Novruz sirləri: Novruz sözünün ilkin mənası I Yazı

Araz ŞƏRHİLİ

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” əsərindən

Novruza tacik dilində “Navruz”, başqırd dilində “Nauruz”, çuvaş dilində “Naras” deyilir. “Günəş” sözü buryat dilində “naran”, monqol dilində “nar” formasındadır. Nar ağacının adı fars, qazax və monqol dillərində “anar”dır. Azərbaycan dilində “yanar”, ərəb dilində isə “nar” və “nur” sözləri odu, alovu,işığı bildirir.

“Novruz” sözünün “nov” hissəsi fars dilində “yeni” anlamını verir. Bu söz rus dilində «новый», ingilis dilində “new”, alman dilində “neu”, irland dilində “nua”, isveç dilində “ny”, urdu dilində “nəya”, Litva dilində “naujas”, latış dilində “jauns” formasındadır. Litva dilindəki “jaunas”, italyan dilindəki “giovane”, fars dilindəki “cəvan”, ispan dilindəki “joven”, fransız dilindəki “jeune”, rus dilindəki «юный», ingilis dilindəki “young”, alman dilindəki “jung” sözləri “gənc”, “yeniyetmə” mənalarını ifadə edir. O kalmık dilindəki “şin”, monqol dilindəki “şine”, buryat dilindəki “şene”, çuvaş dilindəki “çene”, Azərbaycan dilindəki “yeni”, türkmən dilindəki “yengi”, uyğur dilindəki “yangi”, başqırd dilindəki “yanı”, tatar dilindəki “yana”, xakas dilindəki “naa” sözlərinə bənzəyir.

Diqqət yetirsək görərik ki, Azərbaycan dilində odu, alovu, işığı bildirən “yanar” sözü ilə tatar dilindəki “yana” (yeni) və yava dilindəki “anyar” (yeni) sözləri arasında oxşarlıq vardır. Türk və hind-Avropa dillərindəki “yeni”, “yanı”, “yana”, “naa”, “nəya”, “nua”, “neu”, “new” sözləri sanki bir-birlərindən törəmişlər. Bu mənzərəni monqol dilindəki “nar” (günəş), ərəb dilindəki “nur” (işıq) və “nar” (od) sözləri tamamlayır. Hər zülmət gecədən və hər sərt qışdan sonra həyatı canlandıran, təbiəti yeniləyən nədir? – Sözsüz ki, Tanrının ən böyük nemətlərindən biri olan günəş, onun işığı və istisi.

Görünür, “Novruz” sözünün ikinci hissəsi olan “ruz” (gün) sözü ilə ispan dilindəki “luz” (işıq), rus dilindəki «луч» (şüa), «русый» (açıq-qəhvəyi), «рай» (Cənnət bağı), ingilis dilindəki “ray” (şüa), sloven dilindəki “rus” (sarı), latın dilindəki “russus” (qırmızı, kürən), Litva dilindəki “ruseti” (közərmək), ərəb dilindəki “rauzə” (Cənnət bağı), “rizq” (nemət), “rustu” (isti), fars dilindəki “ruşən” (işıqlı), mordov dilindəki “riz” (xoşbəxtlik) sözləri arasındakı bənzərlik də təsadüfi deyildir.

Beləliklə, bu qənaətə gələ bilərik ki, “Novruz” sözünün ilkin anlamı “yeni gün” deyil, “günəş işığı”, “günəş istisi” (“nar”, “nur” – günəş və “ruz” – işıq, isti) olmuş, sonradan onun “nur” və “ruz” hissələri “yeni”, “cavan”, “gün” və s. kimi mənaları qazanaraq müxtəlif dilləri daha da zənginləşdirmişlər.

Qədim Roma Novruzdan niyə imtina etdi?

II Yazı

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən

Roma mifologiyasına görə, Marsın müqəddəs heyvanları canavar, at, öküz və ağacdələndir. Romalıların təqvimində birinci ay sayılan mart Marsın şərəfinə adlandırılmışdır. Yeri gəlmişkən, qədim pars dilində kişiyə “martiya”, orta pars dilində isə “mart” deyilirdi. Türk və İran xalqları kimi, qədim romalılar da “qışın qovulmasını” və yeni ilin başlanmasını mart ayında bayram edirdilər.

Haşiyə. Qədim romalılar Marsı məhsuldarlıq və müharibə ilahı hesab edirdilər. Rəvayətlərə əsasən, Mars Romanın qurucusu Romulun və onun qardaşı Remin atasıdır. Marsın həyat yoldaşının adı Nerio və ya Nerionis idi. Zənnimizcə, Nerio–Nerionis adının Nevruz–Naras–Navrez–Novruz sözünə bənzəməsi heç də təsadüfün nəticəsi deyildir. Marsı yunan mifologiyasındakı müharibə ilahı Areslə, Nerionisi isə Roma əsatirlərindəki ilahlar Venera və Minerva ilə eyniləşdirirlər.

Beləliklə, e.ə. 46-cı ildə astronom Sozigenin təklifini bəyənən Roma imperatoru Qay Yuli Sezar (e.ə. 100–44) yeni il bayramını yanvar ayına keçirmişdir.1Görünür, bunu etmək üçün onun tutarlıbir əsası var idi. Qeyd etmək lazımdır ki, e.ə. 53-cü ildən etibarən Roma imperiyası ilə Parfiya imperiyası arasında şiddətli qarşıdurma dövrü başlanmışdı. Bəlkə də Roma konsulu Mark Lisini Krassın (e.ə. 115–53) 7 legionunun darmadağın edildiyi Hərran (Karr) döyüşünün acı nəticələri romalıların parfiyalılar ilə eyni dəyərləri bölüşmək istəməmələrinə və beləliklə, yaz bayramından da imtina etmələrinə səbəb olmuşdur.

Haşiyə. E.ə. 53-cü ildə istedadlı sərkərdə Surxanın rəhbərlik etdiyi 11.000 nəfərdən az Parfiya süvarisi indiki Türkiyənin qədim Hərran (Karr) şəhərinin yaxınlığında baş vermiş döyüşdə Roma konsulu Mark Lisini Krassın təxminən 50.000 nəfərlik güclü birləşməsini ağır məğlubiyyətə uğratmışdır. Bu parlaq qələbənin əsas sirri parfiyalıların döyüş taktikasında idi. Onlar yalandan geri çəkilərək düşməni özlərinin zəif olduğuna inandırmış, bununla da yağını irəli atılmağa təhrik edib, sıralarının, ən əsası isə artıq işlənib hazırlanmış planlarının pozulmasına nail olmuş, sonra qəfil geri dönərək ildırım sürətli hücumla onu darmadağın etmişdilər.

Amma mümkündür ki, yeni ilin mart ayından dekabr ayına keçirilmısi barədə qərar Sezarın öz iradəsi ilə çıxarılmışdır. Belə ki, e.ə. 49–45-ci illərdə Roma imperiyasında Qay Yuli Sezarın və Qney Pompeyin (e.ə. 106–48) tərəfdarları arasında vətəndaş müharibəsi baş vermiş, onun gedişində parfiyalılar fəal surətdə Pompeyi dəstəkləmişdilər. Bunun qisasını almaq istəyən Sezar Parfiya üzərinə növbəti hərbi yürüş planlaşdırsa da, e.ə. 44-cü ildə onun qətlə yetirilməsi yeni müharibənin qarşısını almışdır. Simvolikdir ki, sui-qəsdçilər Sezarı məhz onun ləğv etdirdiyi bayramın qeyd olunduğu mart ayında (15 mart) öldürmüşlər.

Qeyd. Qədim Roma əfsanələrində Romulun alban kimi təqdim edilməsi və hadisələrin Alba-Longada (Alban ölkəsində) baş verməsi ilk romalıların əksəriyyətinin Şimali Azərbaycandan – Qafqaz Albaniyasından olduğuna dəlalət edə bilər.* Əsrlər ötdükcə bu azsaylı qaçqın qrupu yerli əhali arasında assimilyasiyaya uğramış, onların keçmiş vətənləri haqqında xatirələri isə tədricən miflərə çevrilərək həqiqi tarixlərinin üstünə qalın pərdə çəkmişdir. Romanın məşhur patrisi nəsilləri – Geganilər, Julilər (Julius), Quinktilər, Kuriatilər, Kloelilər, Servililər alban əsilli idilər. Julilər nəsli Sezar (Kaesar) adı ilə tanınırdı. Bu nəslin sonuncu nümayəndəsi Roma imperatoru Qay Yuli Sezar olmuşdur.

Dillərini və dinlərini unutmuş albanlar Roma cəmiyyətinin ən imtiyazlı zadəgan qruplarından biri olan “ekvitlər” (süvarilər) adı altında mövqelərini uzun müddət qoruyub saxlamış, e. ə. II əsrin 20-ci illərindən sonra isə Romanın həm də maliyyə aristokratiyasına çevrilmişdilər. Eramızın I əsrindən etibarən Roma ordusunun komanda heyəti, əsasən, “ekvitlər”dən təşkil olunurdu. İmperator Makrin (217–218) onlardan idi. Makrin devrildikdən və qətlə yetirildikdən sonra onun oğlu Diadumenias Parfiyaya qaçmağa çalışmışdı

P.S. Qədim romalılarla bağlı aparılmış son genetik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, onların əksəriyyəti, təxminən, 3.000 il əvvəl Romaya Xəzər dənizinin şimal sahillərindən köçmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə