GÜNAY ƏHMƏDOVA, onkoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Onkoloji Klinikası. [email protected]

(Dördüncü söhbət)

Hörmətli oxucular, nəhayət, çoxdan gözlədiyiniz məlumatları sizə təqdim edirik. Bu dəfəki söhbətimizdə miomaların müalicəsindən bəhs edəcəyik. Mətləbə keçməzdən öncə tibbi söhbətlərimizin mövzu etibarilə şaxələnməsinə təkan vermiş Ləman, Ofeliya, Nazlı, Həyat, Nəcibə, Güntəkin, Yasəmən, İlhamə, Arzu və digər xanımlara, həmçinin qarşı cinsin nümayəndəsi olan Qara Tağıyev, Xalid, Tural Hacıyev, Nüsrət, Nəriman müəllim, Qarakişi, Səbuhi Bilalov, Azad Nəbili kimi oxucularımıza təşəkkürümüzü çatdırmaq istəyirik. Bilin ki, maraqlı şərhləriniz bizim üçün mayak rolunu oynayır və sizin üçün faydalı ola biləcək məsələləri müəyyənləşdirməyimizə yardım göstərir. Odur ki, fikirlərinizi yazmaqda davam edin. Əmin olun ki, sizi narahat edən bütün məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Qayıdaq fibromiomalara. Əvvəlki söhbətlərimizdə siz artıq fibromiomaların əmələ gəlməsi, yaranmış törəmənin sonrakı inkişafına təkan verə bilən risk faktorları, bu tip şişlərin hansı əlamətlərlə özünü büruzə verdiyi, fibromiomaların qarşısını almaq üçün vacib olan profilaktik üsullar barədə məlumat almışınız. İndi isə bu xəstəlikdən müalicə olunmaq üçün müasir səhiyyə sistemində hansı yolların mövcud olduğunu öyrənəcəksiniz. Diqqətli olun, incə məqamları nəzərdən qaçırmayın. Hə, əziz xanımlar. Sizdə mioma tapılıbsa, qorxmayın. Onu vaxtında müalicə etməyə çalışın.

Məlumunuz olsun ki, miomaların müalicəsində 3 əsas taktika mövcuddur:

* müşahidə;

* əməliyyat;

* dərman müalicəsi, embolizasiya və s.

Nəzərə alın ki, müalicə prosesində həkimin bu 3 taktikadan hansını seçməsi müxtəlif səbəblərdən asılıdır: miomatoz düyünün ölçüsü, sayı, xəstənin yaşı, uşaqlarının sayı və bir çox digər amillər həmin seçimdə mühüm rol oynayır. Siz də bu prosesdə fəal

iştirak edin və hər şeyi həkimin öhdəsinə buraxmayın. Çünki sağlamlaşmaq üçün düzgün müalicə vasitəsinin seçilməsi qədər, həmin müalicəni düzgün yerinə yetirmək də olduqca vacibdir. Səhhətinizə özünüz diqqət edin. Bilin ki, əgər miomanın ölçüsü kiçikdirsə (yəni 1 sm-dən 5 sm-ə qədər) və xəstənin heç bir şikayəti yoxdursa, belə halda ən düzgün taktika heç bir tibbi müdaxilə etmədən xəstəni müşahidə altında saxlamaq və miomaya nəzarət etməkdir. Xüsusilə, yaş etibarilə menopauza dövrünə yaxın olan qadınlarda aşkarlanan kiçik ölçülü xoşxassəli şişlər müşahidə altında olmalıdır (bildiyiniz kimi, menopauza dövründə miomanın ölçüləri kiçilir). Qəfildən bir problem ortaya çıxmasın deyə, hər 6 aydan bir müayinə olunmağınız vacibdir. Aparılan ginekoloji və transvaginal ultrasəs müayinələr zamanı orqanizminizdə baş vermiş dəyişikliklər müəyyən ediləcək. Bunu da bilməyiniz vacibdir ki, ötən müddət ərzində (yəni 6 ayda) miomanın ölçülərində böyümə yoxdursa, nəzarətə davam etmək ən düzgün yoldur. Lakin əgər miomanın ölçülərində ciddi böyümə müşahidə edilirsə, o halda pasiyentə cərrahi əməliyyat təklif olunur. Uşaqlığın daxili qişasında (endometriumda) yerləşən submukoz düyünlər və həddindən artıq qanaxma verən düyünlər isə ölçülərindən asılı olmayaraq mütləq əməliyyat edilməlidir.

Tibb aləmində miomanın bu günə qədər ən dəqiq və geniş yayılmış müalicəsi cərrahi müdaxilə sayılır. Cərrahi müalicənin təyin edilməsi aşağıdakı hallarda vacib olur:

* miomanın ölçüsü 12 həftəlik hamiləlikdən böyük olduğu zaman;

* dərman müalicəsi aparılmasına baxmayaraq aybaşı sikli pozulan və həddindən artıq qanaxması olan anemik (qan azlığı) xəstələrə;

* miomanın ölçüləri ilə əlaqədar olaraq xronik qasıq ağrıları və şişkinlik halları olan xəstələrə;

* Rutin ultrasəs müayinələri zamanı qısa zamanda sürətlə böyüyən miomalarda (xərçəng riski ilə əlaqədar olaraq);

* miomanın sidik kisəsini, sidik axarını və ya bağırsağı sıxması ilə əlaqədar olaraq bu orqanlarda problemlər yarandığı zaman. (Praktika göstərir ki, iri ölçülü miomalar sidik kisəsini sıxaraq tez-tez sidiyə çıxma, sidik saxlamazlığı, sidik ifrazının mümkün olmaması kimi hallar yarada bilir. Bağırsaqlar mioma tərəfindən sıxıldıqda isə nəcis ifrazı pozulur. Ona görə də, bu halların aradan qaldırılması üçün mioma əməliyyat edilir.);

* sonsuzluğa qarşı müalicə aparılması və süni mayalanma planlaşdırılıran qadında 0,5 sm-dən böyük submukoz və ya 5 sm-dən böyük intramural mioma olduqda;

* mioma ilə əlaqədar olaraq uşaq salma, vaxtından əvvəl doğuş, dölyanı mayenin vaxtından əvvəl gəlməsi, dölün ana bətnində ölməsi kimi xoşagəlməz hallar baş verdikdə;

* uşaqlığın başqa problemləri, o cümlədən endometrium və yumurtalıq problemləri ilə əlaqədar olaraq əməliyyat olunmalı xəstələrə;

* uşaqlıq yoluna qədər inkişaf edən miomalarda;

* miomanın degenerasiyası nəticəsində ürəkbulanma, qusma, şiddətli ağrı kimi hallar yarandıqda;

* menopauzadan sonra miomanın ölçüləri böyüdükdə.

Cərrahi əməliyyata razılıq verən qadın bilməlidir ki, bu yolla onu incidən fibromiomalardan yaxa qurtarmaqla yanaşı uşaqlığını, yəni ana bətnini də itirə bilər. Bu isə çox ciddi məsələdir və qadınların taleyində, ailə vəziyyətində müxtəlif problemlərə yol aça bilər. Ona görə də yüz dəfə ölçüb, bir dəfə biçin. Qərar verməzdən əvvəl bütün incəlikləri götür-qoy edin. Çünki müasir dövrdə uşaqlıq miomalarında ən çox tətbiq edilən cərrahi müalicə histerektomiya (uşaqlığın çıxarılması) və miomektomiyadır (uşaqlıq saxlanılmaqla, miomatoz düyünün çıxarılması). Bu metodlardan hər hansı seçilərkən mütləq aşağıdakı faktorlar nəzərə alınmalıdır:

* miomanın sayı, ölçüsü və yerləşməsi;

* xərçəng olma ehtimalı;

* uşaq dünyaya gətirmə istəyi;

* xəstənin seçimi.

Ana olmaq imkanlarını qorumaq istəyən qadın bilməlidir ki, uşaqlıq daxilində miomaların sayı əməliyyatın taktikasının seçilməsində ən əsas amillərdən biridir. Əgər xəstədə bir miomatoz düyün və xəstənin şikayətləri varsa, bu zaman yalnız həmin düyün çıxarıla bilər, yəni müalicə vasitəsi kimi miomektomiya tətbiq edilə bilər. Bununla da xəstənin bütün problemləri həll olunar.

Lakin bu, nadir hallarda rast gəlinən vəziyyətdir. Belə ki, miomalar adətən çoxsaylı və müxtəlif ölçülü olur. Uşaqlıq daxilində miomanın sayı nə qədər çox olursa, miomaların hamısını tək-tək çıxarmaq ehtimalı azalır, miomektomiyaya bağlı qanaxma riski artır və əməliyyatın histerektomiya ilə nəticələnmə riski çoxalır. O halda xəstənin şikayətlərinə səbəb olan düyünün müəyyənləşdirilməsi də qeyri-mümkün olur.

Belə vəziyyətdə seçim qarşısında qalan qadın və onun doğmaları bu mühüm faktorları nəzərə almalıdırlar: əgər miomaların ölçüsü çox böyükdürsə və miqdarı çoxdursa, xəstənin yaşı 40-a yaxın və ondan yuxarıdırsa, həm də qadının övladları varsa, o halda uşaqlığın tam götürülməsi daha məqsədəuyğundur. Çünki bu halda qadın bətninin saxlanılması və miomatoz düyünün çıxarılması yolunu (yəni miomektomiya əməliyyatını) seçibsə, bilməlidir ki, bir müddət sonra təkrar əməliyyata ehtiyac yarana bilər və histerektomiyanın aparılması (yəni bətnin çıxarılması) zəruri ola bilər.

Ancaq burada bir incə məqam var! Əgər qadın uşaq doğmaq istəyirsə, o halda yuxarıda sadaladığımız göstərişlərə baxmayaraq miomektomiyanı seçməlidir. Çünki bu müalicə üsulu vasitəsilə müvəqqəti də olsa, o, uşaqlığını qoruyar və ana ola bilər! Miomektomiyanın üstünlüyü məhz bu məqamdadır: həmin əməliyyatdan sonra xəstənin hamilə qala bilmək və uşaq doğmaq şansı olur! Daha sonrakı mərhələdə isə zərurət yaranarsa, qadın mənəvi əzablara düçar olmadan bətninin çıxarılmasına razılıq verə və səhhətini bərpa edərək doğduğu uşağı şad-xürrəm böyüdə bilər.

Zərif cinsin nümayəndələri ağır nəticələr meydana gətirən qadın xəstəliklərinə düçar olanda bəzən depressiyaya düşür, aylarla stressdən çıxa bilmirlər. Onlarda bədbinləşmə, qadın kimi özünə (gözəlliyinə, cazibəsinə) inamı itirmə, həyat eşqinin azalması halları müşahidə olunur. Lakin yadda saxlamaq lazımdır ki, yaşamaq üçün sağlamlıq hər şeydən vacibdir. Ona görə də, uşaqlığında mioma olan xəstəyə eyni zamanda biopsiya ilə yumurtalığın və yaxud uşaqlığın xərçəngi diaqnozu da qoyulubsa, o halda ən düzgün müalicə histerektomiya və ya ooferektomiyadır (yumurtalığın çıxarılması). Həkim bu nəticəyə xəstənin yaşı, şikayətləri və USM+MRT müayinələri nəticəsində gəlibsə, deməli, yuxarıda qeyd edilən əməliyyat aparılmalıdır.

Sizlərə qaranlıq bir məqam qalmasın deyə, bu söhbətimizdə fibromiomaların dərman müalicəsi və türkəçarə üsulları barədə də fikirlərimizi bildirməyi vacib sayırıq. Bu xəstəliklərin müalicəsinə istiqamətlənmiş klinikamızda hər gün onlarca pasiyentlə rastlaşırıq. Ardıcıl aparılan müayinə və müalicələrin nəticəsi bir çox qənaətlərə gəlməyə şərait yaradır. Ginekoloqlar öz təcrübələrində bəzən miomanı kiçiltmək üçün müxtəlif kimyəvi tərkiblərə malik dərman preparatlarından istifadə edirlər. Bunların əksəriyyəti antihormon preparatlarıdır. Praktikadan çıxış edərək deyə bilərik ki, fikrimizcə, miomanı kiçiltmək üçün istifadə edilən dərmanların faydası yoxdur. Çünki bu tipli dərmanlar estrogenlərin səviyyəsini azaltmaqla, bir müddət miomanın ölçülərini balacalaşdırır. Lakin dərmanlar kəsildikdən sonra, bir neçə ay ərzində mioma sürətlə böyüyərək əvvəlki ölçülərinə çatır. Deyə bilərsiniz ki, o halda həmin dərmanı kəsməyin. Amma bilməlisiniz ki, qanda estrogenlərin səviyyəsinin azalması qadın orqanizmində bir sıra xoşagəlməz hallar yaradır, ona görə də təbabət elmində uzun müddət belə dərmanların istifadəsi tövsiyə edilmir. Miomanın həcmini azaldan dərmanlar bəzən əməliyyatönü mərhələdə, uşaqlıq qanaxması zamanı qanaxmanı dayandırmaq və beləliklə qan azlığının qarşısını almaq məqsədilə müvəqqəti istifadə edilə bilər. Bu zaman şişin ölçüsü azaldığından əməliyyat aparmaq asanlaşır.

Xəstələrlə söhbət zamanı bir maraqlı məsələ də ortaya çıxır. Məlum olur ki, onlar miomaların ölçülərini kiçiltmək üçün dərman preparatlarından deyil, xalq təbabətindən istifadə ediblər. Məsələn, bəzi hallarda hər səhər kartof suyu və ya soğan suyu içməklə miomanın kiçilməsini müşahidə etmək mümkün olur. Bunlardan əlavə xalq təbabəti ilə bağlı ədəbiyyatlarda gicitkan yarpağı, çobanyastığı otu, qurd pəncəsi kökü, aptek çobanyastığı çiçəyi, gülümbahar çiçəyi, boymadərən otu kimi bitkilərin də miomaların sorulmasında təsirli olduğu qeyd edilir. Xanımlara tövsiyəmiz budur ki, türkəçarə vasitələrindən istifadə etməmişdən əvvəl müalicə həkimləri ilə məsləhətləşsinlər.

Tibb elmi gündən-günə inkişaf edir. Dünən çarəsiz görünən bir çox xəstəliklər bu gün adi naxoşluq kimi tam müalicə olunur. Bu baxımdan qadın xəstəlikləri də istisna deyil. Qadınlığından yetərincə bəhrələnmək, nəsil artırmaq istəyində olan xanımların diqqətinə çatdırım ki, son dövrlərdə Avropada miomaların qeyri-cərrahi metodlarla müalicəsi həyata keçrilir. Bunlardan biri miomanın embolizasiyasıdır (damarın qapanması). İmkanınız varsa, siz də tibbin bu nailiyyətindən yararlanın.

Məlumat üçün qeyd edim ki, embolizasiya metodu tətbiq olunarkən xəstənin qasıq nahiyəsindən angioqrafiyanın müşayiəti ilə katetrlə girilərək, uşaqlıqda miomanı qidalandıran qan damarının içərisinə müxtəlif maddələr vurulur, nəticədə damar qapanır, yəni embolizasiya olunur. Bu üsulla bağlanan damarla miomanın qıdalanması pozulduğundan düyünlərin ölçüləri tədricən kiçilir və mioma ilə əlaqədar olan ağrılar azalmağa başlayır. Həmin vaxt uşaqlığın başqa nahiyələrinin qidalanması pozulmadığı üçün onlar zərər görmürlər. Son illərdə bu metoddan açıq və laparoskopik əməliyyatlara nisbətən daha geniş istıfadə edilir. Metod əsasən gənc, menopauzaya girməmiş, uşaqlığını itirmək istəməyən qadınlara tətbiq edilir. Miomektomiyadan fərqli olaraq bu müalicə nəticəsində bütün düyünlər balacalaşır.

Onu da bilin ki, embolizasiya metodu əsasən hamilə olmayan, uşaqlığın iltihabi xəstəliyi, uşaqlıq və yumurtalıq xərçəngi müşahidə edilməyən, böyrək funksiyaları normal olan xəstələrə tətbiq edilir. Embolizasiya zamanı cərrahi əməliyyata bağlı yara izinin olmaması, ümumi narkozdan istifadə edilməməsi, xəstəxanada qalmağın vacib olmaması metodun əsas üstünlüklərindən hesab edilir.

Beləliklə, əziz xanımlar! Gözüaçıq olun. Mioma ilə bağlı yersiz əməliyyat edilməsinə, gənc yaşda zəruri göstəriş olmadan uşaqlıq və yumurtalıqların çıxarılmasına imkan verməyin.

Bütün xəbərlər Facebook səhifəmizdə