Oktyabrın 2-də Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik arasında baş tutub.
Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə səfərə gələn Yan Kubiki salamlamaqdan məmnunluğunu ifadə edən Elnur Allahverdiyev belə səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutduğunu bildirib.
İşçi qrupun rəhbəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə toxunub, Azərbaycanın Çex Respublikası ilə əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolunu vurğulayıb.
Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən söz açan İşçi qrupunun rəhbəri, Azərbaycan həqiqətlərinin Çexiya ictimaiyyətinin və parlamentinin diqqətinə çatdırılması sahəsində aparılan işlərə görə həmkarına təşəkkür edib.
Yan Kubik qəbula görə təşəkkür edərək, qısa müddət ərzində ölkəmizə yenidən səfərə gəlməkdən məmnunluğunu ifadə edib, Çexiyanın dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə