternativ enerji daşıyıcısı olan ölkələrdəndir. İldən-ilə bizim Avropaya nəql etdiyimiz qazın həcmi artırılır. Bu fakt belə özlüyündə ABŞ-nin maraqlarına uyğun olduğunu göstərir. Bu baxımdan münasibətlərin normallaşması indiki məqamda əlbəttəki müsbətdir və bu prosesin davamı 2024-cü ildə də gələcəkdir. ABŞ-dəki seçki prosesləri zamanı rəsmi Vaşinqton Bakı ilə münasibətlərin daha da yaxınlaşdırılması üçün əlindən gələni edəcəyini demək olar".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə