“Rusiya sülhməramlıları ayrı-seçkilik siyasəti aparır” AÇIQLAMA

“Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, habelə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi nümayəndələrinin Qarabağda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı məsələlərə aydınlığın gətirilməsi məqsədilə monitorinqin keçirilməsi proseslərini işıqlandırmaq üçün Xankəndinə keçmək istəyən jurnalistlərimizin Rusiya sülhməramlıları tərəfindən bölgəyə buraxılmaması media nümayəndələrinin və ümumiyyətlə, ictimaiyyətin haqlı narazılığına səbəb olub. Qarabağ Azərbaycanın beynəlxalq birlik və o cümlədən, Rusiya tərəfindən tanınmış qanuni ərazisidir və Rusiyada bəlli dairələrin düşündüyü kimi mübahisəli ərazi deyil”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, sülhməramlılar Moskva razılaşmasının şərtlərinə müvafiq olaraq bölgəyə atəşkəs şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək, tərəfləri sabitliyi təhdid edə biləcək hərəkətlərdən çəkindirmək, münaqişənin yenidən alovlanmasına yol verməmək məqsədilə yerləşdirilib, lakin sülhməramlıların hərəkətlərinə diqqət yetirdikdə onların sanki Qarabağdakı separatçı rejimin təhlükəsizliyini təmin etmək məqsədilə buraya yerləşdirilməsi təəssüratı yaranır: “Sülhməramlıların öz hərəkətlərinə də nəzarət Azərbaycan dövlətinin, onun müvafiq strukturlarının qanunvericiliklə təsbit olunmuş səlahiyyətlərindədir, ictimai nəzarət və monitorinqi isə məhz Azərbaycan mediası da həyata keçirə bilər. Qarabağın erməni icması və Azərbaycan arasında etimadın, anlaşmanın əldə edilməsində media, KİV-ləri də öz töhfəsini verə bilər. Bunu isə medianın Qarabağdakı hadisələri işıqlandırması vacibdir. Digər tərəfdən Azərbaycanın media nümayəndələrini Xankəndinə buraxmayan Rusiya sülhməramlıları onda Ermənistan mediasının, Rusiya və digər dövlətlərin media nümayəndələrini də Xankəndinə girməsinə imkan verməməlidirlər və ümumiyyətlə, bütün bunlar Azərbaycanın bu sahəyə məsul qurumları ilə razılaşdırımış şəkildə həyata keçirilməlidir, gerçəkdə isə bizlər fərqli mənzərəni müşahidə edirik, Ermənistan, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya və digər dövlətlərin media qurumları tez-tez Xankəndində olur, reportajlar hazırlaşır, efirə verirlər. Bu mənada Rusiya sülhməramlıların ayrı-seçkilik siyasəti nəinki etiraz və narazılıq doğurur, eyni zamanda, bu ilin fevralında Azərbaycan və Rusiya arasında Moskvada imzalanmış məlum müqavilənin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın müddəalarının tələbləri ilə ziddiyyət təşkil edir və anlaşılan deyil. Bununla bağlı məsələ dövlətimizin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülməli, baş vermiş insidentin səbəbləri hüquqi müstəvidə araşdırılmalı və belə halların bir daha təkrar edilməməsi üçün müvafiq qurumlarla danışıqlar aparılmalı, qanunvericiliyin tələb etdiyi bütün tədbirlər həyata keçirilməlidir, indiki halda yalnız ictimai narazılıqla kifayətlənmək bir daha belə halların baş verməməsindən sığortalanma anlamında qəbul olunmamalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə