Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələr aparılıb

Mayın 31-də Bakı şəhərində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin, xüsusilə parlament diplomatiyasının əhəmiyyəti önə çəkilərək, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsir göstərdiyi bildirilib.

Müzakirələr çərçivəsində, 2022-ci ilin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik yubileyi kimi əlamətdar tarixlə yadda qaldığı bildirilib, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Həmçinin 44 günlük Vətən müharibəsi zamanı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqeyi, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəyliyi xüsusilə vurğulanıb.

Nazir müavini Elnur Məmmədov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə tərəflər arasında, həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə