Avropa Parlamentinin qəbul etdiyi ABSURD QƏTNAMƏ

Fransalı ifrat ermənipərəst deputatların təşəbbüsü ilə Laçın dəhlizindəki vəziyyətlə bağlı Avropa Parlamentinin sərsəm ittihamlarla dolu qətnamə qəbul etməsi təəssüf doğurur. Avropa Parlamentinin sənədində Azərbaycana qarşı olan ittihamların, hətta çağırışların belə absurd olduğu hər mənada özünü göstərir və reallıqlardan uzaq, yanlış olduğu dərhal bəlli olur. Elə bir təsəvvür yaranır ki, bu sənəd Avropa İttifaqı kimi mötəbər bir təşkilatın, dünyaca məşhur olan bir qurumunda deyil, hansısa küçə yığıncağında, özü də əsrlərlə bundan əvvəl qəbul olunub və ona görə də təəssüf hissi ilə qarşılanır.

Ən gülünc məqamlardan biri ondan ibarətdir ki, Avropa Parlamentinin Qətmanəsində nədənsə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, eləcə də Laçın yolunun son zamanlar “blokada”ya alınması və bununla da Qarabağ ərazisində yaşayan erməni əsillilərin hansısa çətinliklərlə qarşılaşdığı qeyd olunur. Avropparlamentarilər bu yalan üzərindən hələ bir Azərbaycanı Laçın yolunu açmağa da çağırıblar ki, guya əks halda bu, humanitar fəlakət demək imiş. Bir az da irəli gedən parlamentarilər rus sülhməramlıların fəaliyyətini bəyənmədiklərini bəyan edərək, BMT-yə çağırış ediblər ki, dəhlizə faktları qeydə alacaq missiya göndərsin. Hətta rus sülhməramlıların ATƏT-in beynəlxalq sülhməramlı qüvvələri ilə əvəz olunması məsələsi barədə guya də zərurətin olması qeyd olunub. Bu qədər absurd yanaşmanı kimlər, özü də harada edir deyə düşündükdə adamın tükləri biz-biz olur. Avropa Parlamenti bulaq başı deyil ki, kim hansı şayəni istəyir dövriyyəyə buraxa, kimin də ağlına nə gəlir danışa, ittiham edə. Bu yekəlikdə bir qurumun araşdırma aparmadan, həqiqətin nədən ibarət olduğuna da məhəl qoymadan nə gəldi qərar verməsi, qətnamə qəbul etməsi özü absurddur. Doğrudur, onsuz da bütün dünya bilir ki, Azərbaycan nə Ermənistana təcavüz edib, nə Laçın yolunda dırnaqarası “blokada” var, amma bu bilinsə belə, heç olmasa hansısa araşdırma qrupu yaradılardı, kimlərsə ezam olunardı ki, görək hansı “blokada”dan, yaxud hansı təcavüzdən söhbət gedir? Bu qədər cılız yanaşma və bu qədər açıq-aşkar şəkildə ermənipərəstlik olmaz axı.

Sənəddəki çağırışlarda Madrid prinsplərinə istinad olunması isə ümumiyyətlə daha bir absurd yanaşma hesab olunur. Ona görə ki, həmin o Madrid prinspləri artıq tarixdə qalıb və buna hansısa qurumun, özü də Avropa Parlamenti kimi bir qurumun istinad etməsi sual doğurur. Nə maraq var bu sözügedən prinsplərin indi yenidən gündəmə gətirilməsində? Yaxud, sual oluna bilər ki, tarixin zibilliyinə atılan həmin o Madrid prinsplərinin ortaya atılmasına parlamentariləri vadar edən nədir? Arqument tapa bilmirlər, yoxsa əsaslanmaq, istinad etmək üçün heç bir nöqtə belə gözlərinə dəymir? Elə isə nə vadar edir bu qurumu və onun parlamentarilərini? Üstəlik, parlamentarilər həmin prinsplər əsasında sülh danışıqlarının bərpası çağırışı ilə çıxış edirlər. Sülh danışıqları barədə kimə çağırış olunmalıdır? Bəlkə elə parlamentarilərin özlərinə xatırlatma edilsin ki, iki ilə yaxındır sülh danışıqlarını pozan, ən azından bunu uzadan və ləngidən Ermənistan tərəfidir? Bəlkə onların diqqətinə çatdırılsın ki, delimitasiya, demarkasiya, eləcə də sülh danışıqları ilə bağlı məsələlər bilərəkdən Ermənistan tərəfindən əngəllənir və bunun üçün ona bəzi “qardaş” və “bacıları” kömək edirlər və indi həmin o fransız bacılarının ifrat ermənipərəstliyi hesabına Avropa Parlamentinin absurd bir Qətmanə qəbul etməsi özü də sülh danışıqlarını pozmağa xidmət edir?

Hansı Madrid prinsplərindən danışırlar parlamentarilər, Ermənistanın özünün 30 il bundan əvvəl rədd etdiyindənmi? İndi parlamentarilərə nə düşüb ki, Ermənistanın rədd etdiyi Madrid prinspləri onlar üçün belə maraqlı olub? Bəs ermənilər və ya ermənipərəstlər özləri necə, bunun fərqindədirlərmi? Fərqindədirlərmi ki, tərəfini tutduqları ölkənin rədd etdiyi prinsplərə istinad edərək sülh danışıqlarına çağırış edirər və bunun özü də absurddur? Bir halda ki, artıq keçmişdə qalan Dağlı Qarabağ münaqişəsi 2020-ci ilin noyabr ayında öz həllini tapdı və Azərbaycan güc yolu ilə işğal altında olan torpaqlarını işğaldan azad etdi və Ermənistan kapitulyasiya sənədini imzalamalı, razılaşmalara getməli oldu, deməli, prinsplər də həmin razılaşmalar əsasında olmalıdır. Məntiq də bunu tələb edir, qaydalar da. O zaman Avropa Parlamenti getsin razılaşmalarla tanış olsun, razılaşmaların şərtlərinə uyğun sülh danışıqları tələb etsin, özü də Ermənistandan, çünki bu danışıqları pozan məhz həmin işğalçı ölkədir. İndi də ermənipərəst parlamentarilər həmin o razılaşmaları pozan ermənilərin dəyirmanına su tökürlər ki, daha rahat pozmaq imkanları, şansları olsun. Onların Qətnamələri heç də məsələni çozməyə, süıh danışıqlarına xidmət edən deyil, əksinə, daha da qızışdırıcı təsir effektinə malikdir. Çünki erməni separatçıları bircə dəstək axtarırlar ki, öz çirkin niyyətlərini bir də təkrarən ortaya atsınlar. “Təcavüz” ifadəsini dövriyyəyə buraxan parlamentarilər əslində bilməlidirlər ki, bu ifadə özü belə erməni separatçıları üçün bir qığılcım effekti verə bilər və yenə də bölgədə vəziyyəti qızışdıra bilərlər, hərçənd bu dəfə də eyni ilə bundan əvvəlki kimi özləri bunun acısını çəkməli olacaqlar.

Hansı təcavüzdən söhbət gedir və Avropa Parlamenti təcavüz dedikdə nəyi nəzərdə tutur? Axı bu zaman qədər bircə dənə beynəlxalq təşkilat Azərbaycanın Ermənistana təcavüz etməsi barədə bircə dənə də olsun fikir belə səsləndirməyib. Heç bir sənəddə ölkəmizin təcavüzü barədə təsbit olunmayıb, heç oluna da bilməz, bu ədalətsizliyin ekstremum həddi olmuş olar və bununla heç kim barışmaz. Çünki ortada belə bir fakt yoxdur, amma erməni silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi indi yox, hələ düz 30 il bundan əvvəl belə BMT-nin 4 qətnaməsində öz əksini tapmışdı. Həmin qətnamədə işğalçıların işğal etdikləri əraziləri tərk etməsi tələbi də yer alırdı. Azərbaycan həmin o qətnamənin tələblərinə uyğun hərəkət etdi və cəmi 44 gün ərzində BMT kimi bir mötəbər təşkilatın 30 il müddətində edə bilmədiyi, yaxud etmədiyi işi etdi, toparlarını işğalçılardan azad elədi. Deməli, bu mənada da, yəni Azərbaycanın Ermənistana təcavüz etməsi barədə Avropa Parlamentinin qətnaməsində əks olunan da absurddur və bunu elə BMT Qətmanəsi özü hər şeydən əvvəl təsdiq edir.

Bu mötəbər qurum bilmirmi ki, 30 il ərzində Azərbaycanın 20% ərazisi erməni işğalı altında qalıb? Lap elə həmin o 30 il ərzində belə bilmirdimi bu barədə? Bilmirdimi ki, Azərbaycana məxsus torpaqlara soxulan erməni silahlıları müsəlman əhalinin qırğınlarını təşkil edərək əraziləri işğal ediblər? Bilirdi. Bilirdi ki, Xocalı kimi dünyada tayı-bərabəri olmayan bir insanlıq dramını da erməni silahlıları, Ermənistan tərəfi törədib. Bilirdi ki, bu ölkənin o zamankı rəhbərliyi törətdiyi əmələ görə qürrələnirdi də. Yaxşı bəs niyə Avropa Parlamenti qısa zaman kəsiyində deyil, 30 il müddətində bircə dəfə guya indi keçirdiyi kimi narahatlıq keçirdiyini bəyan etmirdi? Ekoaktivistlərin Laçın yolunda ekoloji terrora qarşı dinc aksiyasına “blokada” deyən, bunu humanitar fəlakət adlandıran Avopa Parlamenti niyə ötən əsrin 90-cı illərində erməni silahlılarının, separatçılarının işğal etdiyi Azərbaycan ərazilərində dinc sakinlərə qarşı həyata keçirilən soyqırım və etnik təmizləməyə bir ad vermirmidi və bunları görməməzliyə vururdu? Deməli, etnik təmizləmə, soyqırım deyil, Laçın yolunda ekoloji terrora qarşı dinc aksiya humanitar fəlakət deməkdir? Bu absurd yanaşma deyilmi?

Guya parlamentarilər bilmirlərmi ki, Azərbaycan Laçın dəhlizini bloklamayıb? Bilmirlərmi ki, həmin marşrutla humanitar yüklər daşıyan nəqliyyat vasitələri fasiləsiz şəkildə hərəkət edir? Lap əgər bilmirlərsə, əvvəlcə bu barədə bilgi əldə etsinlər və sonra fikir ifadə etsinlər. Bunu bilmədən etmək özü də absurddur. Amma bu qədər parlamentarinin hamısının bilməməsi də inandırıcı deyil. Hətta parlamentarilər onu da bilirlər, yaxud bilməlidirlər ki, həmin o Laçın yolu ilə erməni separatçıları Azərbaycan ərazilərinə humanitar yüklərdən əlavə minalar da daşıyıblar və 282 nəfər azərbaycanlı 44 günlük müharibə bitdikdən sonra onların daşıyıb gətirdikləri minaların qurbanına çevrilib. Niyə bu barədə parlamentarilər susurlar? Niyə bu vaxta qədər bircə dənə qətnamələrində ermənilərin basdırdıqları minalar və onların ölüm saçan təhlükəsi barədə bircə dənə də ifadə səslənmir? Bu qədər vətəndaşımızın həyatını itirməsi ilə Laçın yolunda keçirilən aksiya nəticəsində guya Qarabağdakı erməni əhalinin çətinliklə qarşılaşması müqaisəyə gələndirmi? Bunları müqaisə etmək özü də absurddur.

Baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə görə Ermənistan tərəfi öz qoşunlarını Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmalı idi, amma hələ də çıxarmayıb. Heç belə bir niyyətinin olduğu da görünmür. Nə də tələsmirlər öz qoşunlarını çıxarmağa. Əksinə, həmin ərazilərə silah-sursat, minalar daşımaq niyyətləri və məramları ortadadır. Bu isə sülh danışıqlarının ruhuna da ziddir, hələ bir gedişinə də, hansı ki, parlamentarilər çağırış edirlər. Bu nə şəkildə çağırışdır? Buna çağırış demək olmaz, bu ancaq ermənipərəstlikdir. Çünki Avropa Parlamenti Ermənistana çağırış etmir ki, silahlı qüvvələrini üçtərəfli bəyanatın şərtlərinə uyğun şəkildə Azərbaycan ərazilərindən geri çəksin, əksinə, Ermənistan ərazilərini boşaltmaq çağırışı ilə Azərbaycana səslənir. Bax bu da absurd şəkildə məsələyə yanaşmadır ki, bunu bütün dünya görür. Bütün dünya görür ki, Avropa Parlamenti bu dəfə ermənipərəstliyini açıq şəkildə ortaya qoyaraq Azərbaycanı absurd şəkildə, özü də ədalətsizcəsinə hədəfə aldı. Təbii ki, belə bir mövqe sərginləməsi Avropa Parlamenti üçün də, parlamentarilərin özləri üçün də nüfuz gətırəcək məqam deyil, əksinə, ilk növbədə bu qurumun nüfuzunun heçə endirilməsi deməkdir. Belə Bəyanatlar, Qətnamələr Azərbaycanı nə öz yolundan çəkindirəndi, nə də haqq işindən döndərən. Belə rutin Bəyanatlar, Qətnamələr keç zaman heç bir təsir effektinə malik olmayıb və Avropa Parlamentini nüfuzdan salmaqdan başqa bunun heç bir təsir effekti olmayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə