Şair Adil Qasımlının poeziyasında təbiətin gizli-sirli məqamları

İxtisasca ekoloq olan şair-publisist Yusif Dirili ədəbiyyatımızda bədiyyat naminə elmiliyin nəzərə alınmadığı ilə bağlı bir çox tənqidi məqalə müəllifidir. Publisist həmin əsərlərə alternativ olaraq ustad şairimiz Adil Qasımlının yaradıcılığından misal gətirib, elmə istinad edərək daha inandırıcı və real bədii əsərlər yaratmaq imkanlarının olduğunu ədəbiyyatsevərlərə təqdim etmişdir.

Şairin təbiət şeirləri, onun müxtəlif illərdə qələmə aldığı bədii yaradıcılıq nümunələri bədiilik və elmilik münasibətləri əsasında təhlilə cəlb olunub.
O kimdir, quşlara aparır həsəd,
Qalxanda səmanın ənginlərinə?
Sənə minnətdaram, sağ ol, təbiət,
Mənə əl vermisən qanad yerinə.
(A.Qasımlı. “Əllər” şeirindən)

Yaradıcı insanın əsərləri o vaxt yadda qalan, məzmunlu və daha çox sevilən olur ki, elmi mahiyyət kəsb edir. İstər cəmiyyətdən bəhs etsin, istərsə də təbiətdən. Elmi istiqaməti olmayan yazılarla təbiəti vəsf etmək olar, ancaq gərək təsvir reallığı əks etdirsin. Məsələn, qış gəlməmiş quşların dəstələnib köçməsi payızı gətirmir, əksinə payızın gəlişi havanın, torpağın soyuması ilə müşayiət olunur, nəticədə yem qıtlığı yaranır, sığınacaq işi çətinləşir, bəzi quş növləri köçməyə məcbur olurlar. Təəssüf ki, bədii ədəbiyyatda bu cür nümunələr az deyildir və həm klassik, həm də çağdaş poeziyamızda elmi səhvlərlə dolu yanaşmalar mövcuddur. Lakin nə yaxşı ki, onların arasında məzmunca gerçəkliyi əks etdirən əsərlər də vardır.Adil Qasımlının poetik əsərləri buna parlaq misaldır...

Azərbaycan poeziyasında sözünü demiş, obrazlı, bitkin və “misralarının dolu”luğu (şair Sabir Şirvan) ilə seçilən, şair Adil Qasımlının yardıcılığına az-çox bələd olmağım məndə qeyd etdiyimiz problemə münasibətdə nikbin ovqat yaratdı.Yeri gəlmişkən, Adil müəllim çoxumuzun yaxşı tanımadığı, fəqət şeirin tələblərinə yüksək səviyyədə əməl etməyi bacaran tam milli ruhlu şairdir. Sözünün urvatını da, çəkisini də, yerini də, dəyərini də yaxşı bilir.Adil Qasımlının problemlərə münasibəti dövrünün diqtəsi ilə deyil, ədalət mizan-tərəzisinin ölçüsündən keçirərək yanaşması ilə fərqlənib.Elə bu səbəbdəndir ki, o, bir çox imtiyazlardan kənar tutulub, daha doğrusu o, bu yolu tutmayıb. Gerçəyi sevmək, ədalətli olmaq, haqqa tapınmaq, dürüstlülük, millilik, insanilik, ziyalılıq bütövlükdəonun poeziyasında bir hormoniya təşkil edir. Təsadüfi deyildir ki,şair Adil Qasımlıya zamanının böyük yaradıcı şəxsiyyətləri – Nikoloay Tixonov, Cabir Novruz, Tofiq Bayram,Bəkir Nəbiyev,İsa Həbibbəyli, Müseyib Məmmədov, Yavuz Axundov, Şirindil Alışanov və başqaları onun poeziyasını yüksək qiymətləndiriblər. Belə bir sayğıya malik şairin yaradıcılığı diqqəti çəkməyə bilməz. Amma təmənnasızlıq, şəxsiyyətinin və yaradıcılığının mayasındakı milli xarakter onun nüfuzunu isti saxlasa da, cəmiyyətdəki statusuna sərinlik gətirib. Onunyaradıcılığında cəmiyyətlə həmahəng olaraq, təbiətdəki gerçək həyat tərzi, burdakı canlıların özgürlüyü də oxucunun diqqətini özünə cəlb edir. Antropogen faktorların neqativ təsirləri onun poeziyasında o qədər qabarıq verilib ki, oxuduqca düşünməli olursan: Bu nədir, biz hara gedirik?
Bu dağın ətirli havası vardı,
Hər güldə min dərdin dəvası vardı.
Burdan yol gedərdi bulağa kimi,
Otlar boy verərdi qurşağa kimi.
Dərdlilər köç edib dağa çıxardı,
Dərdi bu yerlərdə yoxa çıxardı...
Təzə dərdlər çıxıb yoxdur dərmanı,
O nadir çiçəklər hardadır, hanı?..
Təbib çarəsizdi, dərman azalır,
Çiçəklər azalır, yaman azalır.
(“Azalır”)

Şeiri oxuduqca özünü təbiətin içində görürsən və onun cahanşümul gözəlliklərindən çox, dağıdıcı amillərin təsirindən getdikcə yoxa çıxan, kasıblaşan təbiət göz önünə gəlir. Doğurdan da şəfaverici bitkilərin, təmiz dağ havasının, müalicə əhəmiyyətli suların tükəndirildiyi təbiətin indiki görkəmi çox ciddi bir siqnaldır. Azərbaycan aşıq sənətinin banisi,el şairi Dirili Qurbani hələ XV əsrdə yazırdı:
İçən ölməz dərdə dərman suyundan,
Başı qarlı uca dağlar qal indi.
Yaxud şair özü dediyi kimi:
Su içmişəm yüz bulağın gözündən,
Diş göynədən buz bulağın gözündən.
Bir ilahi qız bulağın gözündən
Verdi mənə həyat suyu, şərbəti.
(“Gözəllik məbədi”)

Şair demiş, “əlacına dərman tapılmayan təzə dərdlər”in tüğyan elədiyi bir vaxtda nadir növlərin, müalicə əhəmiyyətli bitkilərin sayının azalması narahatlıq doğurmaya bilməz. Həkimlərin ən yaxşı müalicə vasitəsi kimi bol su içməyi məsləhət görmələri səbəbsiz deyil. Nədən insanlar əvvəllər bu qədər xəstəliklərə düçar olmurdular? Səbəbi: təbiətlə doğmalıq, onunla insani davranmaq vəyaxşı tanımaq, qaydasında faydalanmaq, ekoloji mühiti sağlamlaşdırmaq! İndisə, bunun əksibaş verir. Deməli, şairin narahtlığınaəsas var:
Kim pozub onun o növrağını?
Nədir təmizliyə çirkab axını?..
Bax, elə beləcə
Göz önündəcə
Əldən çaylar gedir, dənizlər gedir,
Bulaqlar quruyur, kəhrizlər gedir.
Təmizlik suyunda çimən azalır,
Təmizlər azalır, yaman azalır.
(“Azalır”)

Şair mənəvi aşınma ilə, təbiətin kirləndirilməsini eyni çənbərdə görür və birini digərindən ayırmır.Müəllifi narahat edən başqa bir tipik nümunəyə baxmazdan əvvəl təbiətə zərər gətirən hadisələrin fonunda son illər kütləvi informasiya vasitələrində diqqəti cəlb edən, həyacan yaradan, tükürpədən qarşısıalınmaz meşə yanğınlarını bir anlıq göz önünə gətirək. Bəyəm, hər hansı səbəbdən meşələrin talanması, kütləvi qırılması bundan azmı problem yaradır. Hər iki nüansda A.Qasımlının ekologiyaya vurulan ziyana etiraz edərək, onu sətiraltı fikirə çevirib əsərində uğurla mənalandırması təcrübəli oxucunu təsirləndirir:
Nə barım var, talamısan,
Sonra da baltalamısan.
O nə oddur qalamısan?
Odlama, yaşam, yanmaram
. (“Yanmaram”)

Şairin bu şeirlərini oxuyub təhlil etdikcə xalq şairi Məmməd Arazın “Şəhərdən köçən təpə” və “Bağışla, dəniz” şeirləri yadıma düşür. Çox sevdiyim bu şeirlərdə böyük şairimiz M.Araz insanı bir dağıdıcı faktor kimi o qədər qabarıq və dəqiq verir ki, heyran qalmaya bilmirsən.
Şəninə nə qədər şer yazmışam,
Sahil qumlarına şüar yazmışam.
Zəhər içirirkən balıqlarına -
Səltənət demişəm buruqlarına.
“Meşələr sinənə köçüb” - demişəm.
“Hünər, dalğaları içib” - demişəm.
Qürurla demişəm: cilovlamışıq!
Bəs sabah, sabahla necə danışım? -
Nə deyək bu günün nəvələrinə?
Deyəkmi: qum yeyin kürü yerinə!
(M.Araz. “Bağışla dəniz” şeirindən)

Şair bu şeirlərində ətraf mühitə neqativ təsir göstərən elementləri ustalıqla verdiyi kimi, A.Qasımlı da “Azalır”,“Danışır Yer kürəsi” və başqa şeirlərində əhalinin və ölkələrinətraf mühitə dağıdıcı münasibətinio cür dəqiqliklə təqdim edir:
-Salam, ey qadir insan!
Sən məndən doğulmusan,
Sən məndən yaranmısan.
Övladsan-anan mənəm,
Qılınçsan-qının mənəm...
İlk beşiyin olmuşam,
Ev-eşiyin olmuşam,
Sənə layla çalmışam sərin küləklərimlə,
Oxşamışam ruhunu əlvan çiçəklərimlə.
Sərilib qədəminə çəmənlərim, düzlərim,
Sənindir meşələrim, çaylarım, dənizlərim.
Demə adi torpağam,
Hər dərdinə ortağam.
Əbədi ehtiyacın, əbədi gərəyinəm,
Atəşinəm, odunam, suyunam, çörəyinəm.
Sənə qızıl verirəm,
Sənə gümüş verirəm.
Alıram kədərini
Sevinc, gülüş verirəm.
Şumla, ək torpağımı,
Göyərdim zəmi-zəmi.
Bəs niyə gizli-gizli sökürsən sən sinəmi.
Əkdiyin nədir belə?
Məni göynədir belə?
Toxum deyil, dən deyil,
İndiyədək köksümə əkdiklərindən deyil.
Köpək balığı kimi qısa qanadları var,
Düzülüb qatar-qatar
Quruda, suda yatır.
Sanki nəsə gözləyir,
Susub, pusquda yatır.
Zəhərləyir havamı, torpağımı, suyumu.
İtirib dincliyini
Nə zamandan bəridir dənizlərim uyumur.
İçimdəki ağrılar məni doğrayır, kəsir,
Sanıram başım üstə ölüm yelləri əsir.
Nədir səni çaşdıran,
Söylə, ey qadir İnsan?!
Övladsan-anan mənəm,
Qılıncsan-qının mənəm.
Nahaq durma qəsdimə,
Əvvəlin, sonun mənəm!..“Danışır Yer kürəsi”

Bununla belə şairin insanda xoş ovqat yaradan, nikbin ruhlu şeirləri də kifayət qədər obrazlı və realdır.Aydındır ki, günəşli yaz günləri dağların güney hissəsində qarı daha tez əridir, az vaxtda hər tərəf yaşıllaşır, ilk yaz çiçəkləri diqqəti çəkir. Quzeydə isə havaların qızması tədricən qarın xarlanmasına (yumşalmasına) səbəb olur, şair demiş, “gözləri dolur” – sulanır. Bundan yaxşı təsvir mümkünmü? Bizcə, şairin təbiətə real yanaşması, onu olduğu kimi duyması ilə bərabər, həm də, təbiəti yaxşı bilməsi ona bu cür təsvir imkanı verib. Necə də biçimli təsvirdir!
Güney yerlər gülşən oldu,
Quzeydə qar dən-dən oldu.
Qəhərləndi, gözü doldu,
Dedi: yenə bahar gəlir.
(“Yenə bahar gəlir”)

Aşağıdakı şeir parçasında isə şair bənzəriz bir bənzətmə verib. Bundan yaxşı təbiəti obrazlı şəkildə təsvir edə biləcək bir nümunə tapıb deyə bilərsinizmi?!
Qar yağır, doldurur boş yuvaları,
Ovcunda saxlayır onu budaqlar.
Sanki qartopudu quş yuvaları,
Ağaclar qartopu oynayacaqlar.
(“Yenə bahar gəlir”)

Şairin təbiət şeirləri içərisində ən çox xoşuma gələn ekoloji-elmi fikirlərin üstünlük təşkil etdiyi poetik nümunələrdir. Bu cəhətdən müəllifin “Günəş yağır” şeiri səciyyəvidir. Nəzərdən keçirsək görərik ki, şair burada həyati vacib məsələyə toxunur. Belə ki, o, bu şeir ilə haqlı olaraq günəş enerjisinin canlı maddənin fəaliyyətində çox mühüm rol oynadığını göstərmiş olur. Və maraqlısı odur ki, bu yanaşma bütün şeir boyu davam edir.
Göy çəmənlər, çöllər üçün,
Təzə açan güllər üçün
Şüa-şüa, şölə-şölə
Qızıl günəş yağır bu gün.

Körpə otlar baş qaldırıb
Gilə-gilə Günəş içir,
Gülə-gülə Günəş içir.
Ağ suların
Aynasına qonur günəş.
Almaların yanağında
Qızartıya dönür günəş.

Bu gün sanki
Üfüqlər də genişlənib.
Təbiətdə hər nə varsa
günəşlənib.
Yediyimiz meyvədə var
günəş dadı,
Çörəkdə var günəş tamı.
Günəş yeyir bu gün hamı.
Günəşlənib
Torpaq, hava,
dəniz, səma.

Məlumdur ki, enerji müəyyən mənbələr əsasında tənzimlənir.Biosferin əsas enerji mənbəyi isə günəşdir. Günəş enerjisinin maddələr mübadiləsinin baş verməsində əvəzsiz rolu vardır və o qismən Yer qabığında olan orqanizmlərin qalıqlarında, habelə daş kömürdə, lildə, torfda və neftdə toplanır. Atmosferdə karbon və oksigen qazlarının balansı bitkilərin yaşıl hüceyrələrində mütamadi baş verən fotosintez prosesi ilə tənzim olunur. Bu proses zamanı bitkilər həmçinin, digər canlı orqanizmlərin istifadəsi üçün lazım olan üzvi maddələr hazırlayırlar. Fotosintez nəticəsində xlorofilli canlılar günəş enejisini kimyəvi rabitələr enerjisinə çevirir. Başqa sözlə, enerji itmir, bir şəkildən başqa şəklə çevrilir, bir canlıdan başqa canlıya keçir: Üzvi maddə hazırlayan bitkilərə - produsentlərə enerjini mənimsəyən ilk mərhələ kimi baxmaq olar. Otla qidalanan canlılar I dərəcəli konsument, ətlə qidalanan canlılar II dərəcəli konsument, bitki qalıqları və heyvan cəsədləri ilə qidalanıb onları çürüntüyə çevirən, bununla da torpağı münerallaşdıran, çürüntü ilə zənginləşdirən 4- cü mərhələ redusentlərdir. Enerji mərhələdən mərhələyə keçərək torpağın əsasını təşkil edən - mineral və üzvi maddələrin tərkibinə daxil olur. Onlardan yeni bitkiər inkişaf edir. Göründüyü kimi, canlıların fəalyyətində günəş enerjisi mühüm əhəmiyyət kəsb edir və davamlı olaraq biosferdəki həyat dövriyyəsinə qoşulur. Biz prosesin bu ardıcıllıqla getməsi haqqındakı fikirlərə Nizami, Nəsimi, Füzuli, Tusi, Sührəvərdi, Bəhmənyar kimi şair və filosofların əsərlərində də rast gəlirik. Məsələn, Nəsimi panteizm cərəyandan gələn ideyanı inkişaf etdirərək,insana ali varlıq kimi baxmaqla bərabər, ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək insana doğru inkşaf etdiyi qənaətində idi. Həmçinin, bu fikirlərin özəyində başlanğıc maddə kimi minerallar qeyd olunur. Qədim Hind fəlsəfəsində də ruhun (bizə görə, enerjinin – müəl.) bir canlıdan digərinə keçərək dövriyyəyə qoşulduğu barədə maraqlı yanaşmalar mövcuddur. Günəşin abiotik faktor olaraq ətraf mühitə təsirinə dair daha iki misala baxaq.
Bir tilsim var, dinsə, dünya qopandı,
Kəhkəşandan ulduz salar sapandı...
Ulu günəş yerə mehr səpəndi,-
Göylə yerin barışığı-təsəllim.
(“Təsəllim”)

Ətəyin oduna od vuran günəş
Zirvənin qarına dəymir heç vədə...

Yuxarıda qeyd olunan hər iki misra günəşin Yer planetinin əbədiyaşarlığının qarantı kmi təqdim olunur (1), günəş hündür zirvələri zəif qızdırdığı halda, dağətəyi yerlərdə (2) onun hərarəti o qədər olur ki... az qala od tutub yansın. Deməli, günəşin təsiri, həm də onun şüasının düşdüyü, yayıldığı coğrafi mövqedən çox asılıdır.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, şair Adil Qasımlının təhlilinə cəhd etdiyimiz günəşlə əlaqədar yuxarıdakı şeir parçaları, həm aktuallığı, həm də elmiliyi ilə bitkindir.

Hər bir orqanizmin normal yaşaması üçün müəyyən bir yaşayış sahəsi lazımdır.Canlı orqanizmlər sağ qalmaq, yaşamaq uğrunda daim mübarizə aparırlar. Yaşayış uğrunda mübarizə mühit şəraitindəki çətinliklər, qida uğrunda rəqabət, yırtıcılıq, xəstəliklərin olması nəticəsində fərdlər arasında daim gedən mübarizədir. Bura növdaxili, növlərarası və əlverişsiz mühit şəraiti ilə mübarizə aiddir. Əlverişsiz şəraitlə mübarizə - orqnizmlərin mühit amilləri ilə (quraqlıq, istilik, soyuqluq, nəmlik) olan mübarizəsidir. Bundan ötrü onlarda müəyyən uyğunlaşmalar yaranır və bu zaman dəyişilmiş mühit şəraiti ilə orqanizmlər arasındakı münasibətlər də dəyişir. Muhit amilləri orqanizmlərə təsir edərək onları dəyişdirir; uyğunlaşanlar salamat qalır, uyğunlaşa bilməyənlər isə sıradan çıxır. Şair kəskin mübarizə formalardan biri kmi növün əlverişsiz mühit şəraiti ilə apardığı mübarizəni dəqiqliklə müşahidə edib və çıxardığı nəticəni “Əlincədə qızılgül” adlı şeirində çox dürüst ifadə edib:
Yüz tufandan qoruyubdu özünü.
Möcüzədir zərif gülün dözümü.
Bu ocağın qaralmayan közümü
Əlincədə ətir saçan qızılgül?

Sərt qayada sınıb neçə ildırım,
Yaralanıb, paralanıb sıldırım.
Zoğ ataraq yenə də baş qaldırıb
Əlincədə ətir saçan qızılgül.

Üzülməyir, zirvələrdən heç əli
Qayalardan qüvvət əmir, güc alır.
Qalibiyyət bayrağı tək ucalır
Əlincədə ətir saçan qızılgül.

Həqiqətən də, güclü küləklərin əsdiyi yüksəkliklərdə çətinşəraitə dözümlü canlılar qalib gəlir. Hündür dağlıq, qayalıq yerlərdə bitən bitkiləin kökləri, gövdələri, yarpaqları sərt iqlim şəraitinə, o cümlədən soyuq küləklərə və havalara davamlı olmalıdır ki, yaşaya bilsin. Bunun üçün onlar müəyyən uyğunlaşmalar qazanırlar. Yabanı qızılgülün ildırımların paraladığı qayalıqda bitə bilməsi də bununla bağlıdır. Deməli, müəllif qənaəində haqlıdır və buna elmi əsas vardır.
Digər bir nümunəyə baxaq:
Sağım kükünar, solum qayın
Udulubdu günəş payım.
Dəmirağacam, ol arxayın,
Yansa da meşəm, yanmaram.
(“Yanmaram”)

Şair bu şeirində də yaşayış uğrunda mübarizəyə işarə edərək, ondan uğurla bədii vasitə kimi istifadə edir. Qrup halında yaşayan bitkilər günəş işığına, suya və mineral maddələrə tələbat uğrunda mübarizə aparmalı olurlar. Hansının kökü daha çox şaxəlıdir və dərinə gedirsə, hansının budaqları hündürə qalxırsa, deməli o daha yaxşı inkişaf edəcək. Yaxşı inkişaf edən bitki başqalarını sıxışdırır, beləliklə, onların zəifləməsinə, hətta ölməsinə səbəb olur. Dəmirağac bildiyimiz kimi möhkəm, davamlı bitkidir. Adı kimi sıxlığı çox olan, suda batan, çətinliklə kəsilən ağacdır. Ona görə meşə yansa da “mən yanmaram” deyir, eyni zamanda özündən qat-qat zəif olan küknar və ağcaqayın bitkilərinin günəşə olan tələbatına ortaq çıxdıqlarını “dilə gətirir”. Müəllif ustalıqla bu bitkilərin bioekoloji durumunu diqqətə çatdırır.
Hardan çıxarılıb, zatı nə olar?
Meşə ağacıdı, odunu olar.
Bar versə barının adı nə olar?
Əkmə o ağacı, bu bağa əkmə.

Gətir, bu bağçanın tacı nar olsun,
Gətir, gilənara bacı nar olsun.
Nar bağı küknarla niyə dar olsun?
Əkmə o ağacı, bu bağa əkmə.
(“Əkmə”)

Yuxarıdakı bəndlərdə şairin diqqət kəsildiyi məqama nəzər yetirək. Müəllif maraqlı məsələyə toxunur. “Hardan çıxarılıb zatı nə olar?” Doğurdan da mayası, kökü, əsli olmayan insan, bitki, heyvan, ümumilkdə canlı orqanizm hansı bioloji keyfiyyətə malik ola bilər axı? Bağ-bağçamızda əkdiyimiz, zəhmətini çəkdiyimiz bitkiləri zövqümüzə, qida tələbatımıza və həyat tərzimiz üçün digər vacib əhəmiyyətinə görə becəririk. Əks halda, nəyə lazımdır, deyə düşünürük. Aydındır ki, bağçılıq təsərrüfatında çəkilən zəhmətin nəticəsi öncə yaxşı, bol məhsul almaqdır. Müəllif bu şeir nümunəsi ilə küknarın meyvə verən bitki olmadığını qeyd edir. Qayın ağacının isə meyvəsinin yeyilmədiyini göstərir. Yəni hər iki bitkinin bioloji xüsusiyyətlərini təqdim etməklə, eyni zamanda öyrədici material verir və bu fərqliliyi məharətlə istifadə edərək fikrinin məğzini müqayisəli şəkildə oxucuya çatdırır.

“Gəzdiyim torpaqdı ilk müəllimim” - Bir vətən, bir də torpağa Ana deyirik. Bizcə, bu, yalnız torpağın Vətən anlamında olması ilə bağlı deyildir. Eyni zamanda torpaq bioekoloji mənada böyükdür, uludur, müqəddəsdir. Ona görə ki, mühitin biokos maddəsi kimi canlı və cansız aləmlərin əlaqələrini konkret göstərən varlıqdır. Bu əlaqə təbiət və əhali arasında çox mürəkkəb nəticələr verir. Təsadüfi deyildir ki, bəşəriyyətin inkişafında torpağın əkin kimi istifadəsi həlledici amillərdən biridir (Y.M.Mahmudov, 2017). Digər tərəfdən torpaq tarixi öyrənmək baxımından palentoloji qalıqların və arxeoloji materialların mühafizə olunduğu geoloji qatdır. Əhalinin tarixi yaşayış məskəni kimi də xeyli dərəcədə əhəmiyyətlidir. Məhz bu səbəbdən müəllifin torpağı özünün ilk müəllim hesab etməsi realdır. Torpaq həm də insan üçün o zaman əhəmiyyətli olur ki, əkəsən-becərəsən; toxum səpəsən, bol məhsul götürəsən. Səpdiyin toxum safdırsa, cücərəcək, zaydırsa çürüyəcək. Hələ elmin inkişaf etmədiyi uzaq keçmişdən başlayaraq əkinçi babalarımız buna həmişə xüsusi diqqət yetiriblər. Başqa sözlə, özlərinin yaratdıqları xalq seleksiyasına istinad ediblər. Ona görə də, saf məhsul alıblar, sağlam yaşayıblar. Şair də elə bunu deyir:
Bu torpağın qəhrini çək,
Yeri şumla, toxumu ək.
Zay olanı çürüyəcək,
Safları yaza çıxacaq.
(“Çıxacaq”)

Xoşlanıb bağların qızıl donundan
Yellər hücum çəkdi talançı kimi.
Budaqlar sıyrılıb çıxdı qınından
Cəngavər meşənin qılıncı kimi.
(“Payız lövhələri”)
Burada şair birmənalı olaraq meşənin qoruyucu funksiyasını şüuraltı ifadə edə bilmişdir. Məsələn, dağıdıcı payız küləklərinin qarşısını almaq baxımından meşələr az fayda vermir. Şair də elə onu deyir:
Deyildirsə kökün dayaz,
Yer nədir ki, lap göydə gəz.
Desəm, qüdrəti kökdə gəz,
Budaq məndən inciməsin(“İnciyər”)

Bu şeirində şair vegetativ oraqanlardan olan kökün funksiyalarından birinə toxunur. Doğurdan da kökü dərinə gedən, şaxəli kök sisteminə malik bitkini ən güclü küləklər belə qopara bilmir. Bu, bitkinin nəslini davam etdirmək, növü saxlamaq baxımından çox vacibdir. Beləliklə şair təbiəti öyrənərək, onun xüsusiyyətlərindən, elementlərinin qarşılıqlı müqayisəsindən və bənzərliklərindən əsaslı xəbərdar olaraq, bunlardan öz əsərlərinin məzmununun açılması üçün, sərrast şəkildə yararlanır.
Yenə bu yerlərdə ağlı çaşdırır
Güllü bağçaların yar-yaraşığı.
Arxlar qırağında göz qamaşdırır
Gümüş iydələrin sarı işığı.

Bir də bu yerlərə üz çevirməzdim,
Bu elin, obanın xətrinə gəldim.
Yazın sübh mehindən ürəyim əsdi,
İydə çiçəyinin ətrinə gəldim.

Arxlar qırağında göz qamaşdırır
Gümüş iydələrin sarı işığı.
(“İydələr çiçəkləyəndə”)
– burda şair meyvə bitkisi kimi iydədən söhbət açır, onun daha çox sevdiyi sulu əraziləri, yayılma yerlərini qeyd edir, morfoloji görünüşündən bəhs edir; iydənin gümüşü yarpaq və zoğları, ətirli sarı çiçəkləri, adətən arx kənarlarında daha yaxşı bitə bilmələri onun bir şair qələmində botaniki təsviri üçün əsas olmuşdur.
Vətənimizin təbiəti - onun faunası da, florası da çox zəngindir. Havası, suyu, torpağı ümümilikdə əsrarəngizdr. Təəssüf ki, heç də onu olduğu kimi dəyərləndirməyi bacarmırıq. Çöl-çəmən çiçəkləri həm ətrinə, həm cəlbedici görünüşünə, həm də müalicə əhmiyyətinə görə mədəni bitkilərdən dəfələrlə üstündür. Buna baxmayaraq, müasir insan elə bil təbiətdən aralı düşüb, zövqü korlanıb. Təbii çiçəklərin bioloji xüsusiyyətləri, onlara dəyər verməli olan insanların laqeyid münasibəti bu şeir parçalarında aydın görünür:
Köksündən çıxarıb, bağrından doğub
Sanarsan burada yer çiçəkləri.
Heyf, seyrə çıxıb, bir dəstə yığıb
Qoxlayan yoxdu bu tər çiçəkləri.

Xumar gözlərindən şəfəq süzülür,
Günəş çimizdirib nurda onları.
Şəhərdə gül üçün növbə düzülür,
Amma arayan yox burda onları.

Baxma ki, zərifdi, dözümü çoxdu,
Göydən od yağsa da solduran deyil.
Hüsnünün, ətrinin əvəzi yoxdu,
O var ki, cibləri dolduran deyil.

Müəllif torpağı, təbiəti sevərək öyrənib və öyrənərək sevib, bu vəhdət elə bir səviyyəyə çatıb ki, o, təkcə özünü deyil, həm də əsərlərini təbiətin bir hissəsi kimi görür. Təsadüfi deyil ki, yaratdığı əsərləri belə çöl gülləri ilə eyniləşdirir:
Baxdıqca könlümü, gözümü oxşar,
Sinəmdə cücərən sözümə oxşar
Bu qərib çöllərin gül-çiçəkləri.
Mənim nəğmələrim çöl gülləridi,
Mənim şeirlərim çöl çiçəkləri.
Beləcə nəzərdən, gözdən uzaqdı.
Bəlkə də, bəlkə də heç illər boyu
Dərib qoxlayanı olmayacaqdı,
Alıb oxuyanı olmayacaqdı.
(“Mənim şeirlərim çöl çiçəkləri”)

Təbiətdə növün davamlılığını qorumaq üçün bir sıra uyğunlaşmalar, davranış xüsusiyyətləri vardır. Ətraf mühitin zərərli amillərinə qarşı dözümlü olan canlı orqanizm salamat qalır, zəifləri isə təbii seçmə nəticəsində çıxdaş olur, ya da birliklər şəklində yaşamaqla düşmənlərindən qoruna bilirlər. Məsələn, sürü və dəstələr şəklində yaşayan, yuvalayan heyvanlar. Qaranquş kimi kolonial yuvalayan quşlar təhlükəli məqamlardan etibarlı qoruna bilirlər. Bəzən cüt-cüt, bəzən də daha çox yuvaları bir-birnə yaxın inşa edilir. Şair bu müşahidələrdən faydalanaraq, öz əsərlərində gözəl bir şəkildə istifadə edir.
Bir ömür yaşadıq verib baş-başa,-
qoşa yuva quran qaranquş ömrü
(“Qaranquş ömrü”)

Qış keçir, şaxtalı soyuq havalar qurtarır, istilər başlayır. Əvvəlki yaşayış məskəninə qayıdan quşların bəziləri yeni yuva tikir, bəziləri isə köhnə yuvalarını bərpa edirlər. Bundan sonra qoşalaşıb havada dövrə vurur, nigah mərasimini birgə qeyd edirlər. Mərasim bitir, dişi fərd yuvaya yumurta qoyur. Balaçıxarma və balabəsləmə mərhələlərində də hər iki valideyn çox halda birgə iştirak edirlər. Aşağıdakı şeir parçası deyilənlərə misal ola bilər.
Qanadlanan iki quşduq,
Haçalanıb uçduq... uçduq...
Quşlar qoşalaşır, bizsə,
Qoşalaşmadıq,
qovuşduq.
(“Quşlar qoşalaşırlar”)
Müəllifin səciyyəvi poetik nümunələrindən biri də, şübhəsiz, “Mən elə ağacam ki...” şeiridir.
Mən elə ağacam, elə otam ki,
Ancaq bu torpaqda bitə bilərdim.

Dağından göyərib qaya sərtliyim,
Yoxsa olardımmı belə dözümlü?!
(“Mən elə ağacam ki...”)

Hər bir bitki uyğunlaşdığı mühitdə, tələbatını ödəyə biləcək torpaqda daha yaxşı inkişaf edir, sanki orda rahatlıq tapır. Çünki onun həmin yerdə tələbatına uyğun bol qida maddələri vardır ki, bu da çox vacibdir. Digər canlılarda da belədir. Məsələn, çox olur ki, xəstə adama öz yaşayış mühitində, doğulub böyüdüyü mühitdə-ərazidə yaşamaq məsləhət görülür və nəticəsi də effektli olur. Fikrimizcə, şairin bu şeir parçalarında qaldırdığı məsələlər də öz elmi yönündən qaynaqlanaraq bədii həllini tapıb.Müəllifin təhlilə cəlb olunan əsərlərində, ekoloji fikirlərin açıqlanması baxımından qarşıya qoyduğumuz məqsədə əsasən nail olsaq da, bu, şairin poeziya dəryasından yalnız bir içim su qədərdir.

A.Qasımlı poeziyasında İnsan ekologiyasına aid düşündürücü, günümüzün gerçəkliklərini əks etdirən bariz misallar o qədərdir ki. Tipik nümunə kimi “Dil” şeirini misal gətirmək olar:
Dildir bu dünyada ən kəsərli ox,
Sağalmaz yaralar dillə vurulur.
Dillə yanağa yox, dillə üzə yox,
Dillə ürəkllərə sillə vurulur.(“Dil”)

Şairin bütün yaradıcılığı boyu insan ekologiyasına aid yüzlərcə, minlərcə misralarını, bütövlükdə şeirlərini misal gətirmək olar. Əlbəttə, mənəviyyatımızın aşınması, adət-ənənələrimizdə, əski dövrlərdən çağımızacan formalaşaraq gəlib çıxmış milli xüsusiyyətlərimizdə son illər başverən deqradasiyalar şairi narahat edən çoxsaylı ciddi problemlərdən biri kimi onun “Azərbaycan”, “Qoy tanısın dünya məni”,“Hanı mənim and yerim”, “Hələ kimliyimi deyə bilmərəm”, “Təsəllim”, Gəlib-gəlib axırda”, “Səni səsləyirəm”, və s.şeirlərinin mayasına, canına, ruhuna hopub.“Avtoportret” şeiri bu cəhətdən xarakterikdir.
Bütün məzənnəli vəzifələrin
Yanımda qəpikcə qiyməti yoxdur...
...Hər əli əyriyə əl vermərəm ki,
Əlimdə əlinin ləkəsi qalar.

Yaxud “Salam” şeirində dediyi kimi:
Çoxu güc verib ayağa
Ucalıb qalxsa da dağa,
Dönüb geriyə baxmağa
Üzü olanlar salam!

Nəhayət, tədqiqatımızın yekunu olaraq deyə bilərik ki, şair Adil Qasımlı daxilən, mənən, ruhən kökə, əslə, birbaş desək, təbiətə bağlı şairdir, ziyalıdır, milli insandır. Ona görədir ki, şeirlərindək hər misra Ana Təbiətimizə, Qədimliyimizə, Milli Kimliyimizə söykənir.

Yusif DİRİLİ (Mahmudov),
Ətraf mühit üzrə tədqiqatçı

Bütün xəbərlər Facebook səhifəmizdə