AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Kərim kişinin evinə bu məzmunda teleqram gəldi: “Ali məktəbə qəbul olundum. Təbrik edə bilərsiz. Sabah gələcəm. Oğlunuz Ötkəm”.

Teleqram müqəddəs bir kağız kimi Kərim kişinin evində əldən-ələ gəzdi. Hamı bir-bir oxudu. Hətta Ötkəmin nənəsi hərfləri tanımayan, gözləri pis görən Gülgəz qarı da teleqramı alıb diqqətlə baxdı. Dodağının altında nə isə pıçıldadı... Sonra öpüb bağrına basdı. Kərimin siqaretdən saralmış dodaqları açıldı, sapsarı dişləri göründü və kül rəngində olan bığı tərpəndi. Boğuq səsi eşidildi:

- Yaxşı, bəs niyə yazmayıb hansı instituta qəbul olub?

- Necə yəni, hansı instituta? - deyə qonşuların və evdəkilərin “siyasət dağarcığı” adlandırdıqları Ötkəmin anası Tafta, barıt çəlləyi kimi partladı. Gedəndə ona demişdim ki, ticarət institutuna qəbul olsun. Qurtarandan sonra da gəlib, rayon mərkəzindəki yekə mağazeyində müdir işləsin. Qonşuların da bağrı çatdasın. Desinlər ki, Taftanın oğlu yekə bir mağazeyinin zammağıdı, gündə də filan qədər gəliri var.

- Yox, heç elə şey yoxdu, - deyə evin böyük oğlu, hamının “dozanqurdu” dediyi Fəti anasının sözünü kəsdi. Gedəndə Ötkəmə demişdim ki, hüquq fakültəsinə girsin. Ötkəm polis işçisi olsa, işlədiyim mağazada mənə də dəyib-dolaşan olmaz...

Kərim dedi:

- Sən nə zəvzəyləyirsən ay uşaq. Əsl oğul atasının sənətini davam etdirməlidi. Gedəndə ona demişdim ki...

Bu vaxt Tafta, bomba kimi partladı və ərinin üstünə çımxırdı:

- Sən də qaldın-qaldın söz danışdın də. Bir matah sənətin olsaydı, daha səni heç tutmaq olmazdı.

- Nə olub mənim sənətimə, Allaha şükür, - deyə Kərim arvadı ilə razılaşmaq istəmədi.

Tafta özündən çıxdı. Hirsi vururdu kəllə - çarxa. Çünki Kərim hər dəfə öz sənətindən danışanda Taftanı od götürürdü. Tavada pörtdənən günəbaxan tumu kimi qovrulurdu.

- Nə olacaq? Prokurorsan, hakimsən, müstəntiqsən, biznesmensən, diplomatsan, doxtursan?.. Kimsən? İnjenersən də! Bu da sənətdi? Bütün günü dəmir-dümürlə əlləşirsən. Axşam da qara fəhlədən beşbetər gündə evə gəlirsən. Heç nəyə də heyin olmur... Yerinə girən kimi də xorhaxorla yatırsan... Bir qara qəpik də gəlirin yoxdu. Aldığın da quru maaşdı. O da heç on günlük yemək pulumuzu görmür. İstəyirsən mənim oğlumu da özün kimi bədbəxt, fərsiz, mayuf eləyəsən? Heç elə şey yoxdu! Onu görməyəcəksən! Mən buna imkan vermərəm, - deyə Tafta əsəbi, əyri-əyri nəzərlə ərinə, sonra da evdəkilərə baxdı.

Bu söhbətdən sonra bir müddət heç kim dinib-danışmadı. Tafta qalib gəlmiş pəhləvanlar kimi evdə var-gəl elədi. Sonra həvəngdəstəni götürüb səhər yeyəcəkləri xaş üçün sarımsaq əzməyə başladı.

Evin bir küncündə oturub maqnitofonda hind musiqisinə qulaq asan Ötkəmin kiçik qardaşı İlqarın dili dinc durmadı:

- Bekara özüzü yormayın. Ötkəm riyaziyyat müəllimləri institutuna qəbul olub. Çünki gedəndə mən ona demişdim ki, gedib ora girsin. Sonra da gəlib İsa müəllimin yerində dərs desin. Onun acığına da mənə beş qiymətlər yazsın. O, niyə mənə iki yazır?.. Nə olsun riyaziyyatı bilmirəm. Guya özü bilir? Hamı deyir ki, İsa müəllim diplomu pulla alıb...

- Adə, sən yerində farağat otur, - deyə onun yanımda oturub təsbeh çevirən Gülgəz nənə İlqara bir şapalaq vurdu. Gedəndə ona demişdim ki, gedib göz doxturu olsun. Gəlib, mənim gözlərimə əlac qılsın. Ötkəm nənəsinin ağıllı balasıdı. Mənim sözümdən çıxmaz. Axı, onu mən tərbiyə...

- Sən nə vız-vız vızıldayırsan, ay arvad? - deyə Ötkəmin bacısı “cinni” Fatma nənəsinin üstünə çımxırdı. Qardaşım məgər qonşumuz Qulamın oğlu pıspısa Məlikdən əskikdi? Gedəndə ona tapşırmışdım ki, şərqşünaslığa qəbul olsun. Qurtarandan sonra da gedib xarici ölkələrin birində işləsin. Ordan da bizim üçün bahalı paltarlar, şubalar, ayaqqabılar göndərsin. Qonşuların da bağrı çartlasın.

... Həmin gün səhərə kimi Kərimin evində mübahisə, dava getdi. Özü də çox böyük mübahisə, dava... Söyüşün sayı-hesabı olmadı. Hətta Fəti ilə Fatma bir-birilə tutaşdılar. “Yaxa dartdına” qədər çıxdılar... Hər kəs öz fikrini, öz məqsədini təsdiq eləməyə çalışdı. Arada hətta bir-iki dəfə İlqarla Fatma da tutaşdı. Axırda Fatmanın cini tutdu. İlqarın maqnitofonuna bir təpik vurub sındırdı. İlqar da ondan acığını çıxmaq üçün bir pis, biədəb söyüş söydü... Təzəcə barışan Gülgəz nənə ilə Tafta da bu gecə yenidən küsüşdülər. Bu dəfə yəqin ki, həmişəlik. Arada bir dəfə Kərim də kişilənib Taftaya şapalaq vurmaq istədi. Amma Fəti onu qoymadı. Bundan istifadə eləyən Tafta, Kərimin başına bir qapaz vurdu...

Səhəri gün axşamçağı Ötkəm gəlib çıxdı. Onu heç ayaqqabılarını çıxarmağa da qoymadılar. Sualı sual dalınca yağdırdılar. Ötkəm onlara diqqətlə qulaq asandan sonra tələbə biletini çıxarıb stolun üstünə qoydu. Hamı arı pətəyə cuman kimi tələbə biletinin üstünə cumdu. Orda yazılanları oxuyandan sonra dodaq büzdülər və əsəbiləşib, qaş-qabaq salladılar...

...Tafta Ötkəmi doğduğu günə lənətlər yağdırdı. Fəti onun üstünə xoruz kimi kəkələndi. Hətta bayaq Ötkəmin tərini sildiyi dəsmalı onun başına vurdu. İlqar Ötkəmin qolundan çimdik götürdü. Cinni Fatma pis söyüş söydü. Atası Kərim yenə bəxtindən şikayət elədi ki, uşaqlardan heç biri onun sənətini davam etdirmək istəmir. Nənəsi bu dəfə heç nə demədi. Ancaq gözləri yaşla doldu. Və fikirləşdi ki, daha heç vaxt gözləri açılmayacaq. Daha bu işıqlı dünyanı bir daha görməyəcək. Sonra Ötkəmi məcbur elədilər ki, evdən getsin. Çünki bu sənətdə işləyən bir övlad, qardaş onlara lazım deyil.

Ötkəm, pərt olmuş vəziyyətdə stolun üstündən tələbə biletini götürdü. Evdəkiləri acı nəzərlərlə süzüb, həyətə düşdü. Bağçaya gəldi. Düzəltdiyi stulda oturdu. Bu vaxt cırcıramaların səsi eşidildi. Sonra elə bil buna bənd imiş kimi bağçanın lap qurtaracağındakı çinar ağacından bir bülbül oxumağa başladı. Bülbül elə dil-dil ötürdü ki, o, öz səsi ilə, cırcıramaların səsini üstələdi. Ötkəm fıkrə getdi... Gələcək arzularını yadına saldı... Nənəsini Bakıya, məşhur göz həkimi Şəfa xanımın yanına aparacağını, özünə axşam işləmək üçün necə iş tapacağını, tələbəlik illərini necə keçirəcəyini xəyalında götür-qoy elədi. Bu fıkirlər gah qırılır, gah da zəncir kimi bir-birinə bağlanırdı. Birdən nə fikirləşdisə, açıb tələbə biletinə bir də baxdı. Elə bil gözlərinə inanmırmış kimi yazılanları bir də ucadan oxudu:

- Ötkəm Kərim oğlu Həsənov. Dövlət İncəsənət İnstitutu aktyorluq fakültəsinin birinci kurs tələbəsi - əyani.

Gözlərini tələbə biletindən ayırıb çox uzaqlara baxdı. Ümidlə, sevinclə baxdı... Öz-özünə dedi:

İnstitutu qurtarandan sonra işim çox olacaq. Gərək sübut eləyəm ki, bu sənət heç də o birilərindən pis deyil. Əvvəlcə də evimizdəkilərdən başlamalıyam. Onlara sübut eləməliyəm ki, öz sənətinin kamil bilicisi, ustası olanı hər yerdə uca tutub qiymətləndirirlər. Yaxşı aktyor isə, millətinin fəxri, elinin, obasının, nəslinin tacı deməkdi.

Sumqayıt şəhəri

iyul, 1979-cu il

Bütün xəbərlər Facebook səhifəmizdə