“Rusiya Ukrayna müharibəsi ən həlledici məqamını yaşamaqdadır. Belə ki, Ukrayna ordusu çalışır ki, dekabra qədər əhəmiyyətli irəliləyiş əldə etsin”. Bunu SİA-ya açıqlamasında politoloq Tural Rzayev deyib.
Onun sözlərinə görə, Rusiya çalışır ki, status-kvo pozulmasın və kiçik irəliləyişlər əldə etsin: “Rusiyanın məqsədi ondan ibarətdir ki, müharibəni uzatmaqla Ukrayna ordusunda ruh düşkünlüyü yaransın, resursları tükənsin, dünya ictimaiyyəti Ukraynanı dəstəkləmə məsələsində vahid cəbhədən çıxış etməsin, parçalanma yaransın. Avropa ittifaqı ilə ABŞ və NATO ölkələri arasında parçalanma, fikir ayrılıqları yaransın. Hətta Avropa ittifaqı daxilində ölkələrin bir-biri ilə çəkişməsi olsun. Bunun yaxınlarda bir simptomu gördük, Fransa xarici işlər naziri bildirdi ki, Rusiya var olub və var olacaqdır. Ukrayna dekabr ayına qədər hər hansı uğur qazansa, bu, gələcəkdə Ukraynanın daha da üstün şərtlərlə oyuna daxil olmasına şərait yaradacaq. Ancaq Ukrayna hər hansı bir irəliləyiş əldə etməsə, məcbur olub beynəlxalq təzyiqi nəzərə alacaq və yaxud Qərbdən yardım kəsilməsini nəzərə alıb məcbur olub Rusiyanın və yaxud Rusiya müttəfiqlərinin, məsələn, Çinin təklif etdiyi sülh təklifi ilə razılaşa bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə