Ekoloji problemlər: mövcud vəziyyət nə göstərir? - ANALİZ

Azərbaycan uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həll edilməsi üçün xüsusi proqrama ehtiyac var. Hazırda əsas ekoloji problemlər bunlardır; su ehtiyatlarının çirkləndirilməsi və su itkisi, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosferin çirklənməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunması, biomüxtəlifliyin qorunması və meşə ehtiyatlarının mühafizəsi. Bu məsələlər kompleks şəkildə həll olunmalıdır.

Azərbaycan ərazisində biomüxtəliflik

Ən zəngin təbii sərvətlərə malik ölkələrdən olan Azərbaycan ərazisində 9 iqlim zonası üzrə 4500 növədək ali bitkilər qeydə alınıb ki, bu da Qafqazın növ tərkibinin 64%-ni təşkil edir. Bu bitkilərin 7%-i yəni 240 növü endemik və relikt olub 108 cinsə və 36 ailəyə daxildir. Ölkə ərazisində 48 ailə və 135 cinsə mənsub 107 ağac və 328 kol bitir. Bu da bitki növlərinin 11%-ni təşkil edir. Dendrofloranın tərkibində 70-dən artıq endemik növlər mövcuddur ki, onlar da ağac və kolların ümumi sayının 16%-ni təşkil edir. Azərbaycanın “Qırmızı Kitabı”nın sonuncu nəşrinə (2013) 150-ə yaxın bitki növü daxil edilib.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir.

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nda faunanın da qorunmağa ehtiyacı olan növləri haqqında məlumat verilir. Siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai (6 yosun, 13 şibyə və 1 mamır) bitkilərə və 14-ü göbələk növlərinə aiddir. Həmçinin, kitaba nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilmişdir.

Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq, 24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır.

Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 595 min hektardır və ümumi ərazinin 10%-ni təşkil edir. Milli Parklar ölkə ərazisinin 5 faizini təşkil edir.

Bununla yanaşı bir Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər. Bununla yanaşı bir Qobustan tarixi təbiət dövlət qoruğu və Bakı Dənizkənarı Milli Park fəaliyyət göstərir.

Ərazimizin 11%-ni meşələr təşkil edir ki, bu da qəbul edilmiş beynəlxalq normalardan 2 dəfə azdır. Azərbaycan torpaqları zəngin və rəngarəng floraya malik olsa da meşəlik baxımından kasad region sayılır. Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub, dağ və dağətəyi meşələr qırılıb sıradan çıxır. Azərbaycanın “Qırmızı Kitabı”na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan növlər daxil edilib. 400 növdən artıq bitkinin xüsusi mühafizə olunmasına ehtiyac var.

Qeyd etmək lazımdır ki, son vaxtlar əhali və müvafiq emal müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin arması müşahidə olunur.

Su hövzələrinin çirklənməsinin ekoloji vəziyyətə təsiri

Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatı yoxdur. Cənubi Qafqazda ən az su ehtiyatı Azərbaycandadır. Təbii ki, suyun çatışmamasında mövcud ehtiyatlardan səmərəli istifadə edilməməsinin də rolu var.

Azərbaycanın su hövzələrinin çirklənmə dərəcəsi yüksəkdir. Əsas təbii su hövzəsi olan Xəzər dənizinə ildə təxminən 12 mlrd. kubmetr çirklənmiş su axıdılır ki, bunun da 80 faizindən çoxu Rusiyanın payına düşür. Azərbaycan ərazisindən isə, dənizə hər il 250 mln. kubmetrdən artıq çirkli su axıdılır. Bunun nəticəsində hazırda Bakı buxtasında 60 mln. kubmetrdən çox çirkləndirici maddələr toplanıb.

Azərbaycanın su hövzələri arasında maksimal antropogen gərginlik əsas su arteriyası olan Kür çayı hövzəsinə düşür. Kür suyunun 74 %-i Türkiyə, Gürcüstan və Ermənistan ərazilərində formalaşır. Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə ildə orta hesabla Ermənistan 300 mln. kubmetr, Gürcüstan 265 mln. kubmetr, Azərbaycan isə 25 mln. kubmetr çirklənmiş su axıdır və bunun nəticəsində çay suyu mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənir.

Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə Kür çayına ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Çay suyunda nitratlar normadan 4 dəfə , neft məhsulları 2-6, mis və fenollar isə 20 dəfə artıqdır. Kürün çirklənməsi ölkəmizin ərazisində də davam edir. Burada karbohidrogenin miqdarı normadan 36, fenolların miqdarı isə 10 dəfə artıqdır.

Ən güclü çirklənməyə məruz qalan Kürün sağ qolu olan Araz çayıdır. Ermənistanın Qacaran dağ-mədən və Qafan mis-molibden kombinatlarının, Metsamor AES-in tullantıları Arazın ekoloji vəziyyətini son dərəcə kəskinləşdirib. Çay sularında misin miqdarı yol verilən həddən 1000 dəfə, molibdenin miqdarı isə 2-3 min dəfə artıqdır.

Atmosferin çirklənmə səbəbləri və bunun canlı aləmə təsiri

Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, bir çox kimya və digər sənaye müəssisələrinin fəaliyyətini dayandırması nəticəsində stasionar mənbələrdən atmosferə atılan tullantıların miqdarı 20 il əvvələ nisbətən xeyli azalıb. Bundan başqa atmosfer havasının mühafizəsinə yönəlmiş bir çox tədbirlərin həyata keçirilməsinin böyük təsiri var. Belə ki, neftayırma zavodlarında köhnə neftayırma qurğularının yeniləri ilə əvəz olunması, bir çox qeyri-mütəşəkkil tullantı mənbələrinin ləğv edilməsi, tərkibində kükürd birləşmələrinin miqdarı çox olan neftin emalının dayandırılmasını, «Qaradağ» sement zavodunda elektrik süzgəclərinin əsaslı təmir olunması və digər toztutucu qurguların yeniləri ilə əvəz olunması və s. göstərmək olar.

Lakin son dövrdə avtomobil nəqliyyatının intensivləşməsi nəticəsində səyyar mənbələrdən atılan tullantıların payı təxminən 50%- təşkil edir.

Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neftkimya və energetika müəssisələri və avtonəqliyyatdır. Beş ən iri şəhərin (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı) payına bu tullantıların 96%-i düşür.

Statistik hesabatlara görə sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına ildə 1 milyon tona yaxın zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərində isə atmosferə il ərzində yarım milyona tonadək zərərli maddələr atılır.

Atmosferə atılan bir çox zərərli maddələri azaltmaq məqsədilə «Yol verilən qatlıq həddi» qəbul olunub. Qeyd edək ki, karbon oksidinin havada konsentrasiyası 0,02-0,75% olduqda oteresklerozun yaranmasına, mərkəzi əsəb sisteminin pozulmasına, miokard infarktının və ağ ciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Tərkibində 0,2-0,25 % karbon oksidi olan hava ilə 30 dəqiqə nəfəs aldıqda özündən getmə halları ola bilər. İnsan orqanizminə təsirinə görə azot oksidi karbon oksidindən 10 dəfə zərərlidir, kükürd oksidi nəfəs yolu ilə insan orqanizminə düşdükdə maddələr mübadiləsinin pozulmasına səbəb olur, aldehidlər insanın mərkəzi əsəb sistemi üçün təhlükəlidir. Benz(a)piren və qurğuşun oksidinin insan orqanizminə zərərli təsiri isə dəfələrlə artıqdır.

Torpaqların çirklənməsində antropogen amillərin rolu

Ölkəmizin torpaq-bitki örtüyü olduqca müxtəlifdir. 8,6 milyon hektar ümumi torpaq fondunun təxminən yarısı- 4,2 milyon hektarı- kənd təsərrüfatına yararlıdır. Bu torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma və kimyəvi çirklənmə nəticəsində deqradasiya geniş vüsət alır.

Bu prosesdə xüsusilə intensiv rol oynayan faktorlardan biri də eroziya prosesləridir. Ölkəmizdə 3,7 mln. ha və ya 43% torpaq sahəsi bu prosesin təsirinə məruz qalıb ki, bunun 0,7 mln hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı əkinçiliyin aşağı səviyyədə olması, sistemsiz olaraq mal-qaranın otarılması, meşə və yaşıllıqların məhv edilməsi və s. antropogen amillərdir.

Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində on min hektarlarla torpaq korlanıb sıradan çıxır. Ölkəmizin 1,2 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı- 600 min ha-dan artığı suvarılan sahələrdir. Təxminən 300 kv km ərazi sel suların təsirinə məruz qalır. Xüsusilə təhlükəli zona Böyük Qafqazın dağ silsiləsini əhatə edir və hər 2 ildən bir təsadüf edən sel suları təxminən 1 mln. kubmetrədək torpağı yuyaraq təbiətə külli miqdarda ziyan vurur.

Tullanntıların təkrar emalı çıxış yoludurmu?

Mövcud ekoloji problemlərdən biri də təhlükəli tullantıların idarə olunması, yəni ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır.

Adı çəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.

Ona görə də, tullantıların çeşidlənməsi və təkrar emalı həm iqtisadi cəhətdən faydalıdır, həm ekoloji qorunma deməkdir. Bakıda Məişət Tullantılarının Emalı Zavodunun fəaliyyətə başlamasından sonra bu sahədə müəyyən uğurlu nəticələr əldə olunub. Sadəcə, belə zavodların sayı artırılmalı və digər şəhərlərdə də yaradılmalıdır.

Ekoloji mühitin qorunması təkcə dövlətin işi olmamalıdır. Ekoloji sağlamlaşdırma proqramının həyata keçirilməsində aidiyyatı nazirliklər, eləcə də qeyri-hökumət təşkilatları yaxından fəal iştirak etməlidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə