Peşəkar jurnalisti necə təyin etməli? - TƏHLİL

Peşəkar jurnalistika bir çox ölkədə mətbuatın yaralı yeridir. O yaranın yaranmasına səbəb isə bir çox mətbu orqanda işə cəlb olunma yollarının peşəkar olmamasıdır. Belə ki, bəzi kütləvi informasiya vasitələrində əsasən qohumluq, tanışlıq və ya oxşar səbəblərdən yuxarı post tutmaq, qeyri-peşəkar kimi peşəkarlara iş buyurmaq mümkündür. İşə götürülərkən peşəkarlığın yox, başqa kriteriyaların əsas götürülməsi isə, təbii olaraq, işimizə maneə törədərək ümumi media bazarına zərər vurur. Media orqanlarının peşəkar kollektiv yaratmaq üçün jurnalist təşkilatları ilə əməkdaşlıq etməsi, peşəkar jurnalistlər ilə universiteti yeni bitirmiş və təcrübəsiz gənclər arasındakı fərqi anlaması bu sahədə uğura səbəb ola bilər.

Ümumiyyətlə, jurnalistləri özündə birləşdirən təşkilatlar jurnalistlərin peşəkarlığı, keyfiyyət prinsipləri ilə bağlı bir sıra məlumatlara sahib olmalıdır. Belə hesab edirəm ki, mətbuatın peşəkarlaşmasında jurnalist təşkilatları vacib işlər görə bilər. Məsələn, onlar peşəkar jurnalistika ilə bağlı kriteriyalar açıqlaya bilərlər, onların açıqladığı meyarlardan istifadə edib qiymətləndirmə zamanı peşəkarlıq baxımından yaxşı seçim etmək olar. Jurnalistin işə qəbulu zamanı komissiya yaradılıbsa, o komissiyada bir nəfər nümayəndə jurnalist təşkilatlarından ola bilər. Amma gəlin görək bu gün hansı media orqanında bu cür işə qəbul qaydaları var?

Bu, o halda mümkündür ki, media təşkilatlarının özləri bir koorparasiya olsunlar. Azərbaycanda vəziyyət elədir ki, media rəhbəri mətbuatdakı jurnalistlərin demək olar ki, hamısını tanıyır. Çünki media bazarı çox kiçikdir, peşəkar jurnalistlərin sayı o qədər də çox deyil. Yəni, kim nə yazır, nədən yazır, redaktorlar hamısını yaxşı bilir və peşəkarı ayırd etmək 2x2 qədər asandır.

Kollektivini gəncləşdirmək istəyən redaktor ola bilər ki, universiteti yeni bitirən və bu sahədə işə yeni başlayan jurnalistləri tanımasın, amma yeni jurnalistin işə qəbulu üçün də bir neçə yazısını oxumaq kifayət edir ki, onun potensialını anlasın. Təcrübə qazanılandır, lakin potensial qazanılmır, necə varsansa o cür də davam edəcəksən. Gəlin nəzərə alaq ki, Azərbaycanda jurnalist birlikləri və ya təşkilatları özləri də jurnalistlərin peşəkarlığı ilə bağlı böyük işlər görmürlər.

MEDİA təsis olunandan sonra bu istiqamətdə müəyyən qədər canlanma baş verdi, könüllülərin, yeni məzunların media savadlılığının artırılması və peşəkar kadr kimi yetişməsi üçün müəyyən işlər görülür. Prinsipcə, bu cür də olmalıdır. Eyni zamanda, media orqanlarının rəhbərlərinin jurnalist təşkilatları ilə əməkdaşlıq etməsi yaxşı ideyadır. Jurnalist xüsusi treyninqlər, kurslar keçirsə, ictimai fəaliyyət göstərirsə bu peşəkarlıq üçün yaxşı göstəricidir.

Amma bu məsələyə bir qədər real baxaq. Azərbaycanda bir media orqanı yaratmaq üçün nə tələb olunur? Əlbəttə ki, ilk növbədə yaxşı maliyyə dəstəyi olmalıdır. Dolayısı ilə vəsaiti ayıran şəxsin istəkləri, tələbləri olacaq. Kimləri işə götürmək, kollektivi necə formalaşdırmaq da çox vaxt onun diqtəsi ilə olur. O sizin qabağınıza siyasi, iqtisadi, ictimai sərhədlər qoyacaq, nələrə toxunmaq, nələr barədə yazmamaq haqda tələbləri olacaq. Bu da jurnalistikaya peşə əxlaqi kodeksindən, qanun baxımından ziddir. Bu halda peşəkar kollektivi necə yaratmaq olar? Əgər bizdə azad media bazar olaydı, bu mümkün olardı.

Qəzetlərin peşəkar yazıları, saytların şou xəbərlərinə uduzur. Peşəkar araşdırmaları, təhlilləri, analizləri yazan peşəkar jurnalistlər, əlində mikrofon şou-biznes nümayəndələrinin dalınca qaçıb hər addımını yazan jurnalistlərə uduzur. Mediada reklam bazarı da elə bazar xaosu ilə işləyir, kim peşəkardırsa reklamı o yox, daha çox tıklanan alır.

Daha bir problemli məsələ də ixtisaslaşmış jurnalistlərin azlığıdır. Medai rəhbəri çalışır ki az kadrla daha çox iş görsün, buna görə də bir jurnalist həm mədəniyyətdən, həm sosial sahədən, həm də iqtisadiyyatdan yazmağa məcbur edilir. Dünən şoudan yazan jurnalist bu gün iqtisadi təhlil yazarsa o media orqanının hansı çəkisindən danışmaq olar?

Doğrudur, peşəkarlıq dərəcəsi haqqında hərənin öz təsəvvürü var, amma işə götürəndə və kadrın peşəkarlıq keyfiyyətlərini qiymətləndirəndə media ekspertlərinin, jurnalist təşkilatları nümayəndələrinin rəyindən istifadə edilə bilər. Bu zaman əməkdaşlıq yaxşı effekt verə bilər. Redaktor bir menecerdir, o düşünür ki, komandasını necə seçsin ki, daha effektiv iş görə bilsin. Onu seçimində günahlandırmaq olmaz, o özü bilir ki, kiminlə işləmək daha rahatdır. Amma bu rahatlığın güdazına peşəkarlar gedirsə bu zaman narahat olmaq lazımdır. "Media inkişaf edir" dedik, amma yanıldıq. O inkişaf fonunda ənənəvi və peşəkar mediada çevriliş oldu, peşəkarlar bazara uduzdu.

Bəzən iddia edilir ki, jurnalistin peşəkar olub-olmadığını bazar müəyyənləşdirir. Bununla razı deyiləm. Təlabat bazarı müəyyənləşdirə bilər, oxucu bazarı müəyyənləşdirə bilər, amma peşəkarları bazar yox, media orqanı müəyyənləşdirir. Peşəkar jurnalisti bazarın ayağına verəcəksə o media orqanı peşəkar ola bilməz. Olsa, olsa, gündəmə hesablanmış bir media orqanı olacaq ki, bunu da ən çox peşəkarlıqla yaxından-zaqdan əlaqəsi olmayan, yağışdan sonrakı göbələklər kimi günü-gündən artan saytların timsalında görürük.

Bu saytların yaratdığı yeni media bazarı peşəkar jurnalistikanı sıxışdırmaqla yanaşı qeyri-peşəkar bir media yaratmaqda israrlıdır. Çünki bu cür saytlar adətən əsilsiz, təsdiqsiz, şaiyələr, qarayaxmalar fonunda inkişaf edir və peşəkar jurnalistikanın, həqiqi medianın inkişafına mane olur. İllərini peşəsinə həsr etmiş, bütün peşə inkişaf mərhələlərini keçmiş, xəbərin aşkarlanması, əldə edilməsi, yazılması və yayılması istiqamətində bütün media qaydalarına əməl edən jurnalist, bu saytlara və onun qeyri-peşəkar jurnalistikasına uduzur. Baxın, bazar budur. Əgər bazara uyğun formalaşsaq o zaman gərək peşəkarlığı bir tərəfə atıb reytinq uğrunda vuruşaq. Əsassız məlumat yaymaq, reytinq üçün uydurulmuş xəbər vermək həqiqi jurnalistikanın önünü kəsir. Peşəkar jurnalistika bu bazarın ortasında əliyalın qalıb.

Peşəkar jurnalist, mənbəsi məlum olmayan məlumatları və xəbərləri dərc etmir, amma özünə media orqanı adı verən çox sayt bunu məmnuniyyətlə edir. Jurnalistlər, xüsusilə, istinad mədəniyyətini inkişaf etdirməli, bir başqa media orqanının və ya həmkarının məlumatlarından istifadə edərkən ilk mənbənin göstərilməsinə diqqət yetirməlidir, bu peşəkarlığın birinci qanunudur. Lakin indi saytlar arasında gedən soyuq müharibə istinad mədəniyyətsizliyi ilə alovlanır. Kimin əli kimin cibindədir, məlum deyil. Xəbər o qədər oğurlanır ki, əsl mənbəyi itir. Yalançı məlumatlar, uydurulmuş əhvalatlarla xəbər hazırlayıb reytinq qazananlar üçün peşəkarlıq, əhəmiyyətini itirmiş bir xüsusiyyətdir.

Jurnalistikadakı peşəkarlar yarpaq-yarpaq gedirlər mətbuatdan. Kimisi yorulur etinasızlıqdan, kimisi bezir, kimisi də sadəcə küsür. Ölkənin mətbuat tarixində xüsusi payı, çəkisi, yeri, imzası olan media əjdahaları səssizliyi seçir. Yarpaqlar töküldükcə ağacın quru budaqları görünür. O budaqlar bu bazarın tələbatına nə qədər dözəcək, maraqlıdır...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə