Fransa “demokratiyasının” antidemokratiya siyasəti SİYASİ RAKURS+AKTUAL

Sosial ədalət və hüquq tələb edən sadə fransızlar Makronun “dəyənəkləri” altında əzilirlər!

Fransa hakimiyyətinin pensiya yaş həddinin artırılması qərarından dərhal sonra başlayan kütləvi etirazlar artıq iğtişaşlara çevrilib. Sadə fransızlar növbəti dəfə Makron iqtidarının xalqın marağına cavab verməyən qərarlar verməsindən haqlı olaraq hiddətləniblər və nə qədər maraqlı görünsə də, digər ölkələrə demokratiya, insan haqları ətrafında dərslər keçməyə cəhd edən fransız hakimiyyəti özünə məxsus olan “demokratiya” şəklində antidemokratiya siyasəti yürüdür.

PKK terror təşkilatının iğtişaşlarına göz yuman fransız polisi sadə fransızları əzir!

Fakt budur ki, hadisələri təhlil edən çoxsaylı siyasi ekspertlər qruplarının təmsilçiləri də bəyan edirlər ki, Fransa polisi aksiyalara ikili standartlarla yanaşırlar. Məsələn, özünün əzəli vətəndaşlarına – fransızlara qarşı vəhşi üsullara əl atan polis və hakimiyyətin digər güc strukturları nədənsə bir çox ölkələrdə terror təşkilatı kimi tanınan PKK-nın ölkənin bir sıra şəhərlərində dağıdıcı və anarxik yürüşlər keçirən tərəfdarlarına qarşı kifayət qədər mülayim nümasibət göstərib. Belə ki, yanvarın 19-da Parisdə keçirdiyi etiraz aksiyası zamanı təxribatların qarşısını almayıb və proses kənardan izlənilib.

Jan Mişel Brən: “Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir”

Artıq fransız cəmiyyətinin tanınmışları da zorakılığa, qəddarlığa qarşı öz etirazlarını bildirməyə başlayıblar. Misal üçün, "Özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir". “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) mediaya açıqlamasında bildirib ki, Fransa hökuməti əhalinin çoxsaylı etirazlarını nəzərə almayacağını bir daha elan etdi. Onun sözlərinə görə, polis zorakılığı Fransada təkrar-təkrar baş verən problemlərdən birinə çevrilib: "Keçən həftə sülh şəraitində etiraz aksiyası keçirən əhaliyə qarşı polis növbəti dəfə dəyənəklərdən istifadə etdi. Polis dəyənəyi nəticəsində yaralanaraq təcili surətdə əməliyyat olunan bir şəxs artıq məhkəməyə müraciət edib. 2020-ci ildəki etiraz aksiyaları zamanı da Fransa polisi zorakılıq aktları nümayiş etdirmişdi. O zaman ölkə prezidenti Emmanuel Makron və daxili işlər naziri polis zorakılığını nümayiş etdirən videoların sosial şəbəkələrdə geniş surətdə yayıldığını gördükdən bu hala reaksiya vermişdilər. Onlar belə halların bir daha baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz vermişdilər. Lakin təəssüflər olsun ki, bu hallara son qoyulmayıb. Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir".

Media təmsilçisinin sözlərinə görə, Emmanuel Makron əhalinin istəyinin ziddinə gedərək seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışır: "Yanvarın 19-da Fransa əhalisinin təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün ölkənin böyük şəhərləri olan Paris, Marsel və Lionda təşkil olunmuş nümayişlərdə etirazçıların sayı bir milyon yarımı ötüb. Etiraz aksiyalarında xüsusilə nəqliyyat işçiləri, təhsil işçiləri, enerji sahəsində çalışanlar böyük fəallıq göstərdilər. Ölkə prezidenti Emmanuel Makron bu çoxsaylı etirazlara baxmayaraq seçkilər zamanı təqdim etdiyi proqramını həyata keçirəcəyini, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirəcəyini bir daha təsdiq etdi. Unutmayaq ki, Emmanuel Makron prezident seçkilərinin səhərisi vətəndaşların çoxsaylı səslərini toplamasını seçkiqabağı kampaniya zamanı təqdim etdiyi proqramının olmadığını boynuna alaraq, əskinə, ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. Bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir".

Fransa Makronun hesabına nəinki öz demokratiyasını itirir, hətta get-gedə özünün tarixi və qəddar, eləcə də qəsbkar idarəçilik mexanizmlərinə doğru irəliləyir

Bu gün Fransanın aparıcı mətbuat qurumları da Makronun reytinqinin xalq qarşısında çox aşağı düşdüyünü bəyan edirlər. Məsələn, Fransa prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun reytinqi pensiya islahatları fonunda aşağı düşüb. Məsələn, “Lfop” ictimai rəy institutunun sorğusuna əsasən, dövlət başçısı və kabinet rəhbəri pensiya islahatının hazırlanmasına görə müvafiq olaraq iki və dörd xal itiriblər.

“Le Figaro” qəzeti isə yazır ki, Makron indi ötən ilin aprelində yenidən prezident seçildikdən sonra ən aşağı reytinqə malikdir. Belə ki, rəyi soruşulanların 34 faizi dövlət başçısının fəaliyyətindən razı qaldığını bildirib. Prezident seçkilərindən indiyədək bu, yeddi pillə azalma deməkdir.

Etirazçıların da sayı get-gedə artmaqdadır. Fransa Daxili İşlər Nazirliyi yanvarın 22-nə olan məlumatında pensiya islahatlarına qarşı 1,12 milyon etirazçının olduğunu bildirmişdi, bu gün isə etirazçıların sayının 2 milyona çatdığı qeyd olunur.

Bütün bunlar isə bir daha sübut edir ki, artıq Fransa Makronun hesabına nəinki öz demokratiyasını itirir, hətta get-gedə özünün tarixi və qəddar, eləcə də qəsbkar idarəçilik mexanizmlərinə doğru irəliləyir. Belə desək, müasir Avropanın göbəyindəki bu ölkədə orta əsrə aid olan cəza üsulları görünməyə başlayır və bundan sonra Fransada gilyantinlə edam cəzası yenidən hökmə minənsə artıq bundan təəccüblənməyə dəyməz. Çünki bu ölkənin prezidenti Makrondur...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə