Müəllif: Rene Genon – Əbdül Vahid Yəhya

Tərcümə: Elmar Vüqarlı

Bu essenin mövzusunu Şərq metafizikası təşkil edir. Bəlkə də, metafizika sözünü eləcə, yəni ümumi şəkildə işlətmək daha yaxşı olardı. Düzünə qalsa, xalis metafizika mahiyyətcə bütün formaların fövqündə və kənarındadır, habelə onunun bütün təzahürləri universaldır, nə Şərqə aiddir, nə də Qərbə. Zahiri formalar mövcud olan zərurətin izahına, ifadə edilə bilən nəyinsə ifadə olunmasına xidmət göstərir. Formalar məxsusiyyətinə görə Şərqi və ya Qərbi ola bilər; lakin həmişə müxtəlifliyin təzahürünün əsasında vəhdət dayanır. İstənilən halda əsl metafizikanın hər yerdə mövcud olması çox sadə bir səbəblə bağlıdır. Ona görə ki, həqiqət birdir, vahiddir, bölünməzdir.

Əgər belədirsə, onda xüsusi olaraq Şərq metafizikası ilə məşğul olmağa nə ehtiyac var? Səbəb budur ki, Qərb dünyasının indiki intellektual vəziyyətində metafizika unudulmuşdur, ümumiyyətlə, əhəmiyyətsiz bir şey hesab edilərək, demək olar, tamamilə itirilmişdir. Şərqdə isə metafizika hələ də effektiv bilik obyekti olaraq qalır. Beləliklə, əgər kimsə metafizikanın əsl mənasını kəşf etmək, yaxud da bir çox cəhətdən indiki dövrlə müqayisədə keçmişdə Şərqə daha yaxın olmuş Qərbdə əvvəllər mövcud olan bəzi metafizik ənənələri bərpa etmək arzusundadırsa, o zaman Şərqə baxmalıdır. Bu məsələdə hər şeydən əvvəl Şərq təlimlərinin köməyi ilə və onları müqayisə etməklə uğur qazanmaq olar. Hələ də bunlar metafizika sahəsində birbaşa öyrənilə bilən yeganə təlimlərdir, doktrinalardır.

Təlimlərə gəldikdə isə tamamilə aydındır ki, həmin təlimləri şərqlilərin öyrəndikləri kimi öyrənmək lazımdır. Öyrənmə zamanı da bəzən tamamilə xəyali ola biləcək hipotetik interpretasiyalara, yozumlara yol verilməməlidir. Çünki çox vaxt Şərq sivilizasiyalarının hələ də mövcud olması unudulur. Lakin bilməliyik ki, sözügedən mövzunun mahiyyətini soruşub öyrənməkdən ötrü Şərqdə yüksək ixtisaslı nümayəndələr mövcuddur.

Mən "Şərq metafizikası" dedim, təkcə Hinduizm metafizikası demədim. Ona görə ki bütün nəzərdə tutulanlar ilə birlikdə bu sistemin doktrinalarına bəzi insanların inandığı kimi təkcə Hindistanda rast gəlinmir, üstəlik də onların əsl mahiyyəti çətinliklə dərk olunmur. Bəzi hallarda Hindistan bu baxımdan istisna deyil. Ancaq bütün sivilizasiyaların ənənəvi bazisə malik olması dəqiqdir. Əksinə, belə bazisi olmayan sivilizasiyalar qeyri-adi və anormaldır. Düzünə qalsa, bizə məlum bazisi olmayan yeganə sivilizasiya müasir Qərb sivilizasiyasıdır. Əgər yalnız əsas Şərq sivilizasiyalarını götürsək, Hinduizm metafizikasının ekvivalentinə Çində (Taoizmdə, yaxud Daoizmdə), habelə İslamın bəzi ezoterik məktəblərində rast gələcəyik. Lakin bir şeyi başa düşmək lazımdır ki, yunan fəlsəfəsindən qaynaqlanan İslam ezoterizmin ərəblərin öz fəlsəfəsi ilə açıq-aşkar heç bir əlaqəsi yoxdur.

Hindistan istisna olmaqla yeganə fərq ondan ibarətdir ki, həmin doktrinalar nisbətən məhdud və qapalı elita üçün qorunur. Bu, orta əsrlərdə Qərbdə də belə idi, bir çox cəhətdən ezoterizmlə müqayisə oluna bilən ortodoks İslamda və İslam kimi sırf metafizik bir ezoterizmdə də belədir. Həmin təlimlərin metafizik varlığından indi də müasirləri qətiyyən şübhə etmirlər. Ezoterik doktrinal dualizmi olmadığı üçün Hindistanda sözün əsl mənasında ezoterizmdən danışmaq mümkün deyil. Deyilənlər orada yalnız təbii ezoterik məzmun kəsb edə bilər. Dərindən yanaşanda təlimlərin hər biri öz imkanlarının ölçüsünə uyğun olaraq ezoterik doktrinaya az-çox uyğun gəlir. Bütün təlimlərdə təbiətlərinə məxsus müəyyən individuallıq və fərqlənmək naminə məhdudiyyətlər mövcuddur ki, bunları da aradan qaldırmaq mümkün deyil.

Düzdür, formalar bir sivilizasiyanı digərlərindən fərqləndirir. Lakin hindu formalarına daha çox bələd olan biri kimi bəzi məqamları başa düşməkdən ötrü digər formaları lazım gəldikdə tədqiqata cəlb edəndə mən çox tərəddüd edirəm. Çünki bunlar eyni şeyin ancaq fərqli formalarda ifadələri olduğu üçün fundamental müqayisə aparıb nə isə rədd edə bilmirsən. Bir daha qeyd edirəm ki, həqiqət birdir. Hansı yolla olur, olsun, həqiqətin dərkinə nail olanların hamısı üçün həqiqət eynidir.

Bununla belə, “metafizika” sözünün hansı mənada işlədilməsi aydınlaşdırılmalıdır. Hamı onu eyni şəkildə başa düşmür. Düşünürəm ki, qeyri-müəyyənliyə səbəb ola biləcək sözlər üçün ən yaxşı yol onların mümkün qədər ilkin, etimoloji mənalarına qayıtmaqdır. Tərkibinə görə “metafizika” sözü hərfi mənada “fizikadan kənar” deməkdir. Qədimdən “fizika” sözünün mənası “təbiət”, “təbiət elmi”-dir. Fizika təbiət sahəsinə aid olan hər şeyi öyrənir; metafizika isə təbiətdən kənarda olanları öyrənir.

Bəs necə ola bilər, bəziləri istər obyektinə, istərsə də fakültələrinə (qabiliyyətlərinə) görə metafizik biliyin əsl bilik olduğunu iddia edir? Orada bizim üçün tam yanlış təsəvvürlər, terminlər baxımından ziddiyyətlər var. Təəccüblüdür ki, həmin çaşqınlıq və ziddiyyətlər hətta həqiqi metafizikaya dair müəyyən təsəvvürləri qoruyub saxlamağa və onu müasir filosofların psevdometafizikasından ayırmağı bacaranlara da təsirsiz ötüşmür.

Yaxşı, əgər “metafizika” sözü çaşqınlıq yaradırsa, ondan imtina edib onu daha uyğun bir ifadə ilə əvəz etmək daha yaxşı olmazdımı? Açığı, bu məqsədəuyğun olmazdı. Çünki həmin söz formalaşmasına görə tələblərə dəqiq cavab verir; həm də onu dəyişmək mümkün deyil, həmçinin Qərb dillərində həmin xüsusda eyni dərəcədə işlədilməyə uyğunlaşdırılmış başqa söz yoxdur. Hindistandakı kimi sadəcə “bilik” sözünü işlətmək məqbul hesab edilə bilər. Bilik sözü mükəmməl olmaqla yanaşı, həqiqətən, həmin məfhumu ifadə etməyə layiq yeganə sözdür. Şübhəsiz ki, bilik sözü Qərb insanına daha çox doğma və aydındır. Elmdən və rasionallıqdan kənar hər bir şeyi biliklə əlaqələndirməyə və ondan ayırmağa qərblilər adət ediblər. Elədirsə, bu və ya digər sözün məruz qaldığı təhriflərdən bu qədər narahat olmağa dəyərmi? Əgər biz bütün bunları beləcə rədd etsək, onda yerdə nə qalardı? Bəyəm yanlış anlaşılmaların və yanlış yozumların qarşısını almaqdan ötrü tədbir görmək lazım deyil? Xülasə, biz “metafizika” sözünə digərlərindən daha çox heyran deyilik, lakin onun yerinə daha yaxşı bir termin təklif edilə bilinmədiyi üçün onu əvvəlki kimi istifadə etməyə davam edəcəyik.

Təəssüflər olsun ki, bir çoxları bu xüsusda özləri heç nə bilmədikləri halda başqalarını “metafizika”nı sırf humanitar və rasional biliyə (bizim üçün bu ancaq elm və ya fəlsəfədir) aid etdiklərinə görə “mühakimə etmək” iddiasındadır. Təsəvvür edin, Şərq metafizikası bu cür biliklərdən nə fərqlidir, nə də ondan artıqdır. Həmin mühakimə yürüdənlər məntiqə əsaslanıb iddia edirlər ki, guya metafizika real olaraq heç bir xüsusi nəticələrə gətirib çıxara bilməz. Halbuki onlar bunun təsirli bir bələdçi olduğunu görə bilmirlər. Çünki metafizika düşündüklərindən tamamilə fərqli bir şeydir. Eyni zamanda da nəzərdə tutduqlarının metafizika ilə heç bir əlaqəsi yoxdur. Onların elm dedikləri məfhumlar toplusu yalnız təbii nizam, zahiri və zəhlətökən biliklərə əsaslanır; bizim də haqqında danışmaq istədiyimiz ümumiyyətlə bu deyil.

O zaman belə gedişlə biz "metafizika" sözünü "fövqəltəbii" sözünün sinoniminə çevirmirikmi? Bu cür bənzətməni, assimilyasiyanı qəbul etməyə hazırıq, çünki təbiətin, yəni təzahür edən dünyanın bütövlükdə (təzahür edən dünya əhəmiyyətsiz dərəcədə kiçik bir hissiyyatla qəbul edilə bilməz) sərhədləri yoxdur. Ona görə də, əgər insan təbiətdən kənara çıxmazsa, fiziki məhdudiyyət çərçivəsində qalır. Metafizika, artıq dediyimiz kimi təbiətdən kənardır və onun fövqündədir; bu səbəbdən də, onu düzgün olaraq “fövqəltəbii” kimi təsvir etmək məqbuldur.

Amma bu məqamda, şübhəsiz, bir etiraz ortaya çıxacaq: Təbiətdən kənara çıxmaq olarmı? Biz açıq şəkildə cavab verməkdən çəkinmirik. Bu nəinki mümkündür, hətta faktdır. Yenə də deyilə bilər ki, bu sadəcə bir iddia deyilmi; buna hansı sübutları əlavə etmək olar? Əslində, qəribədir ki, onlar metafizik biliyin əldə edilməsi üçün lazım olan işləri görüb ondan əmin olmağın əvəzinə, onun mümkünlüyünün sübutunu tələb edirlər. Yaxşı, həmin bilik sahibi olanların bütün belə müzakirələrdə marağı nədir? Cavab birbaşa olmasa da, deməliyəm ki, biliyin özünü “bilik nəzəriyyəsi” ilə əvəz etmək, bəlkə də, müasir fəlsəfədə acizliyin ən böyük etirafıdır.

Halbuki bütün inam və yəqinliklərlə ötürülə bilməyən yeganə bir şey var. Belə ki, kimsə ciddi şəxsi təşəbbüsü olmadan heç bir biliyə, həqiqətən, nail ola bilməz. Birinin başqası üçün edə biləcəyi şey ona ancaq fürsət vermək və həmin biliyə çatması üçün vasitələri göstərməkdir. Odur ki, sırf intellektual müstəvidə hər hansı bir inancın tətbiqinə cəhd etmək əbəs olardı; ən yaxşı arqument belə bu halda birbaşa və faktiki biliyi əvəz edə bilməz.

İndi özümüzə sual verək: metafizika sözünü anladığımız kimi müəyyən etmək olarmı? Xeyr, çünki müəyyən etmək həmişə məhdudlaşdırmaqdır və bizi maraqlandıran şey özündə həqiqətən və tamamilə qeyri-məhduddur və heç bir düstur, yaxud hər hansı sistemlə məhdudlaşdırıla bilməz. Metafizikanı qismən təsvir etmək olar, məsələn, o, ümumbəşəri prinsiplər haqqında bilikdir. Lakin bu da düzgün tərif deyil, yalnız təxmini, qeyri-müəyyən bir fikir yaradır. Bir şey əlavə etmək olar ki, bu prinsiplərin əhatə dairəsi, metafizikanı qismən və ya natamam şəkildə öyrənən bəzi qərblilərin düşündüyündən qat-qat böyükdür. Beləliklə, Aristotel metafizikanı varlığın idrakı hesab edərkən onu ontologiya ilə eyniləşdirir, yəni hissəni bütövə görə götürür. Şərq metafizikasına görə xalis varlıq prinsiplərin nə əsası, nə də ən universalı deyil. Artıq o, müəyyənlikdir. Ona görə də, varlığın hüdudlarından kənara çıxmaq lazımdır, ən vacibi məhz budur.

Bütün əsl metafizik konsepsiyalarda və ya təsəvvürlərdə ifadə edilə bilməyənləri nəzərə almaq lazımdır. Belə ki, ifadə oluna bilən hər şey ifadə ediləndən üstün olanla müqayisədə sözün əsl mənasında heç olduğu kimi, böyüklüyü nə olursa, olsun, fani olan da Baqi olanla müqayisədə bir heçdir. İfadə olunandan daha çox şey nəzərdə tutula bilər və bu, zahiri formaların oynadığı roldur. Bütün formalar, istər sözlər, istərsə də hər hansı bir simvol onları müqayisə olunmaz dərəcədə üstələyən konseptual biliyin imkanlarına yüksəlmək üçün ancaq dayaq nöqtəsidir. Mövzuya sonra qayıdacağıq.

Biz metafizik anlayışlardan danışırıq, çünki bununla bağlı başa düşüləcək başqa bir termin yoxdur. Lakin belə nəticəyə gəlmək olmaz ki, burada elmi və ya fəlsəfi konsepsiyalarla müqayisə edilə bilən nəsə var. Söhbət hansısa “abstraksiyalardan” deyil, intuitiv və bilavasitə fövqəlrasional biliyə nail olmaqdan gedir. Həqiqi metafizikanın mövcud olmadığı sırf intellektual intuisiyanın, bəzi müasir filosofların dediklərinin əksinə olaraq, infrarasional (subrasional) intuisiya ilə heç bir əlaqəsi yoxdur. Belə ki, intellektual intuisiya var, həssas intuisiya var. Biri səbəbin üstündədir, digəri onun altındadır. Yalnız bunun sonuncusu dəyişikliklər və varlıqlar aləmini, yəni təbiəti, daha doğrusu, təbiətin çox kiçik bir hissəsini qavraya bilər. İntuisiyanın mülkiyyəti əbədi və dəyişməz prinsiplər sahəsindədir, bu da metafizika səltənətdir.

Ümumbəşəri prinsipləri bilavasitə qavramaq üçün transsedent intellektin özü də universal nizama aid olmalıdır. Transsedent intellekt artıq fərdi qabiliyyət deyil və onu belə hesab etmək ziddiyyət doğurardı. Çünki bunsuz fərdin öz hüdudlarını aşması, onu bir fərd kimi müəyyən edən şərtlərdən kənara çıxması qeyri-mümkündür. Lakin ağıldan kənarda olan şey, həqiqətən, “qeyri-insani”dir; metafizik biliyi mümkün edən də məhz budur və bu bilik, bir daha vurğulamaq lazımdır ki, insan biliyi deyil. Başqa sözlə desək, insan onu insan kimi deyil, belə əldə edə bilər ki, bir halında insan olan bu varlıq, eyni zamanda insandan daha üstün, başqa və daha çox nəsə olsun. Bu, metafizikanın, daha doğrusu, metafizik biliyin əsl obyekti olan fərdlərüstü vəziyyətlərin effektiv şüurunun əldə edilməsidir. Biz burada ən həyati məqamlardan birinə toxunuruq və təkrar etmək lazımdır, əgər fərd kamil varlıq olsaydı, Leybnits monadası kimi qapalı sistem təşkil etsəydi, metafizika mümkün olmazdı; daim eyni vəziyyətdə qalmaqla özünə qapalı olan bu varlığın öz mövcudluğundan kənarda nəyisə bilmək imkanı da olmazdı. Amma vəziyyət başqa cürdür: əslində fərd həqiqi varlığın yalnız keçici və şərti təzahürüdür. Bu, eyni varlığın qeyri-müəyyən digər çoxlu vəziyyətləri ilə arasında yalnız bir xüsusi vəziyyətidir; və həmin varlıq özündə özünün bütün təzahürlərindən tamamilə müstəqildir. Necə ki hindu mətnlərində tez-tez rast gəlinən bir illüstrasiyadan istifadə etsək, Günəş əks olunduğu müxtəlif şəkillərindən tamamilə müstəqildir. “Öz” ilə “mən”, şəxsiyyət və fərdilik arasındakı əsas fərq də işıq şüalarının Günəş mənbəyi ilə bağlılığı kimidir. Bu cür nizam olmasa idi, nə varlıq, nə də reallıq mümkün olardı.

Eləcə də fərdilik – istər insan fərdiliyi, istərsə də hər hansı şeyin digər oxşar təzahür vəziyyətinin fərdiliyi ilkin mərkəzi varlığa haqqında danışdığımız transsedental intellekt vasitəsi ilə bağlıdır. Belə məhdud izah etmə çərçivəsində fikir xətlərini daha dolğun şəkildə inkişaf etdirmək və ya varlığın çoxsaylı halları nəzəriyyəsi haqqında daha dəqiq ideya vermək mümkün deyil. Lakin hesab edirəm ki, bütün həqiqi metafizik doktrinaların son dərəcə vacibliyini göstərmək üçün kifayət qədər danışdım.

Mən bayaq “nəzəriyyə” dedim. Burada söhbət təkcə nəzəriyyədən getmir; bu əlavə izaha ehtiyacı olan bir məqamdır. Dolayı və müəyyən mənada simvolik nəzəri bilik sadəcə həqiqi bilik üçün zəruri olsa da, əslində ona hazırlıqdır. Habelə o ancaq qismən ötürülə bilən bilikdir. Məhz buna görə də bütün anlayışlar biliyə yaxınlaşmaq vasitəsindən başqa bir şey deyil. Əvvəlcə yalnız virtual olan bilik sonradan səmərəli şəkildə həyata keçirilməlidir.

Biz əvvəl istinad etdiyimiz daha məhdud metafizikada, məsələn, Aristoteldə başqa bir uyğunsuzluq tapırıq. Aristotelin metafizikası nəzəri cəhətdən qeyri-adekvat olaraq qalır. Ona görə ki, o, özünü varlıqla məhdudlaşdırır və onun nəzəriyyəsi bütün Şərq təlimlərində olduğu kimi müvafiq reallaşma ilə açıq şəkildə bağlı olmaq əvəzinə, özü özünü müəyyən edən kimi təqdim olunur. Hətta bu qeyri-kamil metafizikada – hətta onu demi-metafizika da adlandırmaq istərdik – bəzən düzgün başa düşülsə belə, ancaq tamamilə fərqli nəticələrə gətirib çıxaran anlayışlar var. Bununla yanaşı, bəyəm Aristotel tam əminliklə demir ki, onun bildiyi hər şey varlıq olaraq təkdir, müstəsnadır? Bilik vasitəsilə identifikasiyanın təsdiqlənməsi prinsipcə metafizik reallaşdırmanın özü deyilmi? Əlbəttə, özüdür. Amma burada prinsip çıx-daş edilir; çünki onun sırf nəzəri mülahizədən başqa heç bir dəyəri yoxdur və görünür, irəli sürüldükdən sonra insan onun haqqında daha düşünmür. Bəs necə olur ki, Aristotelin özü və onun davamçıları burada nəzərdə tutulanların hamısını görə bilməyiblər? Bu, bir çox başqa hallarda da eynidir. Belə çıxır, digər eyni dərəcədə vacib olan şeylər, məsələn, təmiz intellekt və ağıl arasındakı fərq, hətta onları aydın şəkildə müəyyən etdikdən sonra da unudulur; bunlar qəribə missiyalardır. Bəzi nadir, lakin həmişə mümkün istisnalar istisna olmaqla, Qərb şüuruna xas müəyyən məhdudiyyətlərin təsirini burada görmək mümkündürmü? Müəyyən mənada bu doğru ola bilər; lakin həmişə Qərb intellektini indiki dövrdə olduğu kimi dar çərçivədə məhdud olduğuna inanmaq lazım deyil. Biz təlimlərin yalnız zahiri təzahürlərini nəzərimizdə tutaraq danışırıq. Halbuki həmin metafizik təlimlər bir çox başqalarından daha üstündür, həm də onlar həqiqi metafizikanın bir hissəsini təşkil edirlər. Əminik ki, Qərbdə orta əsrlərdə və qədim dövrlərdə, şübhəsiz, sırf elit mükəmməl metafizik təlimlər və onların həyata keçirilməsi mövcud olmuşdur. Bu, əlbəttə, müasirlərimizin əksəriyyəti üçün indi ağlasığmaz görünür. Əgər Qərb onların yaddaşını tamamilə itiribsə, bu, öz adət-ənənəsi ilə əlaqəni kəsdiyi üçündür. Buna görə də müasir Qərb sivilizasiyası əxlaqsız və azğın sivilizasiyadır.

Əgər sırf nəzəri biliyin sonu olsaydı və metafizika bundan irəli getməsəydi, şübhəsiz ki, yenə də o bir şeyə dəysəydi belə, amma tamamilə qeyri-kafi olardı. Bu cür biliyə riyazi əminlikdən də böyük olan həqiqət əminliyinin şamil edilməsinə rəğmən, - o, müqayisə olunmayacaq dərəcədə ali bir nizama məxsus olmasına baxmayaraq, - daha aşağı səviyyədə yalnız yerə və insana məxsus elmi-fəlsəfi fərziyyələrin analoqu kimi görünür. Əslində, metafizika bunu nəzərdə tutmur. Əgər başqaları metafizikanı “zehin oyunları” və ya buna bənzər maraq yaratmaq vasitəsi kimi görürlərsə, bu, onların öz işidir. Bizim üçün belə tərz yanaşmalar tamamilə maraqsızdır və üstəlik düşünürük ki, psixologiyanın hər şeyi bilmək həvəsi metafizikə tamamilə yad olmalıdır. Metafiziki maraqlandıran şey gerçək və əslində nəyin nə olduğunu yalnız özünü tanıyan şəkildə bilməkdir.

Metafizik reallaşdırma vasitələrinə gəlincə, biz onun mümkünlüyünə etiraz etməyi özlərinə borc hesab edənlərin iradlarını yaxşı başa düşürük. Həmin vasitələr, doğrudan da, insanın öz əlində olmalıdır. Onlar ən azı ilkin mərhələlərdə insanın vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki sonradan daha yüksək halları qəbul edəcək varlıq məhz bu vəziyyətdə mövcud olur. Bu dünyanın özündən yuxarı qalxmaq üçün insan məhz bu dünyaya aid olan formalarda özünə dayaq tapır. Sözlərin, simvolik işarələrin, ritualların və ya hər hansı hazırlıq üsullarının heç bir əsası, funksiyası yoxdur; dediyimiz kimi bunlar dəstəkdir, başqa bir şey deyil. Ancaq bəziləri soruşacaqlar ki, sadəcə şərti vasitələr onları ölçüyəgəlməz dərəcədə üstələyən, tamamilə fərqli bir nizama aid nəticəyə necə gətirib çıxara bilər?

Əvvəlcə şərti vasitələrin əslində təsadüfi vasitələr olmasını qeyd etməliyik. Onların meydana gəlməyə kömək etdikləri nəticələr heç bir halda onların nəticəsi deyil; sadəcə olaraq onlar varlığı elə vəziyyətə gətirirlər ki, həmin nəticəyə nail olmaq daha asan olsun. Əgər yuxarıda qeyd edilən etirazlar səhih olsaydı, vasitə ilə məqsəd arasında daha az uyğunsuzluğun olmadığı, məsələn, dini ayinlərdə, müqəddəs mərasimlərdə də vəziyyət eyni dərəcədə olardı; həmin iradları irəli sürənlərdən bəziləri bu haqda kifayət qədər düşünməmiş ola bilər. Biz isə sözün həqiqi mənasında vasitə ilə səbəbi qarışdırmırıq və metafizik reallaşdırmanı təsir kimi qəbul etmirik. Çünki bu, hələ mövcud olmayan bir şeyin törəməsi deyil, daimi və dəyişməz təbiətlə bütün müvəqqəti ardıcıllığın fövqündə mövcud olmanın dərk edilməsidir. Öz prinsiplərinə uyğun nəzərə alınan bütün varlıq halları həm də əbədi indiki zamanda mükəmməl olaraq mövcuddur.

Biz metafizik reallaşdırma ilə ona aparan vasitələr arasında ümumi ölçünün olmadığını dərk etməkdə, istərsə də onu hazırlamaqda heç bir çətinlik görmürük. Elə buna görə də, heç bir vasitə ciddi və ya tamamilə zəruri deyil. Lakin ən azından, bunun üçün yalnız bir ilkin hazırlıq, həqiqətən, tam zəruridir, o da nəzəri bilikdir. Unudulmamalıdır ki, ən mühüm və daimi rol oynayacaq bir vasitə olmadan uzağa gedilə bilməz: həmin üsul konsentrasiyadır. Bu metod hər şeyi dağıtmağa və aramsız dəyişdirməyə meylli müasir Qərb zehniyyətinə və idraki vərdişlərinə tamamilə yad bir şeydir. Bütün digər vasitələr müqayisədə yalnız ikinci dərəcəlidir; onlar hər şeydən əvvəl konsentrasiyanı təşviq etməyə, fərdilik ilə varlığın ali vəziyyətləri arasında effektiv qarşılıqlı əlaqə yaratmağı asanlaşdırmaqdan ötrü fərdiliyinin müxtəlif elementlərini onlarla uyğunlaşdırmağa xidmət göstərir.

Üstəlik, başlanğıcda bu vasitələr demək olar ki, qeyri-müəyyən müddətə dəyişə bilər, çünki onlar hər bir fərdin temperamentinə və onun xüsusi qabiliyyət və xasiyyətinə uyğunlaşdırılmalıdır. Sonra fərqliliklər azalmağa başlayacaq. Çünki biz eyni məqsədə aparan çoxsaylı yollardan gedirik. Müəyyən bir mərhələdə bütün çoxluq yox olacaq. Lakin həmin məqama çatana qədər şərti və fərdi üsullar artıq öz rolunu oynayıb başa vuracaqlar. Genişləndirməyə ehtiyacı olmayan bu rol, bəzi hindu mətnlərində insana səyahətinin sonuna daha tez və asanlıqla çatmağa kömək edən atla müqayisə olunur. Lakin bu elə bir səyahətdir ki, səyyah atsız da səyahətinin sonuna çatır. Ayinlər və müxtəlif üsullar metafizik reallığa aparan yolu göstərir. Heç vaxt onlara məhəl qoymamaq mümkün deyil. Varlığın şüurunu və bütün qabiliyyətləri dəyişməz olaraq bu reallaşmanın məqsədinə yönəltməklə nəhayət ali məqsədə çatmaq olar. Əgər təşəbbüsləri asanlaşdıran vasitələr varsa, niyə onlara etinasızlıq etməyi üstün tutursunuz? Bizim insani vəziyyətimizin məhdudluğunu hesaba qatmaq fani ilə mütləq baqini qarışdırmaqdır. Çünki məhz özündə fani olan vəziyyətdən başlayaraq biz daha yüksək vəziyyətləri fəth etməyə məcbur oluruq və nəhayət ali, həmçinin şərti olmayan vəziyyətə gəlib çatırıq.

Bütün ənənəvi doktrinaların ortaq olan xüsusiyyətini nəzərdən keçirdikdən sonra biz indi metafizik gerçəkləşdirmənin əsas mərhələlərinə keçməliyik. Birinci mərhələ yalnız ilkin xarakter daşıyaraq insan aləmində baş verir və fərdilik hüdudlarından kənara çıxmır. O, bu fərdiliyin qeyri-müəyyən genişlənməsindən ibarətdir ki, onun ən kiçik hissəsini insanda inkişaf edən adi cismani modallıq təşkil edir. Nizamdan götürülmüş həssas vasitələrlə məhz bu cismani modallıqdan başlamaq lazımdır. Lakin bu, insanın digər modallıqlarında da əksini tapmalıdır. Haqqında danışdığımız mərhələ, bir sözlə, insanın bədənində və fərdiliyində faktiki olaraq yer alan bütün imkanların, bədən və hiss sferasının müxtəlif istiqamətlərdə öz hüdudlarından kənara çıxaraq çoxşaxəli genişlənməsinin reallaşması və ya inkişafıdır. Digər vəziyyətlərlə əlaqəni məhz bu genişlənmələr vasitəsilə yaratmaq mümkündür.

Bütün ənənələrdə inteqral fərdiliyin reallaşması və ya dərk edilməsi insanın əsl varlığı hesab edilən və üstəlik, adi vəziyyətdən, xüsusən də müvəqqəti, keçici vəziyyətə xas olan bəzi məhdudiyyətlərdən qaçan “əzəli vəziyyət” adlanan halın bərpası kimi təsvir olunur. Bu “əzəli vəziyyətə” çatmış şəxs hələ də yalnız fərdi varlıqdır və heç bir təsirli fərdüstü vəziyyətlərə sahib deyil. Bununla belə o, bundan sonra zamandan azad olur və şeylərin zahiri ardıcıllığı onun üçün eyni vaxtda transformasiyaya uğrayır. Həmçinin o, şüurlu şəkildə adi insana məlum olmayan “əbədilik hissi” adlandıra biləcəyimiz bir qabiliyyətə malik olur. Bu, son dərəcə vacibdir, çünki müvəqqəti ardıcıllıq nöqteyi-nəzərindən keçə bilməyən və bütün hadisələri eyni vaxtda görə bilməyən şəxsdə metafizik nizamın ən kiçik təsəvvürü belə yoxdur. Həqiqətən metafizik biliyə nail olmaq istəyənin etməli olduğu ilk şey zamandan kənara çıxmaqdır. Belə bir ifadə istər-istəməz qəribə və qeyri-adi görünməsəydi, məmnuniyyətlə “zamansızlıq” deyərdik. Haqqında bəhs etdiyimiz “əzəli vəziyyətə” tam çatmamışdan əvvəl natamam da olsa, zamansızlığa aid biliyin dərki müəyyən ölçülərlə əldə edilməlidir.

Sual oluna bilər: niyə bu, “əzəli və ya ilkin vəziyyət” adlandırılır? Ona görə ki, bütün ənənələr, o cümlədən Qərb ənənələri (çünki “İncil”də də fərqli bir şey deyilmir) həmin vəziyyətin ilkin olaraq bəşəriyyət üçün normal olması ilə razılaşır. Halbuki indiki vəziyyət sadəcə olaraq enişin nəticəsidir, əsrlər boyu və ya müəyyən bir dövr, epoxa ərzində baş verən mütərəqqi maddiləşmənin təsiridir. Biz müasir insanların başa düşdükləri anlamda “təkamül”ə inanmırıq. Onların uydurduqları elmi fərziyyələr heç bir şəkildə reallığa uyğun gəlmir. Hindu doktrinalarında xüsusilə açıqlanan kosmik dövrlər nəzəriyyəsinə burada çılpaq işarə vurmaqdan başqa bir şey mümkün deyil. Lakin bu, bizim mövzumuzdan kənara çıxacaq. Düzdür, bir-biri ilə sıx əlaqəli olsa da, kosmologiya metafizika deyil. Kosmologiya metafizikanın fiziki nizama tətbiqidir. Həqiqi təbii qanunlar isə ümumbəşəri və zəruri prinsiplərin nisbi və şərti sahədə yalnız nəticələridir. Metafizik gerçəkləşməyə qayıdaq: onun ikinci mərhələsi fərdüstü vəziyyətlərə uyğun gəlsə də, lakin yenə şərtləndirilir, baxmayaraq ki onun şərtləri insan vəziyyətindən tamamilə fərqlidir. Daha əvvəl bəhs etdiyimiz məhdud insan dünyası burada tamamən və kəskin formada aşılmışdır. Onu da qeyd etmək lazımdır ki, həddi aşılması məqsəd kimi qarşıda duran formalar dünyası ən geniş mənada bütün mümkün fərdi halları özündə cəmləşdirir. Çünki forma bütün bu halların ortaq məxrəcidir və fərdiliyi də müəyyən edən elə odur. Uzaq Şərq ifadələrindən birində deyildiyi kimi, bundan sonra insan adlandırıla bilməyən varlıq artıq “formalar axını”nı tərk edir. Bunla belə həmin mərhələni alt hissələrə bölmək üçün əlavə fərqlər var. Əslində o, tam formalaşmamış olsa da, hələ də zahiri varlığa məxsus halların əldə edilməsindən tutmuş, saf varlığa aid olan universallıq dərəcəsinə qədər bir neçə mərhələni əhatə edir.

Lakin bu hallar insan halına münasibətdə nə qədər uca, ondan nə qədər uzaq olsalar da, yenə də nisbidirlər və bu hətta onların bütün təzahür prinsipinə uyğun gələn ən yüksəyinə də aiddir. Onları mənimsəmək yalnız keçici nəticədir. Onu metafizik reallaşdırmanın son məqsədi ilə qarışdırmaq olmaz. O, varlığın xaricindədir və onunla müqayisədə bütün aktlar yalnız bir hazırlıq mərhələsidir. Bu ali məqsəd hər cür məhdudiyyətdən azad olan tamamilə şərtsiz bir vəziyyətdir. Məhz bu səbəbdən də o tamamilə ifadə olunmazdır. Haqqında deyilə biləcək hər şey onun nisbiliyində bütün mövcudluğu fərqləndirən və müəyyən edən sərhədlərin inkarından irəli gələrək yalnız mənfi anlayışlarla çərçivəyə salına bilər. Belə bir vəziyyətə nail olma hindu doktrinasında Ali Prinsiplə bağlı "Çatma" halı adlandırılır.

Bu şərtsiz vəziyyətdə bütün digər varlıq halları öz yerini tapır. Lakin transformasiya olunaraq müstəsna vəziyyətlər kimi onları müəyyən edən xüsusi şərtlərdən azad olurlar. Yerdə qalan müsbət reallığa malik olandır. Çünki burada hər şeyin öz prinsipi var; “təslim edilmiş” varlıq əslində öz imkanlarının tamlığına sahibdir. Və yoxa çıxanlar yalnız məhdudlaşdırıcı şərtlərdir ki, reallığı tamamilə mənfidir, Aristotelin sözləri ilə desək, "əskikliyi" təcəssüm etdirir. Beləliklə, bəzi qərblilərin inandığı kimi bu son vəziyyət bir növ tam məhv olmaqdan uzaq, əksinə, mütləq dolğunluq, ali reallıqdır, qarşısında hər şey illüziyadan başqa bir şey deyil.

Onu da əlavə edək ki, varlığın metafizik reallaşdırılması prosesində əldə edilən hər bir nəticə, hətta qismən də olsa, özünəməxsusdur, bənzərsizdir. Belə bir nəticəni varlıq həmişəlik əldə edir və onu heç bir şey ondan məhrum edə bilməz. Bu şəkildə görülən iş son məqsədə çatmamışdan əvvəl kəsilsə belə, zamansızlığına görə birdəfəlik əldə edilir. Bu hətta sırf nəzəri biliklərə də aiddir, çünki bütün biliklər varlığın yalnız bir anlıq dəyişməsi olan və onun müxtəlif təsirlərindən həmişə ayrılan fəaliyyətin əksinə olaraq, faydasını özündə daşıyır. Həmin təsirlər onları yaradanlarla eyni mövcudluq sahəsinə və nizamına məxsusdur. Fəaliyyət hərəkətdən azad ola bilməz və onun nəticələri mümkün qədər geniş şəkildə nəzərdən keçirilən fərdilik hüdudlarından kənara çıxmır. Fəaliyyət nə olursa, olsun, bütün məhdudiyyətlərin kökü olan cəhalətin əksi deyil və o, cəhaləti aradan qaldıra da bilməz. Günəşin işığı qaranlığı dağıtdığı kimi yalnız bilik cəhaləti dəf edə bilər və beləliklə, bütün aşkar və aşkar olmayan halların dəyişməz və əbədi prinsipi olan “Mən” öz ali reallığı ilə zühur edir, görünür.

Çox qeyri-kamil, qısa, təbii ki, metafizik reallaşmanın nə ola biləcəyi haqqında çox zəif təsəvvür yaradan bu eskizdən sonra ciddi səhvlərə yol verməmək üçün bir məqamı vurğulamaq mütləqdir. Burada maraqlandığımız hər şeyin heç bir qeyri-adi, fenomenal hadisə ilə əlaqəsi yoxdur. Fenomen olan hər şey fiziki nizama aiddir; metafizika isə fenomenal hadisələrdən kənardadır və biz sözü ən ümumi mənasında qəbul edirik. Bundan başqa belə bir nəticə də çıxır ki, bayaq qeyd olunan vəziyyətlərdə “psixoloji” heç nə yoxdur. Xüsusi olaraq vurğulamaq lazımdır, bəzən bununla bağlı qəribə çaşqınlıqlar yaranır. Tərifinə görə psixologiya yalnız insani vəziyyətlərlə əlaqədar ola bilər. Bu gün psixologiya elmi bu elm üzrə mütəxəssislərin təsəvvür edə biləcəyindən daha çoxunu özündə cəmləşdirən fərdin imkanlarının çox məhdud bir sahəsini əhatə edir. Əslində, fərdi insan Qərbdə ümumi hesab ediləndən həm daha çox, həm də daha az bir şeydir. Bir sözlə, öyrəndiyimiz hər şeylə əlaqəli olan cismani modallıqdan kənarda qeyri-müəyyən genişlənmə imkanlarına görə daha böyükdür. O həm də çox az bir şeydir, çünki o, özünü təmin edən kamil varlıq yaratmaqdan uzaq, yalnız zahiri bir təzahürdür. Həqiqi varlığın qəbul etdiyi və sonuncunun mahiyyətinə heç bir təsir göstərməyən keçici bir görüntüdür.

Bu müşahidə təbii olaraq “yoqa” termini ilə bağlı bəzi səhv şərhlərin düzəldilməsinə gətirib çıxarır. Həqiqətən də bəzən deyilmirmi ki, hindular bu sözlə insanın müəyyən gizli güclərinin inkişafını bildirirlər? Deyəcəklərimiz belə bir tərifin rədd edilməli olduğunu göstərmək üçün kifayət edəcəkdir. Əslində, “yoqa” sözü sanskrit dilində olan “yuj” sözündəndir, orijinala ən yaxın tərcümədə “birlik”, “ittifaq” mənasını verir və metafizik reallaşmanın ən yüksək məqsədi deməkdir. “Yoqi” terminini ən doğru mənasında başa düşsək, bu söz məqsədə çatan ayrıca bir insanı simvolizə edir. Düzdür, daha geniş şəkildə şərh edildikdə, eyni terminlər, anlayışlar bəzi hallarda “birliy”ə çatmaq üçün hazırlıq mərhələlərinə, hətta sadə ilkin üsullara, həmçinin bu mərhələlərə uyğun vəziyyətlərə çatmış varlığa, yaxud nailiyyət vasitələrində də şamil edilir. Bəs necə güman etmək olar ki, ilk növbədə “birlik” mənasını verən bir söz düzgün və orijinal olaraq nəfəs məşqlərinə və ya bu cür başqa şeylərə də aiddir? Bu məşğələlər, eləcə də ümumiyyətlə ritm elmi adlandıra biləcəyimiz şeyə əsaslanan digər məşqlər, həqiqətən, metafizik reallaşdırmaya yönəlmiş ən ümumi üsullardan biridir. Ancaq keçici və şərti bir vasitə olanı nəticə ilə səhv salmamalı, həm də sözün ilkin mənasını onun ikinci dərəcəli və az-çox təhrif olunmuş mənası ilə qarışdırmamalıyıq.

“Yoqanın” ilkin nə olması haqqında danışarkən və bu sözün mahiyyəti etibarı ilə həmişə eyni məna daşıdığını vurğulayanda indiyə qədər qeyd etmədiyimiz bir sual üzərində düşünmədən keçmək olmaz: Bütün fundamental ideyalarımızı götürdüyümüz bu ənənəvi metafizik doktrinaların, təlimlərin mənşəyi nədir? Cavab çox sadədir, baxmayaraq ki bu, hər şeyə tarixi nöqteyi-nəzərdən baxanların etirazına səbəb ola bilər. Və budur, onların mənşəyi yoxdur, bununla biz zamana yerləşdirmək üçün heç bir insan mənşəyinin olmadığını nəzərdə tuturuq. Başqa sözlə, ənənənin mənşəyi, əgər həqiqətən də mənşə sözünün belə bir vəziyyətdə tətbiqi varsa, metafizikanın özü kimi “qeyri-bəşəri”dir. Bu nizamın doktrinaları bəşər tarixinin heç bir konkret məqamında meydana çıxmamışdır; “ilkin vəziyyət”ə istinad etməyimiz, həmçinin metafizik olan hər şeyin zamansız təbiəti haqqında dediklərimiz müəyyən qərəzlərin əksinə olaraq, - bəzi şeylər var, onlara tarixi nöqteyi-nəzər tətbiq olunmur şərti ilə - bu məqamı çox çətinlik çəkmədən qavramağa imkan verir. Metafizik həqiqət əbədidir; məhz buna görədir ki, həmişə onu həqiqətən və tam olaraq bilən varlıqlar olub. Yalnız zahiri formalar və şərti vasitələr dəyişə bilər; lakin bu dəyişikliklərin müasir insanların “təkamül” adlandırdıqları ilə heç bir əlaqəsi yoxdur, onlar yalnız bu və ya digər konkret şəraitə, irqin və ya konkret dövrün spesifik xüsusiyyətlərinə uyğunlaşmadır. Buradan formaların çoxluğu yaranır; lakin doktrinanın əsasları heç bir şəkildə təsirlənmir və dəyişdirilmir, necə ki varlığın mahiyyəti, birliyi və özünəməxsusluğu onun təzahür hallarının çoxluğu ilə dəyişmir.

Metafizik bilik və onun nəzərdə tutduğu reallaşma, yəni onun həmişə və hər yerdə həyata keçməsi üçün ən azı prinsipcə və belə bir imkan müəyyən mənada mütləq hesab edildikdə mümkündür. Amma reallıqda - praktiki olaraq, əgər belə deyə bilərəmsə, nisbi mənada hər hansı bir mühitdə və müvafiq şərtlər nəzərə alınmadan eyni dərəcədə mümkündürmü? Xüsusən həyata keçirməyə gəldikdə biz bunu daha az israr edəcəyik. Bu onunla bağlıdır ki, onun başlanğıcda məhz bu şəraitlər səviyyəsində dayağı olmalıdır. Müasir Qərbdəki şərait o qədər əlverişsizdir ki, belə bir iş, demək olar, qeyri-mümkündür. Kənardan, yəni ətraf mühitdən heç bir dəstəyin olmaması belə bir iş görən birisinin səylərini yalnız əngəlləyə və ya məhv edə biləcək qədər təhlükəli ola bilən vəziyyətə gətirib çıxardar. Digər tərəfdən, bizim ənənəvi adlandırdığımız sivilizasiyalar elə qurulmuşdur ki, bu, tamamilə zəruri olmasa da, onların hər hansı bir zahiri formasından daha çox orada təsirli dəstək mexanizmi tapa bilərsiniz ki, belə yardım olmadan da effektiv nəticə əldə etmək çətindir. Burada təcrid olunmuş fərdin gücündən kənar bir şey var, hətta həmin fərd başqa cür tələb olunan keyfiyyətlərə malik olsa belə. Biz də bu şəraitdə kimisə ehtiyatsızlıqla bu cür işə tələsməyə təşviq etmək istəməzdik və bu, bizi birbaşa nəticəyə gətirir.

Bizim üçün Şərqlə Qərb arasında böyük fərq var (söhbət yalnız müasir Qərbdən gedir). Yeganə həqiqətən əhəmiyyətli fərq (qalanların hamısı onun törəmələridir) bir tərəfdən ənənənin qorunub saxlanmasıdırsa, digər tərəfdən həmin ənənənin unudulması və itirilməsidir; habelə bir tərəfdən metafizik biliyin qorunub saxlanmasıdırsa, digər tərəfdən bu sahə ilə bağlı tamamilə məlumatsızlıq və cahillikdir. İmkanlarına nəzər saldığımız və effektiv realizasiya üçün ən uyğun vasitələr təklif etdiyimiz öz elitalarına açıq olan sivilizasiyalar arasında (bu yol onların heç olmasa bəziləri tərəfindən həyata keçirilməsinə imkan verir) - bu ənənəvi sivilizasiyalar ilə sırf maddi xətt üzrə inkişaf etmiş sivilizasiya arasında hansı ümumi ölçü tapmaq olar? Bəs mən nəyin zərərli olmasını bilmədən maddi üstünlüyün intellektual aşağılığı kompensasiya etdiyini iddia etməyə necə cəsarət edə bilərəm? İntellektual dedikdə, nə insani, nə də təbii nizamla məhdudlaşan və öz mütləq transsendensiyasında xalis metafizik biliyi mümkün edən həqiqi ziyalılıq nəzərdə tutulur. Mənə elə gəlir ki, bu suallar üzərində yalnız bir anlıq fikirləşmək verilməli olan cavaba dair heç bir şübhə və ya tərəddüd yeri qoymur.

Müasir Qərbin maddi üstünlüyü danılmazdır; heç kim onunla bu barədə nə mübahisə edir, nə də onun paxıllığını çəkir. Həqiqətən daha irəli getmək olar; belə ki, əgər Qərb vaxtında özünə gəlməzsə, “mənşəyinə qayıtmaq” haqqında ciddi düşünməzsə, həddindən ziyadə maddi inkişaf - bəzi İslam ezoterik məktəblərində işlədilən ifadə ilə desək, - gec-tez onu məhv etməklə hədələyir. Bu gün bir çox dairələrdə “Qərbi müdafiə etmək” haqqında çox eşidirik; lakin təəssüflər olsun ki, Qərbin xüsusilə özündən qorunmağa ehtiyacı var. Çünki Qərbi həqiqətən təhdid edən bütün təhlükələrin ən əsası və ən qorxulusu onun indiki meylləridir. Bunun üzərində dərindən düşünmək yaxşı olardı və hələ də düşünmək qabiliyyəti olan hər kəsi belə bir düşüncəyə dəvət etmək artıq hərəkət deyil. Mən əlimdən gələni etdim. Düzdür, tam başa düşülməsə də, Qərbdə analoqu olmayan Şərq intellekti barədə az-çox fikir yaradan mühazirəmi bununla bitirirəm. Bu, Hindistanın müqəddəs əsərlərinə görə, yalnız tamamilə doğru, mütləq, sonsuz və ali olan həqiqi metafizikanın, biliyin, hətta qeyri-kamil olsa da, eskizi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...