“İndependent” BMT-dəki məhkəmədən yazdı ANALİTİK+ŞƏRH

“Azərbaycan BMT məhkəməsində: Ermənistan minalamağı dayandırmalıdır!”

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ali Məhkəməsinə müraciət edərək Ermənistandan Azərbaycan ərazisinə mina yerləşdirilməsinin dayandırılmasını və daha əvvəlcədən yerləşdirilən bu kimi partlayıcıların yerini açıqlamasını tələb edir. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın İndependent nəşri yazıb.

“Ermənistan 44 günlük müharibədə uğradığı məğlubiyyətindən sonra da heç bir tələblərə məhəl qoymadan - 2021-ci ilin dekabrından bəri 2700-dən çox mina basdırıb”

Analitik şərhin müəllifi Mayk Korderin qeyd etdiyinə görə, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin hakimlərinə bildirib ki, Ermənistan onilliklər ərzində vəziyyəti gərginləşdirib və Azərbaycanı öz torpaqlarını müharibə yolu ilə azad etməsindən başqa heç bir yol qoymayıb. Lakin Ermənistan 44 günlük müharibədə uğradığı məğlubiyyətindən sonra da heç bir tələblərə məhəl qoymadan - 2021-ci ilin dekabrından bəri 2700-dən çox mina basdırıb.

Onun sözlərinə görə, minalar və digər bu kimi tələlər Ermənistanın münaqişə nəticəsində öz yurd-yuvalarından məcburi köçkün düşmüş azərbaycanlıların geri qayıtmasının qarşısını almaq üçün məqsədyönlü cəhdlər göstərib. Elnur Məmmədov nəşrə bildirib ki, azərbaycanlılar öz yurd-yuvalarına geri dönmək hüququndan məhrumdurlar və bundan təhlükəsiz istifadə edə bilmirlər. “Ermənistanın bu davranışının məqsədi və nəticəsi aydındır”, deyə XİN rəsmisi bildirib.

“Hüquqi qarşıdurmalar iki il əvvəl başa çatmış müharibədə 6800-ə yaxın əsgərin ölümündən və 90 000-ə yaxın dinc sakinin didərgin düşməsindən sonra başlayıb”

Analitik şərhdə qeyd edilir ki, Ermənistan tərəfindən Azərbaycanın milli-etnik, irqi ayrı-seçkiliyin qarşısının alınmasına dair konvensiyanın pozulması ilə bağlı iddiası bir neçə iş üzrə Haaqadakı məhkəmənin Baş qərargahında keçirilən dinləmələrə verilib. Bildirilir ki, hüquqi qarşıdurmalar iki il əvvəl başa çatmış müharibədə 6800-ə yaxın əsgərin ölümündən və 90 000-ə yaxın dinc sakinin didərgin düşməsindən sonra başlayıb. “Bu ucqar və sərt keçilən region Azərbaycanın ərazisində yerləşir. Lakin Birinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən dəstəklənən etnik ermənilərin nəzarəti altındadır”, deyə Mayk Korderin məqaləsində bildirilir.

Həmçinin o da qeyd olunur ki, Rusiya 2020-ci ildəki müharibəni bitirmək üçün atəşkəsin əldə olunmasına vasitəçilik etdi və sülhməramlıları vasitəsi ilə, eləcə də tərəflərin razılığı əsasında Qarabağın bəzi hissələrinə nəzarətini 2000 nəfərlik heyəti ilə həyata keçirməyə başladı.

Britaniya nəşri Azərbaycanın XİN rəsmisinin dediklərinə istinad edərək bildirib ki...

“Elnur Məmmədov bildirib ki, müharibə bitəndən indiyədək 282 azərbaycanlı, o cümlədən 33 mülki şəxs mina nəticəsində həlak olub”, deyə analitik şərhdə digər statistik rəqəmlərə də toxunulub, Azərbaycanın XİN rəsmisinin dediklərinə istinad olunaraq bildirilib ki, artıq beynəlxalq aləm erməni tərəfinin anti-Azərbaycan siyasətini anlamalı, 30 ildən çoxdur ki, Ermənistanın və separatçıların etnik təmizləmə siyasətini dərk etməlidir.

“İndependent”in siyasi şərhçisi dinləmələrdə cərəyan edən prosesə də toxunub və yazıb ki, ermənilərin vəkilləri Laçın yolunda “blokadanın” olduğunu iddia edirlər və bunu “etnik təmizləmə” siyasəti kimi qələmə verirlər. Azərbaycan tərəfi isə bu iddiaları rədd edərək bəyan edir ki, Ermənistan bu vasitə ilə sülh danışıqlarında rıçaq əldə etməyə çalışır. Məqalədə bildirlir ki, “Laçın dəhlizi” kimi adlandırılan ərazi Ermənistanı Qarabağla bağlayan yeganə quru yoludur.

Nəşr yazır ki, E.Məmmədovun bildirdiyinə görə, Ermənistan prosesi uzadır, dəqiq mina xəritələrini təqdim etmir və bu vasitə ilə daha çox azərbaycanlı xəsarətlər almağa və ölməyə davam edirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə