Ağac bəzəmənin tarixçəsi nədir?

Türk toplumları arasında ən qədim dövrlərdən bu günə qədər mövcud olan ümumi inanclardan biri də ağacın və ya müəyyən ağac növlərinin müqəddəs sayılmasıdır. Türk xalqı ağacın həyat dövrü ilə öz həyatının təbii axarında oxşarlıq olduğunu kəşf etmiş və ağacı mövsümdən ötrü yeniləndiyi üçün bəzi ağacları həyatın və əbədiyyətin təcəssümü kimi görmüşdür. Türk cəmiyyətləri özünü və ölülərini qoruyacağına, istəklərinin həyata keçməsinə vasitəçi olacağına və sairə görə ağaca xüsusi qayğı göstərib. Onların nümunələri bu gün də görünür; Ağaca cır-cındır və nəzir bağlamaq ənənəsi ilk dəfə Tuva türklərində görülüb. Bu baxımdan bütün dünya mədəniyyətlərində olduğu kimi “Həyat ağacı” kultu türk mədəniyyətində də ən geniş yayılmış inanclardan biridir. “Həyat ağacı” kainatın yeganə ağacı və onurğa sütunu kimi dəyərləndirilirdi. Hunların bəzi tayfaları fıstıq ağacından törədiklərinə inanırdılar. “Həyat ağacı” anlayışına şumerlərdə də rast gəlinmişdir. Şam ağacı qışda belə yarpaqlarını tökmədiyi və daim yaşıl qaldığı üçün türklər bu ağacı ömür ağacı adlandırmışlar.

Türk tarixində Narduqan adlı yeni il bayramı keçirilib. Narduqan sözü etimoloji cəhətdən monqolca Nar (Günəş) və türkcə Tuqan (Doğan) sözlərinin birləşməsindən əmələ gəlib. Türk mifologiyasına görə gecə-gündüz deyilənlər davamlı olaraq qarşıdurma içərisindədirlər. Ən uzun gecədən, dekabrın 21-dən sonra günəşin daha çox görünməyə başladığı, günlərin uzandığı və bu çərçivədə gündüzün gecəni bu müharibədə məğlub etdiyi düşünülür. Bu səbəbdən dekabrın 22-də bu hadisəni yeni ilin ilk günü kimi qəbul edərək “Doğuş bayramı” adı altında qeyd etdilər. Narduqan bayramında Türküstanın heç bir yerində bitməyən şam ağacını evlərinə gətirdilər və həmin il ağacın altında yaşayanlara Allahın gözəl ömür verəcəyinə inandılar. Ağacın altına Allaha hədiyyələr qoyur və Allahdan istədikləri şeyləri simvolizə etmək üçün onun budaqlarına parça və ya lent asırdılar.

Ağacları müqəddəs sayan və bəzək əşyaları ilə bəzəyən təkcə türk cəmiyyətləri deyildi. Ruhani mərasimlərdə mühüm simvol kimi ağacların bəzədilməsi adəti qədim dövrlərə, xristianlıqdan əvvəlki dövrlərə, hətta bütlərə və təbiətə sitayiş edildiyi Misir və Çin sivilizasiyalarına qədər gedib çıxır. Qədim misirlilər qışda evə yaşıl xurma budaqlarını gətirir və onları həyatın ölüm üzərində qələbəsinin simvolu hesab edirdilər. Romalılar mərasimin bir hissəsini Saturnaliya bayramında (Əkinçilik Allahı Saturna həsr olunmuş Qədim Roma bayramı) yaşıl budağa həsr edirdilər. Qədim skandinaviyalıların əcdadları isə küknar ağacına xüsusi əhəmiyyət vermişlər. Eynilə, Şimali Avropa ölkələrində ağaclar xristianlıqdan əvvəlki dövrlərdə ruhani cəhətdən müqəddəs sayılırdı.Tarixi mənbələrə nəzər salsaq, Milad üçün istifadə edilən yolka ilk dəfə 1521 və ya 1605-ci ildə Almaniyada peyda olub. Almanlar əvvəlcə Reyn çayının sahilindəki Cənnət ağacını təmsil edən küknar ağacını işıqlar, meyvələr və parlaq ornamentlərlə bəzədilər. Bu ənənənin Amerikaya Fransa İnqilabından sonra çatdığı bildirilir. 1800-cü illərin əvvəllərində Skandinaviya ölkələrində yayıldıqdan sonra şam bəzəyi ənənəsi 1840-cı ildə İngiltərə və Fransada başladı. Şam ağacındakı işıqlar və şamların ölümsüzlüyü təmsil etdiyinə və pis ruhları və canavarları qovduğuna inanılır. Yolkada işıqlardan əlavə müxtəlif qurudulmuş meyvə qabıqları, kiçik oyuncaqlar, maral fiqurları və ulduza bənzər əşyalar asılır. İnanca görə, Milad ağacı həyatın simvoludur. Üzərindəki meyvələr də həyatın bizə bəxş etdiyi sonsuz və müxtəlif hədiyyələri simvollaşdırır.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə