Pandemiya ilə mübarizədə əsas şərt vətəndaş məsuliyyətidir

Pandemiya ilə bağlı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ciddi qayda və qadağaların tətbiqi bu gün də davam edir. Amma bu məsələdə bizim ölkəmizdə reallıqlar fərqlidir. Biz bu gün iki cəbhədə-həm Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə, həm də pandemiyaya qarşı eyni vaxtda mübarizə aparırıq. Lakin Prezident İlham Əliyevin islahatçı ruhu və çətinlikləri dəf etmək bacarığı Azərbaycana pandemiya dövrünü daha az itkilərlə keçməyə imkan verir.

Faktiki olaraq dövlət başçısı hər birimizi vətəndaş fəallığına dəvət edir, dövlətçilik ideyalarının təkamülünə dəstək verməyimizi qarşımızda bir tələb kimi qoyur. Əgər dövlətin üst eşalonunda belə vacib addımlar atılırsa, dövlət məmurundan birmənalı şəkildə yeni davranışlara, qanunun aliliyinə əməl etmək tələb olunursa demək hər bir vətəndaş da öz işinə, Vətənə, dövlətçiliyə münasibətdə laqeyd müşahidəçi yox, yaradıcı mövqe sərgiləməlidir. Biz nə qədər fəal olsaq dövlətin gördüyü bütün tədbirlərin faydalı iş əmsalı daha yüksək ola bilər. Dövlət-xalq birliyi, dövlət-vətəndaş həmrəyliyi Azərbaycana inkişaf üçün böyük güc verən ciddi amillərdəndir. Buna görə hər birimizin borcudur ki, ölkədə aparılan islahatlar səviyyəsində əxlaqımızı, vicdanımızı cilalayaq, dövlətin mənafeyini öz maraqlarımızdan üstün tutaq.

Azərbaycanda koronavirusla mübarizə məsələləri, xüsusən vətəndaşlarımızın sağlamlığının təmin olunması pandemiyanın başlandığı dövrdən indiyədək daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Elə bunun nəticəsidir ki, qısa müddətdə koronavirusla mübarizədə tibbi baxımdan əsas məsələlər öz həllini tapdı. Ölkə üzrə 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Hansı ki, bu xəstəxanaların 41-i son 17 ildə inşa olunub. Zaman göstərdi ki, Prezident İlham Əliyevin regional inkişaf siyasətinin əsas tərkib hissələrindən biri kimi bu xəstəxanaların tikilməsi nə qədər uzaqgörən addımdır. Və dövlət başçısının özünün qeyd etdiyi kimi, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik.

Bütün bunlarla yanaşı, koronavirusla daha effektiv mübarizənin təşkili üçün Prezident İlham Əliyevin təşəbbüsləri ilə indiyədək 11 modul tipli xəstəxana da inşa edilib ki, bu da son dövrlərdə sağalanların sayının daha çox olmasına mühüm təsir göstərib. Daha modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulsa da, hazırkı vəziyyət göstərir ki, buna ehtiyac yoxdur. Çünki tədricən virusa yoluxma azalmağa doğru gedir. Elə buna görə də bəzi xəstəxanalar koronavirus xəstələri üçün ayrılan siyahıdan çıxarılıb.

Azərbaycanda koronavirusla mübarizənin başqa bir önəmli addımlarından biri isə laboratoriyaların sayının artırılmasıdır. Pandemiya yeni başlayanda Azərbaycanda cəmi 6 laboratoriya var idi. Lakin indi respublikamızda 45 belə laboratoriya mövcuddur. Məhz bunun nəticəsində keçirilən testlərin cavablarını vaxtında müəyyən etmək mümkün olub.

Vəfa Əliyeva, 22 saylı Uşaq Poliklinikasının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə