SƏN – SİZ “SİZ” – “SƏN” - (Resenziya)

Tanınmış teatr rejissoru Tofiq Kazımovun “100 illik” yubileyi münasibətilə Akademik Milli Dram Teatrının səhnəsində Nihat Qulamzadənin quruluşunda “Sənsiz” tamaşası təqdim edildi. Tamaşaçılar ilk öncə Mehriban Ələkbərzadənin rejissor Tofiq Kazımov haqqında hazırladığı qısa sənədli filmi izlədilər. Mehriban Ələkbərzadə Tofiq Kazımov haqqında hazırladığı qısa filmə onun bütün ömrünü, yaradıcılığını, düşüncə və fikirlərini sığışdıraraq, tamaşaçılara sənətkar haqqında hərtərəfli məlumat verdi. Bu məlumatda Tofiq Kazımovun romantizmi, yenilikçi fikirləri, dünyabaxışı, insanlara münasibəti, haqsızlıqlarla mübarizəsi, həyat tərzi yer alırdı. Mehriban Ələkbərzadə Tofiq Kazımovun Azərbaycan teatr sənətindəki roluna, rejissor dəsti xəttinə və üslubuna xüsusi incəlik və dəqiqliklə münasibət bildirdi.

Mehriban Ələkbərzadə yeni hazırlanmış tamaşanın rejissorunun, rəssam və bəstəkarının bu teatrda ilk işləri olduğunu qeyd edərək, onlara bu çətin yolda sənət uğurları arzuladı. Vaxtilə özünəməxsus teatr reformaları ilə səs-küy yaratmış Tofiq Kazımovun yüz illik yubileyi də məhz bu cür yeniliklərlə yadda qalmalı idi.

“Sənsiz” tamaşasının bəstəkarı Vüqar Babayev, işıq rəssamı Rafael Vaqifoğlu, rəssamı Vüsal Rəhimdir. Tamaşada Elsevər Rəhimov, Füzuli Hüseynov (Tərlan), Lalə Süleymanova, Mehriban Zəki (Sevinc), İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad) yeni və maraqlı üslubda oyun tərzi sərgilədilər.

Nihat Qulamzadə tamaşadakı bütün hadisələri Sevinclə Tərlan üzərində qurmuşdu. Sevinclə Tərlanın bir-birinə olan nakam məhəbbəti, bu eşqin onlara verdiyi mənəvi iztirab, iki aşiqin bir-birini axtarış cəhdləri və nəticədə gec də olsa bir-birlərinə qovuşmaları əsərin süjet xətti boyu davam edir.

Tərlan geoloqdur və kəşf etdiyi yeri dövlətdən gizlətdiyi üçün həbs edilib. Onun bu kəşfini təkcə sevdiyi, eşqiylə alışıb-yandığı Sevinc bilir. Tərlan kəşf etdiyi yerin filizlə zəngin olduğunu bilsə də, bunun insanlığa vuracağı böyük zərbənin də fərqindədir. Ona görə də o, özünü deyil, bəşəriyyəti, insanlığı düşünüb, öz kəşfini hər kəsdən gizlətməyin daha doğru olduğunu Sevincə söyləyir. Sevinc də qarşılığında Tərlana bu sirri heç kimə açmayacağını söyləyib, susur...

Tərlanın bu kəşfindən xəbər tutan Fərhad, onun geoloji tapıntısını “dövlətə” çatdıraraq, Tərlanın əlində olan hər şeyə sahib çıxıb, onu 18 illik sürgünə məhkum edir. Fərhad – Elçin Əfəndi belə zənn edir ki, bu kələklə nəyinki Tərlanın vəzifəsinə, adına, hətta sevdiyi Sevincə də sahib olacaq.

Amma və lakin....

Sevinc xaraktercə təbiəti andırır. O, sevmədiyi insanlara qarşı qaya kimi sərt, buz kimi soyuq olduğu halda, dostlarına qarşı səmimi, vicdanlı, vəfalı və mərhəmətlidir.

Sevinc Fərhadın riyakarlığını hiss etsə də üzə vurmur, Fərhadın ona sahib çıxmaq istədiyini bilsə də Kiçiktəpənin sirrini tapmaq üçün onun hər cür oyunbazlığına “dözür”. Sevinc Fərhadla danışarkən öz soyuq ədası, soyuq danış tərzi, qəzəbli duruşu ilə aradakı “məsafəni” daha da uzadır. O, Fərhadın eşqini dilə gətirməsinə imkan vermədən, Tərlanı hələ də əvvəlki gənclik eşqi və çılğınlığı ilə sevdiyini söyləyir.

Fərhad həyatda uduzmuş qumarbaza bənzəyir. O, nəyinki oturduğu vəzifəni, hətta özünü belə bu qumarda uduzmuş zavallı biridir. Fərhad min bir kələklə qurduğu riyakarlıq toruna özü düşür.

18 illik həsrətdən sonra Vətənə qayıdan Tərlan Sevinclə Fərhadın tez-tez görüşdüklərini görüb, onların arasındakı yaxın münasibətlərdən şübhələnib, gizlənərək, oğrun-oğrun, gecə-gündüz Sevinci izləyir. Sevinclə üzləşməkdən ehtiyat edən Tərlan onun kölgəsinə çevrilir. O, hər addımda Sevinci izləsə də üzə çıxmağa cəsarət etmir.

Rejissor tamaşanın bu yerində Tərlanla Sevincin ruh halını zülmət gecənin, yağış damcılarının, həzin musiqinin köməkliyi ilə təsvir edir. Tərlanla Sevinc öz qaranlıq guşələrinə çəkilərək, hər kəsdən gizlin, həsrətlə hər yerdə “bir-birlərini” axtarırlar...

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam...
İpək saçlarını bir vaxt oxşayan,
Elə bil hardasa mən olmamışam...

İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni...

Fərhadın Kiçiktəpə üzərində apardığı araşdırmaların nəticəsiz olduğunu görən Tərlan ona kömək edərək təpənin sirrini açır. O, bir-birindən ayrılmış daş parçalarının hər biri öz olmalı yerində otuzduraraq, Fərhadı heyrətə gətirir. O, Fərhadla Sevincin “xoşbəxt” olmalarını“istəyir”... Tərlan sui-zənlə gəldiyi nəticələrlə özünü aldatmağa çalışır...

Əslində bir-birindən ayrılmış bu daş parçaları Sevinclə Tərlanın özüdür. Sevinclə Fərhad qovuşmayana kimi hadisələr elə bu cür də davam edəcək. Bütün sirlər Tərlanla Sevincin qovuşması ilə açılıb, ifşa edilməlidir. Rejissorun mizan kimi istifadə etdiyi oturacaqlar, bəzi məqamlarda qoruyucuya, bəzənsə təpənin özünə çevrilir.

Sevinc Kiçik təpənin sirrinin açılmasını Tərlana qovuşmaq üçün istəyir. Fərhad Tərlanın köməkliyi ilə Kiçik təpənin sirrini açır. Ancaq vicdanı ona bu “şərəfsizliyi” boynuna götürməyə macal vermir. Fərhad Tərlanı tanıyır, onun izinə düşərək, geriyə, evinə qayıtmasını istəyir...

Tərlanla Sevinc hərəsi bir xəyalla çıxdıqları yolda qovuşurlar...

Nihat Qulamzadənin quruluş verdiyi “Sənsiz” tamaşasında insanın hissləri, düşüncə və daxili təbəddülatı bütün təfərrüatı ilə ön plana çəkilib.

“Sənsiz” tamaşasında 1937-ci il repressiya qurbanlarının, müxtəlif əyalətlərə sürgün edilmiş insanların, dağılmış ailələrdən geriyə qalanların təsviri bütün obrazların timsalında tamaşaçılara təqdim edilir.

Tamaşa boyu Sevinc 18 illik xatirələrini hər gün, hər saat, hər saniyə xatırlaya-xatırlaya özünü ovundurur, Tərlanın gənclik xəyalları ilə dərdləşib, keçmişə qayıdır. Hadisələrin üstündən 18 il keçsə də, Sevinc başına gələn hadisələri qəbul etmir, gec ya da tez Tərlana qovuşacağı günü gözləyir. Sevinc – Mehriban Zəki çox sərtdir. Həyat ona bu illər ərzində möhkəmlədib, sərtləşdirib, başı daşdan-daşa dəyib. Mehriban Zəki baş verən bütün hadisələrə şübhə və tərəddüdlə yanaşır. Ola biləcək ən pis hadisələrə hər an özünü hazır tutur. O, yalnız Tərlanın 18 il əvvəlki xatirələri qarşısında qadınlaşır, incələşir, nəcibləşir... Onu bu həyatda sevindirən, sevən, ümidləndirən, yaşamına güc verən yeganə varlıq Tərlandır.

Sevinc – Mehriban Zəki Tərlanı axtararkən əldən düşsə də ümidini itirmir. Aktrisa Tərlanla Fərhada münasibətdə tamamilə fərqli xarakterlər sərgiləyir. Fərhadla görüşündə sərt, məğrur duruşuyla, aralarına böyük sədd qoyan Sevinc, Tərlanın adı qarşısında acizləşib, yumşalır, içindəki qadın incəliyini istər-istəməz büruzə verir.

Sevinc – Mehriban Zəki Fərhadla münasibətdə tamamilə fərqli birinə çevrilir. O, Fərhadın istək və nəfsani xəyallarını əlinin arxasıyla itib, onun qarşısında əyilmir. Tərlana olan sevgisiylə qürur duyan Sevinc Fərhadın üzünə məğrur-məğrur baxaraq, qadınlıq ləyaqətini hər məqamda qoruyub-saxlayır.

Aktrisa hər vəziyyətdə özünəməxsus oyun mədəniyyətini tamaşaçılara təqdim edir. O, Maralla görüşü zamanı mərhəmətli, yumşaq təbiətli, qayğıkeş, nəcib dost, hər şeyi anlayan tərəf müqabilinə çevrilir. Maralın vəziyyətinə ürəyi yanan Sevinc – Mehriban Zəki ona doğru yolu göstərməyi unutmur, ona yaşaması üçün ümidverici, işıq gələn tərəfi göstərir.

Mehriban Zəkinin ifasında Sevinc sərtdir, möhkəmdir, güclüdür, qorxmazdır, iradəlidir, vəfalıdır. Onun ifasında Sevinc 18 il keçmişlə bu gün arasında yaşamağı bacaran sevən və ümidlərinin qanadı ilə gələcəyə - Tərlana qovuşmağa çalışan qadındır.
Tərlan – Füzuli Hüseynov 18 illik sürgündən Vətənə böyük ümid və arzularla qayıtsa da, kənardan izlədiyi mənzərə onu məyus edir. O, əvvəlcə, Sevinclə Fərhad arasındakı münasibətlərdən şübhələnir, daha sonra hər şeyə əmin olduqdan sonra evinə qayıdıb, xəstə-xəstə Sevincə yük olmağı özünə ar bilir. Füzuli Hüseynovun ifasında Tərlan illərin ağır sınaqlarından çıxmış, hər bir hadisəylə üzləşməyə hazır olan “yetişmiş”, “böyümüş”, “ümidlərini itirmiş” insandır.

Tərlan - Füzuli Hüseynov Sevincin 18 il əvvəlki xəyalları ilə yaşayır. Tez-tez ürəyi sıxılanda, dara düşəndə Sevincin xəyalları ilə dərdləşib, rahatlıq tapır.

Şıxəli Qurbanovun “Sənsiz” tamaşasında bir-birinə əks olan məqamlar, hadisələr çoxluq təşkil edir. Onlardan biri və ən mühümü də Sevinc-Tərlan, Maral-Fərhad münasibətləridir. Əgər Sevinclə Tərlan bir-birini dəli kimi sevib, qovuşacaqları günün həsrətiylə yanıb-yaxılırlarsa, Maral Fərhadın, Fərhadsa Sevincin həsrətiylə hər cür hiylə, kələyə əl atıb, sonunda məğlub olur. Fərhadla Sevincin qovuşması üçün qadının bircə kəlmə “hə” deməsi kifayət etsə də, Sevinc öz sevgisinə sadiq qalaraq, nə Tərlana, nə də onun xəyallarına xəyanət etmir. Eynilə də Maral Fərhadın bircə “hə” kəlməsini eşitməyə həsrət qalaraq, bu eşqdə uduzur. O, öz uğursuz taleyinin səbəbkarı kimi Sevinci qınayıb, onunla dalaşır. Ancaq Sevincin ona göstərdiyi qayğı və nəvazişdən sonra Maral hər şeyi səf başa düşdüyü üçün peşman olur. Maral – İlahə Həsənova qayğısız, dəcəl, olduqca şən, cəsarətlidir. Buna baxmayaraq, o, istəyinə nail ola bilmir.

Nihat Qulamzadə tamaşaya maraqlı quruluş verib. O, Sevincin və Tərlanın 18 illik ömrünü hər iki obrazın gənclik və yaşlı dövrünün təsviri ilə tamaşaçılara təqdim edir. 18 il əvvəlki Sevinc – Lalə Süleymanova həyat dolu, nəşəli, qayğısız, dəcəl qızdırsa, 18 il sonrakı Sevinc – Mehriban Zəki qayğıkeş, dərdli, sərt, qayğı doludur.

18 il əvvəlki Tərlan – Elsevər Rəhimov gələcəyə ümidlə baxan nikbin gəncdirsə, 18 il sonrakı Tərlan – xəstə, ümidsizlik içində öz-özüylə mübarizə aparan, sevgidən məhrum kişidir.

Rejissor kimi Nihat Qulamzadənin ilk növbədə aktyor seçimi diqqəti cəlb edirdi. O, Sevinclə, Tərlanı 18 illik dönəmdən keçirdərək, günümüzə qədər gətirib çıxartdığına görə, onların gənclik və yaşlı dövrlərini oynayan artistlərin istər ifa tərzini, istər həyata baxışlarını fərqli rakursdan həll etməli idi. Nihat qarşıya qoyulan bu tələblərə özünəməxsus rejissor tapıntısı ilə cavab verir.

Nihatın quruluşunda təqdim edilən “Sənsiz” tamaşasında Maral və Fərhad obrazının da xüsusi rolu var. Fərhad – Elçin Əfəndinin, Maral – İlahə Həsənovanın ifasında tamaşaçılara təqdim edildi. Əslində, Maral və Fərhad Sevinclə Tərlanın bir-birinə qovuşmasına aparan yolda iştirakçı obrazlardır.

Nihat Qulamzadənin bəstəkar Vüqar Babayevlə iş birliyini də uğurlu hesab etmək olar. Bəstəkarın tamaşanın janrına, rejissorun üslubuna, dəsti-xəttinə uyğun yazdığı musiqi parçaları sanki hadisələrin bağrından qoparaq, bəzən hayqırır, bəzənsə susaraq, həzin-həzin obrazların ifasında əriyib, yox olurdu.

Rejissorun səhnədəki ilk işinin bu cür rezonans doğuracağına doğrusu inanmırdım. Ancaq tamaşanın əvvəlindən sonuna kimi səhnədə baş verən hadisələr, bir-birinə zidd məqamlar, hər kəsin nəyinsə axtarışında olmasını izləmək maraqlı idi. Tamaşa boyu kimsə-kimisə axtarır, kimsə-kiməsə qovuşmağa, kimsə-kimisə aldatmağa, kimsə-kimisə toruna salmağa çalışır... 37-lərdə olduğu kimi... axı hadisələr 37-ci ilin bağrından qoparaq dövrümüzə təşrif buyurub...

Nihat Qulamzadə bu məqamda gəncliklə-orta yaşı, çılğınlıqla-ölgünlüyü, eşqlə-nifrəti, dostluqla-düşmənçiliyi, səmimiliklə-riyakarlığı, dostluqla-satqınlığı – bir sözlə insan oğlunun əl ata biləcəyi bütün məqamları “üz-üzə” qoyur...

Tamaşa zamanı rejissorla rəssamın iş birliyi də obrazların daxili aləmlərinə uyğun olaraq tünd, boz, dumanlı, burulğanlı, qarışıq tonların çarpazlaşması ilə həyata keçirilmişdi. Tamaşada daha çox tünd rənglərdən, bulanıq tonlardan, solğun əşyalardan istifadə edilib...

Nihat Qulamzadənin quruluş verdiyi “Sənsiz” tamaşası onun ilk böyük səhnə işi hesab edilir. Bu tamaşada rejissor Nihat Qulamzadə bəzi məqamlarda öz ustadı Mehriban Ələkbərzadəni xatırladır. Onun quruluşundakı üsyankarlıq, əyilməzlik, qətilik – məhz Mehriban Ələkbərzadə üslubuna xas məqamlardır. Görünən dağa nə bələdçi... axı Nihat Qulamzadə Mehriban Ələkbərzadənin əlindən “su içib”...

Tamilla Əliyeva
Teatrşünas

Bütün xəbərlər Facebook səhifəmizdə