İstedadlı gənc şairənin yaradıcılığına qısa baxış

Qısa tanıtma: Sevinc Qərib Laçın şəhərində doğulub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. 1992- ci ildən məlum işğal hadisələrilə əlaqadar ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb. Yeniyetmə yaşlarından məcburi köçkün həyatı yaşayan, yurd acısı çəkən Sevinc Qərib Sumqayıtda ədəbi yaradıcılığını davam etdirib. Şeir və məqalələri ilə müxtəlif qəzet səhifələrində görünüb. İş fəaliyyəti və şəxsi həyatındakı problemlərlə bağlı xeyli müddət ədəbi mühitdən uzaq qalıb. Yaradıcılığı davam etsə də, dərc olunmaqdan imtina edib. 2016-cı ilin sonlarından təkrar ədəbi mühitdə görünməyə başlayıb. Mütəmadi olaraq dövri mətbuatda, müxtəlif qəzet və dərgilərdə, saytlarda şeir və digər yazıları ilə çıxış edir. 2017-ci ildə "Hardasa o uzaqlarda..." adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitabın ilk və geniş təqdimatı Sumqayıt "Poeziya Evi"ndə keçirilib. Sevinc Qəribin özünəməxsus yaradıcılığı, fərqli üslubu qələm əhli və oxucular tərəfindən rəğbətlə qarşılanır. Yaradıcılığı haqqında müxtəlif müəlliflərin təhlil məqalələri çap olunub. Türkiyə türkcəsinə uyğunlaşdırılmış bir neçə şeiri "Baküden Fethiyeye Gönül Körpüsü" adlı antologiyada yer alıb. Cənubi Azərbaycanda fəaliyyət göstərən "Ədəbi Körpü" aylıq dərgidə onun şeirləri dəfələrlə çap olunub. Sevinc Qərib, "Dəlidağ" Ədəbi Birliyinin sədrinin və eyni adlı saytın baş redaktorunun müavinidi.

Əziz oxucular!
Sizə Sevinc Qəribin bir neçə şeirini təqdim edirik. İnanırıq ki, bu şeirlər sizin də xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Sevinc QƏRİB

BIR QARA ƏL OYNAYIR SEVİNCİMİN İÇİNDƏ

Ayrılıqdan vüsala salınıb bu körpülər,
Eh... hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir, təzə ev tikir burda...

Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

Bir talesiz yurd orda, üstü kədər örtüklü,
Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.
Çırağının nefti yox, suyu başdan bulanıb,
Ocağı közsüz qalıb, oğurlanıb kömürü.

Şeytan quyruq bulayır tüstüsüz bacasında,
Qapısında iblisin nökərləri yallanır.
İlahi göydən baxıb nə düşünür görəsən,-
O yurdun adamları yenə nəyə aldanır?!!

Yenə savaş oxuyur meşələrdən gələn səs,
Səbri daha dar gəlir bu torpağın əyninə.
Ağaclar qulağını söykəyib qayalara,
Güllələrin səsini həkk eləyir beyninə...

YOLLAR QUCAQLAYIB KÖHNƏ İZİMİ

Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?

Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə , mən onda itib gedirdik,
Fərqində deyildik yayın ,qışın da.

Fəsil tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.

Keçdik keçilməzi, tərsi ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri tam etdik;
Hasil ömrümüzdə qoşa ədəddi.

Mənəmmiş yanımdan tələsik keçən,
Mən yola düşəndə saçım qaraydı.
Dünən zirvədəki qartalı seçən,
Göz indi bilmədi hara haraydı.

Belə unudurmuş insan özünü,
Belə ötüşürmüş illər xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.

YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR

Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım "dağları".
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim "ağları".

Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq tökümlər,
Xəzanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.

O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.

O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim... aldandım kişi sözünə.

Bircə adam saxlayaydın gözümdə,
Bircə ümid, bircə inam, tək güvən...

ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM

Sənə nə könlümə yağan yağışdan,
Ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə yoxuşdan,
Şeytanın evinə üz tutan adam.

Mənim ruhum başqa, düşüncəm başqa.
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.

Əbəsdir tənimə yetişmək cəhdin,
Məni dağ doğurub, səni dərələr.
Sənin savab ilə ötüşmək cəhdin,
Xülyadı, önünə iman sərələr.

Çək uzağa duasız əllərini,
Mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi,
Əllərimi Tanrıya borc vermişəm.

Vicdan qamçılayıb atını, səndən-
Çox-çox uzaqlarda dincini alır.
İnsaf da, mürvət də dolanır gendən,
Boğaza çəkməyə ülgücün qalır.

MƏNİM KÖNLÜM YALIN, RUHUM DA ÇILPAQ

Umduğum bir ovuc torpaqdı, Allah!
Suyunu, havanı ver özgələrə.
Ürəyim bir əsim yarpaqdı Vallah,
Bir ovuc torpağı çox görmə mənə.

Bir xışma torpaq ver yastıq əvəzi,
Elə bircə xışma sürtüm gözümə.
Çıxsın azadlığa dustaq nəfəsim ,
Torpaq ətri dolsun ciyərlərimə.

Hər gecə yuxuma hicran tökülür,
Hər gecə yuxumda torpaq görürəm.
Nəfsimin ilməsi sap-sap sökülür,
Hər gecə yuxumda torpaq yeyirəm.

Umduğum bir ovuc torpaqdı, torpaq!
Dünya qoy dünyanın qalsın özünə.
Mənim könlüm yalın, ruhum da çılpaq,
Bir ovuc torpaq ver çəkim üstümə.

RUHUM LEYSANLARA TƏSLİM

Balışıma daşır gözüm,
Kürdən qopan qol kimidi.
Öyrənib sulara üzüm,
Ümmana bir yol kəm idi.

Susuram, içim alışır,
Dinirəm sözüm yandırır.
Var olan nəyə çalışır,
Məni yoxa inandırır?!

Haqq verər göz gördüyünə,
Aldadar qulaq adamı.
Bəxtim düşüb kor düyünə,
Əcəl alacaq "qadamı".

Kərpic-kərpic hördüyümə,
Divar-divar ah sarılır.
Ömür deyib sürdüyümə,
Dərd baxır bağrı yarılır.

Əlimi tutan öz əlim,
Ayaqlarıma əsayam.
Əsirdi ağzımda dilim,
Səbrini udan kasayam.

Getdiyim yolun kəsəsi,
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.

Duyğularım uçuq, pərən,
Ruhum leysanlara təslim.
Ehh... nəfəsindən öpərəm
Dönsə könlümə söz fəsli...

* * *
İnsafın olsun göy üzü
bir gecəlik
zülmətini çək içinə.
Bir ulduzu pay ver mənə
yastığımda rəqs eləsin
saçlarımın havasına .
bir az nurundan götürüm
pərdə tutum qaranlığın
yuvasına.
Buz donunda təklik ruhu
var-gəl edir otağımda.
Ayı ver çəkim üstümə
örtüyüm olsun bu gecə.
Qucaqlasın işıq məni
qaranlığın canı çıxsın
yatağımda...
həsrətin yorduğu
ömür kimidi
qaranlıqdan doyan gözüm:
bir az yuxu umacağı,
bir az işıq istəyi var.
İnsafın olsun göy üzü,
bircə gecə zülmətini çək içinə.

ÜMİDLƏRİN DİRİLDİYİ YERƏ

Çox qalan deyiləm buralarda,
yerini dar elədiyim adam!
Bir ovuc torpağa möhtacam,
Bir udum vətən havasına.
Getmək üçün yol gərəkdi,
Qalmaq üçün bəhanəm yox.
Gecələrin ümidsiz səhərindən
təngə gəlmişəm,
gündüzlərin gecə rəngindən
yorulmuşam.
Yollar zülmətin qusduğu
qaranlıq kimi görünməz,
uzaq, qorxulu...
ümidlər ölü, arzular yaralı,
dilək də dilənmir dildə,
gedib Tanrıya çatmır dualar,
yalvarışlar,
göyün gözətçiləri yuxulu...
çox qalan deyiləm buralarda,
yerini dar elədiyim adam!
Axtarıb tapacam
qaranlıqda itən yolları,
çıxıb gedəcəm
ümidlərin dirildiyi yerə...

DAHA O QIZ OLMADI

Günahsız qovulan it kimi
ulaya-ulaya uzaqlaşdı
içimdən saf uşaqlıq
arzularım.
Karvan-karvan maşınlara
doldurulub üzü bəri
şəhərlərə köç edilərkən.
Yerini acılar doldurdu,
xiffətlər bürüdü,
həsrətlər qamarladı.
Kötək yeyər deyə
qovulduğu yerə qayıtmağa
cəsarəti olmayan it kimi
dönmədi bir də o arzular geri.
Acıların dolduğu,
xiffətlərin bürüdüyü,
həsrətlərin qamarladığı
yerdən kin cücərdi,
kin boy atdı..,
Daha o qız olmadı...

TA RUHUM YERDƏN İYRƏNİB

Əlim havadan asılı,
duam ovcumdan tökülür.
Dilim ağzıma qısılı,
özüm abrıma bükülü.

Dualarım çatmır göyə,
uzaqdı Tanrının yolu
eşitmir çağıram deyəm:
"öldür, ay Allah bu qulu."

Ta ruhum yerdən iyrənib,
göyə çəkilmək istəyir.
Çoxdakı cana öyrənib,
candan sökülmək istəyir.

Susadığım arzular kəm,
qulağım səsə küylənir.
Gözlərimin dibi hey nəm,
dinsəm "yağışım" sellənir.

MƏN OLSAYDIM...
Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır
Tanrının ovcunda kəpənək kimi...

O DAXMADA O QIZ İLƏ...
İntihara sürüklənən gecənin
saçlarında haray çəkir ağrılar,
dizlərində mürgü vurur son
yaşamaq arzusu,
bulud yüklü kipriklərə
acı verir yuxusuzluq yanğısı.
Əllərinə damcılayan nalədə
bir "bəlkə" işartısı,
bir inam közərtisi...
Alışıb yanır ümidlər
soyuq divarda üşüyən
tənha kölgənin özünü
qucaqlamış qollarında...
Qəddi əyilmiş tavanın
öləziyən tək gözü də
işıq ömrünü bağışlayır
daxmanın tənhalıq ruhuna,
bir ömür də belə bitir
ölümlərin sağlığına...
Hanı səhərin dan üzü,
harda yubanır günəş
niyə soyunmur şəhər
qaranlıq libasını?
Yanmış ümidlərin qoxusu
qarışır son vida ətrinə,
bir udumluq nəfəs kimi
dolur otaqdakı havasızlığın
ciyərlərinə...
Kim duyacaq özünə sığınmış
dalğın ömrün yaşadıqlarını,
kim biləcək səssizcə uçan
körpə ruhun özüylə
apardıqlarını?
O daxmada o qız ilə
can verəcək Tanrı bilən
doğrular...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...