"Köç prosesində ictimai rəy dominant olmalıdır" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Köç prosesində ictimai rəy dominant olmalıdır. Köç prosesində məcburi köçkünlərin istəklərinin nəzərə alınması zəruridir. Onlar öz evlərinə, əvvəlki həyət-bacalarına, bağça-bağlarına qayıtmaq istəyir. Bu da təsadüfi deyildir. Çünki onların o ev-eşik, həyət-bacaları ilə bağlı nostalji, pozitiv narrativləri vardır. Onlar köhnə xatirələrə yeni həyat vermək istəyirlər. Düşünürəm ki, bu çox maraqlı məqamdır və köçürmə prosesinə məsul qurumlar bu məqamı nəzərə alsalar, məcburi köçkünlərin daha kütləvi geridönüşünə nail olmaq mümkündür. Təsadüfi deyil ki, ölkə başçısı müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq, quruculuq işləri aparılması, məcburi köçkünlərin öz tarixi dədə-baba yurdlarına qayıtması üçün Böyük Qayıdış proqramını elan edərkən birmənalı şəkildə ictimai rəy məsələsinə diqqət çəkdi və xüsusi qurum yaratdı. Bu qurum məcburi köçkünlər arasında sorğu keçirərək, ictimai rəyi öyrənir, təklifləri ilə bərpa və yenidənqurma işlərində iştirak edirlər. Bu da ölkə başçısının məhz ictimai rəyə böyük önəm verdiyini bir daha təsdiq edir. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz qələbəni təmin etdikdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunduqdan sonra ölkə qarşısında duran ən mühüm vəzifə məhz işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək, insanları üçün təhlükəsiz mühit yaratmaq, eyni zamanda paralel olaraq infratruktur layihələri həyata keçirmək və məcburi köçkünlərlə işləmək idi. Çünki köç prosesi bir qədər də psixoloji prosesdir. Otuz il ərzində onlar öz dədə-baba yurdlarından məcburi köçkün vəziyyətinə düşüb, ölkənin müxtəlif yerlərində məskunlaşmışdılar. Onların yenidən öz doğma torpaqlarına qayıtması bir qədər psixoloji adaptasiya tələb edir. Bu səbəbdən də ölkə başçısı məsələyə rasional yanaşaraq müvafiq qurum yaratdı və məcburi köçkünlərlə iş aparmağın vacibliyini qeyd etdi”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, qısa zaman keçməsinə baxmayaraq Qarabağ və Şərqi Zəngəzur ərazisində kordinal işlər gedir: “Belə ki, məcburi köçkünlərin geri qayıdışı üçün onların mənzil şəraitinin yaxşılaşdırılması, sosial xidmət sahələrinin, məşğulluq məsələləri ilə bağlı mühüm addımlar atılır. Hətta 2026-cı ilə qədər təqribən 35 minə yaxın məcburi köçkünün öz dədə-baba yurduna qayıdışı nəzərdə tutulur. Hansı ki, bu istiqamətdə artıq xeyli addım atılıb, bir neçə min məcburi köçkün artıq öz yurduna qayıdıb.

Köç prosesinin bir qədər ləngiməsinə əsas səbəb həmin ərazilərin məkrli düşmən tərəfindən minalanmasıdır. Bununla bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar və Ermənistan hakimiyyəti qarşısında məsələ qaldırsa da, verilən xəritə yalnız 25 faizə qədər reallığı əks etdirir. Ermənistan Azərbaycanla normallaşma prosesində səmimi deyil və öz məkrli, revanşist düşüncələrindən əl çəkmir. Əgər o həqiqətən sülhün əldə olunmasında maraqlı olsaydı, ilk növbədə düzgün mina xəritələrini təqdim etməli idi. Azərbaycan isə heç kimin köməyi olmadan, öz potensialı hesabına ərazilərimizin minalardan təmizlənməsi prosesini həyata keçirir. Baxmayaraq ki, müharibədən sonra mina qurbanlarının sayı kifayət qədər böyük rəqəmi əks etdirir. Əslində isə bu Ermənistan hüquqi məsuliyyət yaradır. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar hələ də məsələyə biganə qalıblar. Hətta bəzi hallarda Ermənistan mənafeini müdafiə mövqeyindən çıxış edirlər.

Bütün bunlara rəğmən köç prosesi davam edir. Əsas məqamlardan biri isə həmin ərazilərdə Azərbaycan artıq beynəlxalq tədbirlər həyata keçirir, ev sahibliyi edir. Bu çox önəmli bir məqamdır. Çünki həmin ərazilər beynəxalq hüquq baxımından da Azərbaycan əraziləridir və Azərbaycan sanki bu tədbirlərlə dünya ictimaiyyətinə bir daha bəyan edir ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Qərb ölkələri isə hələ də erməni lobbisinin təsiri və öz geosiyasi maraqlarına güdərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək istəmir. Bunu bir çox hallarda açıq-aydın hiss etmək mümkündür. Bütün bunlara baxmayaraq Azərbaycan rasional, hədəfyönümlü addımlar atır. Beynəlxalq tədbirlərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi də təsadüfi deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə