Sülhməramlıların, yoxsa ermənilərin hayı? - RAKURS

Azərbaycanın ekoloji təftişi “hay”ların ritorikasını dəyişdi

Ermənistan ikibaşlı oyunlarını davam etdirir. Gah Rusiyanın rəhbərlik etdiyi KTMT-nin gücündən istifadə etmək üçün Putinə dil tökür, gah Pelosini okeanın o tayından sürüyərək İrəvana gətirir ki, Moskvaya gözdağı versin, gah İrana meyllənir, gah da Fransanın göz-qaş işarəsinə “naz” atır. Sadəcə, bir qabiliyyəti yoxdur, regionda özünün başlatdığı və ağır məğlubiyyətə düçar olduğu müharibədən sonra ona uzadılan əli tutmaq. Bunda da çətinlik çəkir. Niyə? Çünki, sözünün ağası deyil, başqalarının diqtəsi ilə bu günə qədər yaşayıb və bundan sonra da müstəqil yaşamaq iqtidarında deyil.

İrəvan əvəzində baş verən hadisələrdən yanlış nəticələr çıxarmaqdadır. Yəqin ki, ötən şənbə günü Şuşa-Xankəndi yolunda baş verən hadisələrdən xəbərdarsınız. Ermənistanın hələ də ümidlə baxdığı, amma heç vaxt da özününküləşdirə bilməyəcəyi Qarabağda separatçıların əli ilə yeraltı sərvətlərimizi talaması, o cümlədən üçtərəfli bəyanatın maddələrinə uyğun olaraq müvəqqəti yerləşdirilmiş sülhməramlıların nəzarət etməli olduğu ərazilərdə baş verən hadisələr ölkə ictimaiyyətinin əsəblərini tarıma çəkdi. Bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və “Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrinin bölgəyə gəlməsi və cavabdeh şəxslərdən baş verənlər barədə hesabat istəməsi Ermənistan cəmiyyətində böyük təlaşa səbəb oldu. Ermənistan rəsmiləri Laçın dəhlizinin 3 sata qədər qapalı qalmasını “ermənilərə qarşı soyqırımı törədilir” yalanını dünyaya car şəkdilər. Baş verənləri yeni müharibə kimi qələmə verdilər. Separatçılar isə bunu “suveren dövlətin ərazilərinə müdaxilə” adlandırdılar. Halbuki, Ermənistan və ermənilər sadəcə, dünyanın yenə lal və kar, o cümlədən kor olduğunu düşünürlər. Çünki hələ də ötən əsrin ab-havasındadırlar. İkinci erməni dövlətini yaratmaq iştahasındadırlar. Amma…

Amma indiyə qədər himayəsində olduqları Moskvanın onlardan üz çevirdiyinin fərqində deyillər. Rusiya indi öz hayındadır, bu “hay”larla yeni işlər quracaq vəziyyətdə deyil. Türklər demiş, dəngələr dəyişib, dünənki hegemon dövlətlər bu gün başını qorumağa yer axtarir. Bəli, ermənilər də bunu deyirlər. Bildirilər ki, Kreml konkret olaraq Azərbaycan-Türkiyə tandeminə üz tutur və erməni dövlətlərinə arxa çevirir. Rusiya artıq açıq şəkildə Qarabağın Azərbaycanın tərkibində olmasına qəbul edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cümə axşamı keçirdiyi mətbuat konfransında “Alma-Ata bəyannaməsi çərçivəsində münasibətləri normallaşdırmaq üçün Ermənistan və Azərbaycanın Praqada razılaşması ilə məsələ asanlaşdı” bəyanatı açıq və birmənalı şəkildə göstərir. Lavrov əlavə edib ki, bəyannamədə Qarabağın birmənalı olaraq Azərbaycanın bir hissəsi olduğu bildirilir: “Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan o qədər də yox, Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinin zəruriliyindən danışır. Azərbaycan tərəfi buna hazırdır, onlar bunu müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqların bütün təminatlarını verməyə hazırdırlar”.

Ermənistan bu yanaşmanı “maskalar cırıldı” kimi qəbul edib: “Lavrov elə adam deyil ki, Putinlə razılaşmadan nəsə deyə bilsin. Bu o deməkdir ki, Kreml konkret olaraq Azərbaycan-Türkiyə tandeminə üz tutur və erməni dövlətlərinə arxa çevirir. Axı, xatırladığımız kimi, son iki ildə Moskva Putin və Lavrovun ağzı ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin zəruri olduğunu irəli sürdü və Qarabağın statusu məsələsini unutdu. Etiraf etmək lazımdır ki, indi Moskva mövqeyini dəyişib.

İrəvanda düşünürlər ki, Moskva indi Azərbaycan və Türkiyə meydanında oynadığından Putin Lavrova nə deyirsə, o da edir: “İndi Lavrov Paşinyana hədsiz qəzəblidir. Moskvanın həqiqətən də İrəvana qəzəblənməli bir səbəbi var. Birincisi, Putin Paşinyanın İrəvanda KTMT-nin yekun bəyannaməsini imzalamaqdan imtina etməsinə çox qəzəblənib. Amma burada hər şey qaydasındadır və ölkəmizin cəmiyyəti əksər hallarda Baş nazirin qəti və prinsipial mövqeyini dəstəkləyir. Əgər KTMT-yə üzv dövlətlərin başçıları İrəvana gəldikdən sonra da Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə təcavüzünə aydın siyasi qiymət verə bilmirlərsə və müvafiq olaraq bu təcavüzə cavab verə bilmirlərsə, onda Paşinyan niyə belə bir kağıza imza atmalıdır? Sadəcə Putin və KTMT-nin imicinə görə? Yaxşı, sizin imiciniz təhlükədədir və bizim üçün bu, ölkənin və onun əhalisinin təhlükəsizliyi məsələsidir. Ona görə də Paşinyan ağıllı hərəkət etdi və ölkə daxilində ona dəstək oldu”.

Bəs Paşinyanın getdikcə daha çox Qərbə doğru sürüklənməsi Rusiyanın xoşuna gəlirmi? Əlbəttə, Paşinyanın öz ərazisində Aİ missiyasına razılıq verməsi Moskvanın xoşuna gəlmir, çünki ruslar özləri orada möhkəmlənmək istəyirdilər. Bəs Ermənistan-Azərbaycan sərhədində Rusiyanın digər missiyası ermənilərə nə verəcəkdi? Axı onlar ermənilərin “müttəfiqi” olmaqla yanaşı, Azərbaycan ordusunun hərəkətlərini dəstəkləyirlər.

Bundan əlavə, Rusiya ehtiyat edir ki, Ermənistan öz ərazisində Aİ-nin mülki missiyasına razılıq verməklə eyni şəkildə hərbi missiyanı, məsələn, Fransa ordusunu və ya hətta NATO-nu birbaşa dəvət edə bilər. İrəvanın Paris və Vaşinqtonla əlaqələrini genişləndirməsi, amplitudasını artırması Kremlin də ürəyincə deyil. Yeri gəlmişkən, ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri, səfir Filip Riker İrəvanda oldu. Bu da Moskvanın ürəyində onsuz da çox olan xalların sayını artırdı. Həm də Lavrovun ağzı ilə danışan və erməniləri qorxudan Moskvanı qəzəbləndirir. Rusiyanın davranışını nəzərə alsaq, həm Qarabağın statusu məsələsində hər şey itirilib. Ermənistan buna da razıdır, təki Kremlin həddindən artıq sərt himayəsindən qurtulsun. Bugünkü Ermənistan Köçəryan və Sarkisyan dövrünün Ermənistanı deyil, daha çox Qərbə meyllənmiş bir vassal ölkədir.

Ermənistanda siyasətçilər, indiki və keçmiş hakimiyyət nümayəndələrinin yekdil qənaəti budur ki, Paris, Aİ və Vaşinqtondan gələn təkan Ermənistanın düzgün istiqamətdə - Rusiyadan uzaqlaşaraq, ABŞ səfiri Treysinin dediyi kimi, daha parlaq gələcəyə doğru irəlilədiyini deməyə əsas verir.

“Mülki müqavilə” partiyasından olan deputat Ovik Aqazaryan deyib Laçın dəhlizinin bağlanması qeyri-adi bir şey deyildi: “Bu hallar təkrarlanacaq. O, yolu bağlayanlar bu gün ekoloji fəallar idi, sabah başqa bir qurumun nümayəndələrinin olacağına əminik. Əgər azərbaycanlıların dəhlizdən silah və sursat daşındığından şübhələri varsa, bu məsələləri Rusiya sülhməramlıları ilə aydınlaşdırmalıdırlar. Azərbaycanlılar bu cür hərəkətləri ilə ermənilərə çətinlik yaratmağa, onları Qarabağdan qovmağa çalışırlar. Bu kimi problemlərin həlli ilə bağlı Rusiya sülhməramlılarının mandatı çərçivəsində müvafiq qiymət verməli, onlara cavab verməliyik”. Göründüyü kimi, ermənilərin məqsədi Azərbaycanla Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarını üz-üzə qoymaqdır.

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” olmuş topal Seyran Ohanyan isə bir fərqli düşünür. O qeyd edib ki, “Qarabağdakı “hakimiyyət” Ermənistan rəhbərliyinə arxalana bilməz, Rusiya və Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə buna uyğun işləməlidir. Rusiya və Rusiya sülhməramlıları ilə əməkdaşlığın sərhədləri tapılmalıdır. Qoy dünya “Qarabağ ordusu”nun rolunu nədən ibarət olduğunu anlasın”.
Azərbaycanda sepatratçılığın sona çatdığına az adam inanar, xüsusən də erməni separatizminin, sülhməramlıların arxasında gizlənib qətllər, təxribatlar törətməyə hazır olan xəyanətkarların. Biz isə hər kəsin yerini özünə göstərməliyik, sülhməramlılara fəaliyyət istiqamətlərini, ermənilərə isə Ermənistana gedən yolu…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə