Rusiyanın, yoxsa Volkovun “sülhməramlıları”? - RAKURS

Bütün müharibələrin başlama və bitmə şəraiti demək olar ki, eynidir. Məhəlli, yəni iki ölkə arasında gedən müharibənin səbəb və hansı tempindən, eyni zamanda itkilərin qədərindən asılı olmayaraq sonu təxminən eyni bitir. Kiminsə, hansısa beynəlxalq təşkiların, yaxud dövlətlər birliyinin vasitəçiliyi ilə danışıqlar başlayır və yekunda tərəflər arasında sülh imzalanır. Bəzən belə də olur ki, müharibə sona çatsa da bəzi məsələlər həllini tapmadığı üçün sülhməramlılara ehtiyac duyulur. 44 günlük Qarabağ savaşında olduğu kimi...

Birinci Qarabağ müharibəsi SSRİ-nin dağıldığı ərəfədə başlandı. Bəzi siyasətçilər isə SSRİ-nin dağılmasını Qarabağda başlanan münaqişə ilə əlaqələndirirlər. Guya bu münaqişə olmasaydı Sovet hakimiyyəti süqut etməzdi. Amma bu, bir az yanlış fikirdir, SSRİ-nin parçalanma planı xey li onilliklər idi ki, masada vaxtını və şəraitin yaranmasını gözləyirdi. Parçalanmaya səbəb olan faktorlardan biri də Qarabağ münaqişəsi idi desək, daha doğru olar.

Yəqin ki, müharibənin başa çatdığı tarixi xatırlayırsınız. Ağır məğlubiyyətə uğrayan Ermənistanın yalvarışlarından və kapitulyasiya aktına imza atmaq niyyətini açıqlayandan sonra 9-10 tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Paşinyan arasında üçtərəfli bəyanat imzalandı. Azərbaycan ordusu hücum əməliyyatlarını dayandırdı və bəyanatın maddələrinə uyğun olaraq qalan ərazilərdən erməni qoşunlarının çıxma vaxtı təyin edildi, bölgədə qalan erməni əsilli vətəndaşların müvəqqəti təhlükəsizliyini, eyni zamanda verilən vaxt ərzində onların Azərbaycan xalqına inteqrasiyasını təmin etmək üçün bura Rusiya sülhməramlı qüvvələri yerləşdirildi. Bəli, sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsinə hər üç ölkə razılıq verdi, 5 il müddətində onların bölgədə fəaliyyət planları tərtib edildi. Türkiyə və Rusiya hərbi mütəxəssislərindən ibarət Monitorinq Mərkəzi yaradıldı. Ağdamın Muğanlı kəndində yaradılan Mərkəzin funksiyasına isə sülhməramlı qüvvələrin və bölgədə baş verə biləcək qarşıdurmaların öyrənilməsi və aradan qaldırılması aid idi.

Yuxarıdakı sonuncu cümləni niyə keçmiş zamanda işlədirik, bu da səbəbsiz deyil. Çünki, nə adıçıkilən Mərkəz, nə də Rusiya sülhməramlı qüvvələri tapşırılan işlərin, vəzifələrinin öhdəsindən lazımi şəkildə gəlmirlər. Gələ bilmirlər, yox, gəlmirlər. Rusiya sülhməramlılarının ilk komandiri general Muradov idi, Rusiya qəhrəmanı. Döyüş yolu həm Rusiyanın , həm də digər ölkələrin ərazisindən keçmişdi, təcrübə sarıdan kasad deyildi. Amma gəldiyi gündən ermənipərəst siyasət yürüdəcəyi, ermənilərin ağlı ilə oturub duracağı, erməni ağzı ilə danışacağı bəlli idi. Ayağını Qarabağ torpağına basan kimi buraların Azərbaycan yox, sanki Ermənistan olduğunu düşündü və belə davrandı. Bəyanata inansaq, orada Rusiya sülhməramlılarının gəlişi ilə paralel olaraq erməni silahlı qüvvələrinin Qarabağı tərk edəcəyi haqda konkret bənd var. Amma Muradov bəyanatda yazılanları belə görməzdən gələrək separatçıların atributlarına belə toxunmadı. Əvəzində isə ilkin olaraq Qarabağda qanunsuz məskunlaşmış, lakin müharibə zamanı buraları tərk etmiş ermənilərin geri qayıtmalarını təmin etdi. Halbuki, bunun sülhməramlıların səlahiyyətinə heç bir dəxli yox idi. Onlar bölgədə olan insanların təhlükəsizliyinə cavabdeh idilər. Onların siyasətə qarışmaq, tərəf tutmaq kimi mənfi fəaliyyətləri də qəbahət sayılır. Amma Rusiya sülhməramlılarının sülh yaratmaqdan, sülhə töhfə verməkdən, iki xalqı barışdırmaqdan, onları birgəyaşayışa alışdırmaqdan başqa bütün çirkli işlərə əl atdıqları hər kəsə bəllidir. Bu barədə Azərbaycanın rəsmi dövlət orqanları tərəfindən Rusiya sülhməramlılarına, onları bu bölgəyə göndərən Rusiya Müdafiə Nazirliyinə dəfələrlə etiraz məktubları ünvanlanıb. Amma hələ də müsbət dəyişiklik gözə çarpmır.

Son bir həftə ərzində Azərbaycan Müdafiə nazirliyinin Rusiyanın eyni adlı qurumuna etiraz məktubları tirajlanır. Sülhməramlı kontingentin Müdafiə Nazirliyimizin müraciətlərinə etinasız yanaşması təəssüf doğurur. Sonuncu xəbərdarlıqların birində deyilir: “Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.
Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR.

Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik”.

Bəli, öz missiyasını bilərəkdən yerinə yetirməyən Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrini uydurma erməni adları ilə təqdim etməsi yolverilməz olduğu qədər də, qanunsuzdur. Sülhməramlıların Qarabağın aid olduğu dövlətin rəsmi orqanlarının etirazlarına adekvat cavab vermək istəməməyinin səbəbi nədir? Separatçıları nə vaxta qədər dəstəkləyəcəklər? 5 illik müddətə regiona yerləşdirilmiş sülhməramlıların ömrünə cəmi 3 il qalıb. İki il müddətində heç bir iş görməyən, iki xalqın birgə yaşayışını təmin edə bilməyən, əksinə erməni separatçılarının qol-qanad açmasına, silah-sursatla təmin olunmasına yardımçı olan sülhməramlılar kimə lazımdır?

Azərbaycan Müdafiə Nazirliyi son günlər bir neçə dəfə buna etiraz bildirsə də, Rusiyanın sülhməramlı kontingenti bu açıqlamara etinasız yanaşır, Rusiyanın aidiyyəti dövlət qurumları da (MN, XİN və s.) buna reaksiya vermir. Əslində Azərbaycan-Rusiya münasibətlərinin normal məcrada inkişafı fonunda sülhməramlı kontingentin belə etinasızlığı Azərbaycan ictimaiyyətini təəccübləndirir və həm də hiddətləndirir.

Rusiya sülhməramlılarının indiki komandanı general Volkovdur. Bu şəxs də peşəkar hərbçidir, onun da hərbçi ömrünün bəzi ştrixləri müharibə qoxuludur. Bir çox qaynar nöqtələrdə olub. Volkov 1986-cı ildə Əfqanıstanda zabit kimi xidmətə başlayıb. Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.

Bir sözlə, münaqişə bölgələri onun alışdığı yerlərdir. Amma siyasətçi deyil, bölgənin xalqları, xüsusən münaqişə tərəfləri – azərbaycanlılarla ermənilərin xarakterik xüsusiyyətlərinə, münaqişənin tarixinə bələd deyil. Amma özünü sülh yaradan yox qubernator kimi aparır. Volkovun belə “cəsarətlənməsi” Vardanyanın gəlişindən sonra hiss olunmağa başlayıb. Bilmək olmur, Rusiyanın mövqeyini ölkənin siyasi rəhbərliyi müəyyənləşdirir, ya Volkov? Bu general bir dəfə də olsu Azərbaycanın rəsmi dövlət qurumlarının rəhbəri ilə görüşü olmayıb. Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Xocavənd, Cəbrayıl Qubadlı, Füzuli, yaxud Zəngilan rayonlarının rəhbərlərindən biri ilə görüş keçirməyib. Fəaliyyəti barədə hətta Monitorinq Mərkəzinə hesabat verməyib. Versəydi mətbuatda bu barədə heç olmasa bir cümlə yazılardı. Volkov özünü lap 1980-ci illərin sonunda, münaqişənin təzə-təzə qızışdı vaxtda Qarabağda yaradılan Xüsusi Komitənin rəhbəri olmuş Arkadi Volski kimi aparır. Volski “ənənə”sinin davam etdirilməsi əlbəttə, yolverilməzdir.

Tarixmi təkrarlanır, ya nə? Arkadi Volski də 1980-ci illərin sonlarında keçmiş Dağlıq Qarabağda gərginlik yaşananda bura “komendant” təyin olunmuşdu. Azərbaycan vətəndaşları arasında ondan “razılıq” edənlər də var idi. Əlbəttə, bu yanlış münasibət ermənilərin xeyrinə idi. Volskinin erməni sevgisi də hər kəsə aşkar idi. “Dağlıq Qarabağ Muxtar vilayəti”nə ilk gəlişində İcraiyyə Komitəsinin inzibati binasının üstündəki Azərbaycanının bayrağını Ermənistanın bayrağı ilə əvəzlənməsi təşəbbüsü də Volskinin idi.

Volski xatirələrində onun Qorbaçov tərəfindən zorla Qarabağa göndərildiyi barədə qeydlər var. Guya o gəlmək istəmirmiş, amma gələn kimi nə qədər ermənipərəst olduğunu və birinci katibin göstəriş və əmrlərinin necə yerinə yetirdiyini əməlləri ilə göstərdi. Volkov da sələfindən geri qalmır, özünü müharibə-münaqişə generalı kimi aparır. Başa düşmək olmur, Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar burada əbədi qalmağımı düşünürlər? Onlar 5 ilin hesabatını verərkən o vərəqdə nələri qeyd edəcəklər? Əlbəttə, belə davam etsələr sülhməramlılarınAzərbaycan rəhbərliyinə verəcəkləri hesabatda müsbət bir cümlə, təqdir olunası bir fikrin yazılmayacağına əminik, Ermənistana və Paşinyana isə...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə