BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında ABSURD MƏQAMLAR - TƏHLİL

Azərbaycanın Qarabağ iqtisadi rayonunu öz istəkləri ilə, yaxud da Ermənistan tərəfinin, eləcə də qondarma rejimin təkidi ilə tərk etmiş ermənilərin geri qayıtması üçün ölkəmizin şərait yaratmalı olduğu barədə BMT-nin Beynəlxalq Məhkəməsinin qərar çıxarması heç də məntiqi deyil. Ona görə ki, ermənilərə həmin ərazilərdə qalmağa, yaşamağa məhz Azərbaycanın imkan vermədiyi qənaətində olanlar belə qərar qəbul edə bilərdilər, halbuki, belə qənaətdə olmaları mümkünsüzdür. Çünki həmin o ermənilərə ərazilərimizdə qalmaq, hətta köç edib gedənlərə geri dönüb ölkəmizin vətəndaşlığını qəbul edərək, yaşamaq təklifini hamıdan öncə Azərbaycan tərəfi təklif etmişdi və bu barədə hər kəs yetərincə məlumatlıdır.

Qarabağda yaşayan ermənilərə hələ köç etmələrindən öncə təklif edilmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə onların təhlükəsizlikləri də, hüquqları da digər ölkə vətəndaşları kimi tam təmin olunacaq. Reinteqrasiya məsələləri ilə bağlı ölkəmizin təklifləri də heç kim üçün sirr deyildi. Hətta bütün bunların müzakirəsi ilə əlaqədar Qarabağdakı erməni icmasının nümayəndələri ilə görüşlər də baş tutmuşdu və bu barədə BMT-nin Beynəlxalq Məhkəməsinin məlumatsız olması qətiyyən inandırıcı ola bilməz. Belə olan halda həmin o məhkəmə qeyd olunan qərarı niyə çıxarmalı idi axı? Nə zamansa ermənilərin ərazilərimzidə qalmasına, yaxud geri dönüşünə maneə yaradılmışdımı ki, belə bir qərara ehtiyac olsun? Hər halda bütün bunların fonunda, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir”, məsələsinin mütəmadi olaraq gündəmə gətirilməsi yersiz olmaqla yanaşı, həm ölkəmizə qarşı qərəzdən, ədalətsizlikdən, həm də ermənipərəst mövqedən çıxış edənlərin absurd yanaşmasından xəbər verən məqamlardır.

Köç edib ərazilərimizi tərk edən ermənilərin geri qayıtmaq niyyətində olmadığı, bir qisminin sürətli şəkildə Ermənistan ərazilərini tərk edərək, xarici ölkələrə üz tutduqları barədə digərləri kimi, BMT-nin Beynəlxalq Məhkəməsi də məlumatlıdır. Hətta qalanlarının da geri qayıtmasına heç rəsmi İrəvanın da razı olmaması barədə belə kifayət qədər məlumata malikdir. Çünki heç kim üçün sirr deyil ki, ölkəmizin ərazilərindən köçüb gedən erməniləri Ermənistan dövləti qondarma da olsa, dırnaqarası “qaçqın” elan edib və istər siyasi, istərsə də iqtisadi maraqlarına görə onların geri qayıtmasına qətiyyən razı deyil. Bəllidir ki, rəsmi İrəvan sadəcə olaraq, Qarabağdan köç edib gedən erməni əhalisindən həm Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdədir, həm də onlara görə xaricdən külli miqdarda pul, vəsait əldə edir deyə geri dönmələrini qətiyyən istəməz. Deməli, köç edənlərin məsələsi sadəcə olaraq bəhanə kimi gündəmə daşınır və təəssüf ki, bu zaman sözügedən məhkəmənin timsalında hansısa beynəlxalq qurum həmin bəhanələrin fonunda alət olmağı özünə rəva bilir.

Ölkəmizin Qarabağ İqtisadi rayonunu tərk edən ermənilərin geri qayıdışı ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında absurd məqamlar olduqca çoxdur. Qərarda qeyd olunur ki, Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, onların şəxsiyyətlərini təsdiq edən sənədlərin, eləcə də xüsusi mülkiyyət sənədlərinin saxlanılmasını Azərbaycan təmin etməlidir. Belə bir qeydin həmin qərarda olması təəccüb doğurmaya bilməz. Ələlxüsus ona görə təəccüb doğurmaya bilməz ki, belə bir qeyd BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında yer alır və hüquqi baxımdan bunun nə demək olduğu sözügedən məhkəməyə daha yaxşı bəlli olmalı idi. Bəlli olmalı idi ki, bu barədə söz açmaq belə hədsiz dərəcədə uyğunsuzdur və qanunun tələblərinə belə ziddir. Halbuki, bunun əksini müşahidə edərək gördük ki, qətiyyən heç nə nəzərə alınmadan həmin qərar verildi və orada da heç bir hüquqi normaya sığışmayan qeydlər edildi.

Qarabağdan köçüb gedən ermənilərin şəxsiyyətini təsdiq edən sənəd, mütləq şəkildə ya Ermənistan tərəfindən verilən pasportlar, ya da qondarma rejimin payladığı yalançı, heç bir hüquqi əsası olmayan pasportlar ola bilər. Beynəlxalq Məhkəməyə aydın deyildimi ki, bir ölkənin suveren ərazisində başqa bir ölkənin, eləcə də qondarma bir rejimin yalançı, hüquqi əsası olmayan pasportunun mövcudluğu qətiyyən beynəlxalq hüquqa uyğun hesab edilmir? Bir halda ki, uyğun hesab edilmir, deməli, heç bir halda, hətta hansısa bir ölkə buna səy göstərsə, bunu istəsə belə bu qeydin reallaşması mümkün deyi. Mümkün olmadığı təqdirdə də bunun qərarda qeyd olunması nəyə lazım idi? Deməli, həmin qeyd elə kağız üzərində də qalmağa məhkumdur və Beynəlxalq Məhkəmə də bunu bilə-bilə həmin tələblər barədə qərarda qeyd edib. Maraqlıdır, qərar qəbul edənlər bu məqamı absurd hesab etmədilərmi?

Dünyanın hansı ölkəsində görünüb ki, başqa ölkənin pasportu həmin ölkədə mövcud olsun? Bunu Azərbaycan üçün nəzərdə tutanlar bir az da olsa düşünmək belə istəməyiblər, yoxsa ağılları kəsməyib? Heç olmasa dünya təcrübəsinə nəzər salsınlar və məlum qərarla, həmin qərardakı müvafiq qeydlərlə özlərini gülünc günə qoymasınlar. Yəni, həqiqətən də elə hesab ediblər ki, Qarabağ ərazisində ermənilərin Ermənistan pasportu ilə yaşaması mümkün olacaq? Azərbaycan müstəqil, suveren dövlətdir və bu dövlətin vətəndaşları da elə bu dövlətin pasportlarını daşımalıdırlar. Bu məsələnin hüquqi tərəfidir və hüquqi baxımdan başqa yol da yoxdur. Digər tərəfdən də axı ermənilər göydən düşməyiblər ki, onlara hələ bu zamana qədər rast gəlinməyən imtiyazlar verilsin. Yəni, həqiqətən də elə bil BMT-nin Beynəlxalq Məhkəməsi mümkün olmayanı haylar üçün mümkün etməyə çalışır. Amma niyə və nəyə görə sualı həqiqətən də adamı əməlli-başlı məşğul edir.

Köç edib gedən ermənilərin xüsusi mülkiyyət sənədləri barədə də qərarda qeydin yer alması özü də absurddur. Hansı mülkiyyətdən söhbət gedir? Kimdir mülkün sahibi, ermənilərdirmi? Düz 30 il bundan əvvəl işğal və zəbt etdikləri ərazilərə köçürülən ermənilər nə vaxtdan mülk sahibi olublar ki, onların mülkiyyət sənədləri olsun? Bəli, kimə isə göstərməyə bir kağız parçası tapıla bilər, amma həmin kağız parçası onların mülk sahibi olduğunu təsdiq edə bilməz. Əvvəla ona görə ki, kağız parçalarını onlara ya qondarma rejim verib, ya da Ermənistan tərəfi, hansıki, bunu hüquqi sənəd saymaq olmaz. Çünki qondarma rejimin sənədi də özü kmi qondarma sayılır, Ermənistan isə Azərbaycan ərazisindəki mülklərə sənəd vermək hüququna malik deyil. Sözsüz ki, bir ölkə daxilində mülk sənədini həmin ölkənin özü deyil, başqası verə bilməz. Digər tərəfdən də axı həmin mülklərin azərbaycanlı sahibləri olub və onlar öz mülklərini ermənilərə notarial qaydada, yaxud da adi sözlə belə “vəsiyyət” etməyiblər ki, hansısa iddiada ola bilsinlər. Axı ermənilər işğal etdikləri torpaqlarda 30 il bundan əvvəl məskunlaşdıqları zaman, öz yurd-yuvalarından didərgin düşən insanların mülklərini məhz zəbt edərək ələ keçiriblər və həmin mülklər onlara məxsus sayılmır. Azərbaycan dövləti də həmin illər ərzində həmin ərazilərdə kimə isə mülk sənədi verməyib və belə çıxır ki, sənədlərini başqa ölkə, yaxud qondarma rejim verib və bu sənəd heç bir hüquqi qüvvəyə malik ola bilməz. Başqa beynəlxalq təşkilatlar bir tərəfə, bunu BMT-nin Beynəlxalq Məhkəməsi də olsa başa düşməlidir axı. Ən azından məhkəmə üçün, hüquqi məsələlərlə bağlı hansısa təşkilat, qurum üçün bu məsələ gün kimi aydındır və təəccüb doğuran da, absurd olan da məhz elə budur.

Sözsüz ki, BMT-nin Beynəlxalq Məhkəməsinin məhz haqqında qeyd olunan qərarı nəyi isə dəyişmək gücündə deyil və öncədən vurğulandığı kimi, yalnız kağız üzərində qalmağa məhkumdur. Bununla belə, həmin o kağız üzərində qalmağa məhkum olan qərarda, ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə Azərbaycanın səkkiz həftə ərzində hesabat təqdim etməli olduğu da qeyd olunur. Görünür, həmin o “qərar verənlərə” xatırlatmaq lazım gəlir ki, təqdim edəcəyi təqdirdə Azərbaycan həmin hesabata ermənilərin, qondarma rejimin, Ermənistan tərəfinin qanunsuz əməlləri barədə sənədləri də daxil edə bilər. Məsələn, işğal dövründəki qanunsuz köçürmələr barədə sənədlər, eləcə də köç edib gedən ermənilərin böyük əksəriyyətinin Qarabağa aidiyyətinin belə olmadığı faktları, həmçinin, ermənilərin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğunu təsdiq edən sənədlər və sübutlar hesabatda öz əksini tapa bilər. Bir sözlə, BMT-nin Beynəlxalq Məhkəməsi hesabat gözlədiyi halda, ermənilərin, qondarma rejimin, eləcə də Ermənistan tərəfinin qanunsuz əməllərini təsdiq edən fakt və arqumentlərlə dolu tutarlı bir cavab almalı olar. Həmin o tutarlı cavab ilə də sözügedən məhkəmənin qərarındakı absurd məqamlar fakt və arqumentlərlə, sənədlərlə, sübutlarla göstərirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə